XƏBƏR LENTİ

Cümə axşamı, 28 Noyabr 2019 10:23

DÜNYA BU GÜN

ALBANIYADA BAŞ VERƏN ZƏLZƏLƏ NƏTICƏSINDƏ ÖLƏNLƏRIN SAYI ARTIB

Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. “Report” agentliyinin məlumatına görə, bu barədə yerli “Top Channel” telekanalı xəbər verib.

Güclü yeraltı təkanlar nəticəsində çoxlu sayda yaşayış evlərinin dağıldığı qeyd edilir. Məlumata əsasən, ölən və yaralananların sayının artacağı ehtimal edilir. Həmçinin çox sayda insanın dağıntılar altında qaldığı bildirilir.

Albaniyanın səhiyyə və sosial müdafiə naziri Oqerta Manasturlu bildirib ki, zəlzələdən sonra ölkənin Tirana, Durresa, Krui və Leji şəhərlərindəki xəstəxanalara tibbi yardımla bağlı 600-dən çox insan müraciət edib.

Eyni zamanda, bildirilir ki, ölənlərdən ikisinin meyiti Qolem rayonunda, biri yetkinlik yaşına çatmayan qız olmaqla üç nəfərin meyiti Durresdə dağıntılar altından çıxarılıb. Tuman şəhərində 2 nəfər ölüb, 1 nəfər isə özünü eyvandan ataraq hadisə yerində həyatını itirib.

Qeyd edək ki, Bosniya və Hersoqovinada da 5,4 bal gücündə zəlzələ baş verib.

Şimali Makedoniya, Monteneqro, Serbiya və Kosovo rəhbərliyi xilasedicilər və texnika ilə Albaniyaya yardım etməyə hazır olduqlarını bildiriblər.

 

 

“S-400” SISTEMLƏRI YENI BÖHRANA SƏBƏB OLDU

Türkiyə ilə “S-400”lərin yeni partiyasının tədarükünə dair müqavilənin 2020-ci ildə imzalanması planlaşdırılır. “Sputnik” informasiya agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rosoboroneksport”un icraçı direktoru Aleksandr Mixeyev bildirib.

“Ümid edirik ki, 2020-ci ilin birinci yarısında biz razılaşma sənədlərinin imzalanması prosesinə başlayacağıq. Lakin vurğulamaq istəyirəm ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq “S-400”lərin tədarükü ilə məhdudlaşmayacaq. Bizim qarşıda çox böyük planlarımız var”, - deyə Aleksandr Mixeyev vurğulayıb.

Qeyd edək ki, Türkiyə Rusiyadan alınan “S-400” zenit-raket komplekslərinin radarlarının testini noyabrın 26-da davam etdirib. Sınaqlarla bağlı “F-16” qırıcıları havaya qaldırılıb.

Bununla yanaşı, ABŞ Konqresi noyabrın 25-də başlayan sınaqlarla bağlı Türkiyənin artıq “qırmızı xətti” keçdiyini bəyan edib. Senatın üzvü Kristofer Van Hollen rəsmi Ankaraya qarşı sanksiyaların qəbul olunmasını tələb edib.

Kristofer Van Hollen öz “Twitter” səhifəsində yazıb: “Ağ Evə səfərindən iki həftə sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti “qırmızı xətti” keçərək amerikalı həmkarı Donald Trampa, həmçinin Amerika və NATO-ya etinasız yanaşıb. Müvafiq ABŞ qanunvericiliyi sanksiyaların qəbulunu tələb edir”.

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində “S-400” sistemi tam şəkildə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində “Patriot” komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni “F-35” tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd “S-400” divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası əks olunur.

 

 

MISIRDƏ YENI TAPILAN ARTEFAKTLAR ALIMLƏRI HEYRƏTLƏNDIRDI

Misir arxeoloji missiyası Qahirə yaxınlığındakı Sakkara kompleksində müqəddəs sayılan heyvan və quşların mumiyalarını, eləcə də Qədim Misirin müxtəlif tarixi dövrlərinə aid onlarca artefakt aşkarlayıb. “Sputnik” informasiya agentliyinin “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə ölkənin Qədim Abidələr üzrə naziri Xaled əl-Ənani bildirib.

“Bu, sadəcə yeni tapıntı deyil, bu, əsl muzeydir”, - deyə Xaled əl-Ənani Sakkaradakı mətbuat konfransında vurğulayıb.

Nazirin sözlərinə görə, sözsüz ki, şir balalarının mumiyalarına bənzəyən iki tapıntı daha çox maraq doğurur: “Biz ilkin araşdırma apardıq və böyük ehtimalla, bunların 6-8 aylarında olan şir balalarının mumiyası olduğunu deyə bilərik”.

Xaled əl-Ənani həmçinin qeyd edib ki, arxeoloqlar bir neçə pişiyin, manqustun, balaca timsahların, buzovların və qırğıların mumiyalarını aşkarlayıblar. “İndi bunların hansı fəaliyyətdə olan muzeyə aparılacağını nəzərdən keçiririk, lakin ola bilsin ki, ayrıca muzey yaratdıq”, - deyə nazir əlavə edib.

Sakkaradakı arxeoloji missiyanın başçısı Muhammad Yosef isə bildirib ki, aşkarlanan tapıntılar fironların təxminən 2700 il əvvəl hakimiyyətdə olmuş XXVI sülaləsinə aiddir: “Tapıntıların yaşı e.ə. yeddinci əsrə aiddir, yəni 2700 il yaşı var”.

Missiyanın başçısının sözlərinə görə, Sakkara qədim misirlilər üçün müqəddəs heyvanlara sitayiş olunan yer idi. Tədqiqatçılar burada heyvan mumiyaları ilə yanaşı, onlarca Qədim Misir tanrılarının heykəlciklərini, ayinlərdə istifadə olunan əşyaları tapıblar.

Read 46 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər497955

Currently are 96 guests and no members online