XƏBƏR LENTİ

Çərşənbə axşamı, 05 Noyabr 2019 08:55

DÜNYA BU GÜN

TRAMP BƏZI ÖLKƏRLƏ MÜNASIBƏTLƏRI DƏYƏRLƏNDIRIB
ABŞ lideri Donald Tramp bir sıra aparıcı ölkələrlə münasibətlərinin pis olması barədə xəbərləri təkzib edib. Bu barədə “Report” agentliyi Rusiya mətbuatına istinadən xəbər verib.
ABŞ prezidenti bildirib ki, onun Rusiya, Ukrayna və Çinlə çox yaxşı münasibətləri var.
“Mənim Ukrayna, Rusiya və Çinlə əla münasibətlərim var. İnsanlar anlamırlar ki, mən digər dövlətlərlə də yola gedə bilərəm”, - deyə Donald Tramp qeyd edib.
Birləşmiş Ştatların lideri həmçinin Ukraynaya dəstək haqqında sualı da savablandırıb. Ağ Ev rəhbəri qeyd edib ki, onun rəsmi Kiyevə dəstəyi çox yaxşıdır.
Bir müddət öncə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bəyan edib ki, Tramp “Rusiya ilə dil tapmaq” vədindən başqa, bütün digər seçkiqabağı vədlərinin hamısını yerinə yetirib. Səfir bu məsələ ilə Trampı köklü şəkildə məşğul olmağa çağırıb.
Xatırladaq ki, ötən həftə Amerika mediası Tramp administrasiyasının hazırkı və keçmiş əməkdaşlarına istinadən ABŞ prezidentinin Ukrayna rəhbərliyinə qarşı qərəzli münasibətinin olduğuna dair xəbər verib.
Qeyd olunur ki, Tramp Ukrayna hakimiyyətinin demokratlarla əməkdaşlıq etməsindən, eləcə də 2016-cı ilin seçkiqabağı kampaniyası zamanı ona zərər vurmaq niyyətinin olmasından şübhələnib.


LIVAN PAYTAXTINDA MINLƏRLƏ INSAN MEYDANLARA AXIŞIB
Livanda maliyyə böhranı və vergi siyasətinə qarşı oktyabrın 17-də etiraz aksiyalarına başlayan xalq yeni hökumət formalaşanadək nümayişlərin keçirilməsi üçün çağırış edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Hökumətin yeni vergi siyasətlərinə qarşı küçələrə axışan livanlılar 29 oktyabrda baş nazir Saad əl-Hərinin istefaya çıxmasından sonra paytaxt Beyrutdakı “Şəhidlər” meydanı ilə “Riyad Sülh” meydanını yenidən doldurublar.
Paytaxt və digər bölgələrdə “Birlik günü” adı ilə keçirilən etiraz aksiyalarında nümayişçilər “inqilab”, “məzhəb mərkəzli siyasətə son”, “uzun illərdir istismar edilən dövlət əmlakının geri qaytarılması” və “qanunsuz hərəkətləri olanlar cavab versin” şüarları səsləndirərək etirazlarını bildirdilər.
Nümayişçilər sosial şəbəkə və meydanlardan tələb etdikləri texnokratlardan təşkil olunan müstəqil, sayı azaldılmış yeni hökumət qurulmayanadək ümumi tətil başladılması üçün çağırışlar ediblər.
Qeyd edək ki, Livanda hökumət əleyhinə kütləvi aksiyalar oktyabrın 17-də başlayıb. Ölkə əhalisinin təxminən yarısı küçələrə çıxıb. Aksiyaların birinci və ikinci günü Beyrutun mərkəzində kütləvi iğtişaşlar, etirazçılarla polis əməkdaşları arasında toqquşmalar baş verib. Hakimiyyət orqanları dinc aksiyaçıların təhlükəsizliyini təmin etmək üçün hərbçiləri və daxili təhlükəsizlik qüvvələrini paytaxta toplayıblar.
Oktyabrın 29-da baş nazir Saad Həririnin istefasından sonra Beyrutun mərkəzində bir neçə gün sakitlik müşahidə olunub. Lakin ictimai fəallar bazar günü sosial şəbəkələr vasitəsilə vətəndaşları yenidən Beyrutda və ölkənin bütün böyük şəhərlərində küçələrə çıxmağa çağırıblar.


ABŞ SƏRNIŞINLƏRIN ETIBARINI QAZANMAQ ÜÇÜN “BOEING 737 MAX”I SINAQDAN KEÇIRƏCƏK
ABŞ-ın üç aviaşirkəti - “Southwest Airlines”, “United Airlines” və “American Airlines” Birləşmiş Ştatların Federal Aviasiya İdarəsinin rəsmi uçuşları ilə əlaqəli olmayaraq istismarı yenilənmiş “Boeing 737 MAX”ın nümayiş uçuşlarını təşkil etməyi planlaşdırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə avia istehsal sahəsində mənbələrə istinadən “The Wall Street Journal” nəşri məlumat yayıb.
Bu təşəbbüs sərnişinlərin və sifarişçilərin təyyarəyə etibarının artmasına yönəldilib. Qeyd edilir ki, onların yenilənmiş hava gəmisinin texniki xarakteristikalarının etibarlılığına əmin olmaq imkanı olacaq. Təyyarələrin nümayiş uçuşuna pilotlar, rəhbərliyin üzvləri, sifarişçilərin nümayəndələri və jurnalistlər dəvət ediləcək.
“United Airlines” və “American Airlines” sözügedən təyyarələri 2020-ci ilin yanvarına qədər hava daşımaları qrafiklərindən kənarlaşdırıb. “Southwest Airlines” isə gələn ilin fevralına qədər “Boeing 737 MAX”ı uçuşlardan məhrum edib.
Xatırladaq ki, bu ilin 10 mart tarixində Efiopiyada “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX” təyyarəsi qəzaya uğrayıb. Nəticədə 157 nəfər həlak olub. Ötən il İndoneziyada “Lion” şirkətinin analoji modeldən olan hava gəmisinin qəzası zamanı 189 nəfər həyatını itirib.


GÜRCÜSTANDA GEYIM VƏ ƏRZAQ MƏHSULLARI BAHALAŞIB
Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,8 faiz artıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Məlumata əsasən, Gürcüstanda illik inflyasiya isə 6,9 faiz təşkil edib.
Hesabat dövründə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,6, süd, pendir və yumurtanın qiyməti 2,7, ətin qiyməti 2,3, tərəvəzlərin qiyməti 1,7, yağların qiyməti 1,6, balığın qiyməti 1,4, meyvə və üzümün qiyməti isə 1 faiz bahalaşıb.
Eyni zamanda, geyim və ayaqqabı qrupunda qiymətlər 5,9 faiz artıb. Belə ki, geyimlər 3,9 faiz, ayaqqabılar isə 10,9 faiz bahalaşıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,5, alkoqollu içkilər və tütünün qiyməti 13,8, nəqliyyat xərcləri 3, istirahət xərcləri 7,3, restoran və mehmanxana xərcləri isə 6,9 faiz artıb.


“MCDONALD’S”IN PREZIDENTI VƏZIFƏSINI TƏRK EDIB
“McDonald’s” şirkətinin prezidenti Stiv İsterbruk tabeliyindəki işçilərdən biri ilə sevgi münasibətlərinə görə restoranlar şəbəkəsinin baş direktoru vəzifəsindən istefa verib. “Report” agentliyinin məlumatına görə, bu barədə “McDonald’s” şirkətinin saytında yerləşdirilmiş xəbərdə bildirilir.
Qeyd edilir ki, həmin vəzifədə onu Kris Kempjinski əvəz edib. “McDonald’s” korporasiyası bu gün elan edib ki, onun direktorlar şurası Kris Kempjinskini prezident və baş icraçı direktor təyin edib.
Məlumatda qeyd edilir ki, Stiv İsterburqun istefasına şirkətin əməkdaşı ilə bağlı korporativ əxlaqın pozulması səbəb olub.
“McDonald’s” restoranlar şəbəkələri Amerikanın dünyada ən iri korporasiyalarından biridir. Onun əsası 1940-cı ildə San-Bernardinoda (Kaliforniya ştatı) qoyulub. Hazırda şirkətin qərargahı Çikaqoda yerləşir. Şirkətin dünyanın 100-dən çox ölkəsində 38 mindən çox restoranı var.


TÜRKIYƏDƏ YAŞI 11 MIN ILDƏN ÇOX OLAN MƏBƏD TAPILIB
Türkiyənin cənub-şərqində yerləşən Mardin vilayətində aparılan arxeoloji qazıntılar zamanı yaşı 11 min ildən çox olan məbəd aşkarlanıb. “Sputnik” informasiya agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məbəd ərazidəki ən qədim yaşayış məskənlərindən birinin xarabalıqları arasında tapılıb.
Məlumdur ki, Cənub-Şərqi Anadoluda qədim dövrlərdə də yaşayış olub. Burada müxtəlif dövrlərdə şumerlər, babililər, hitlər, assuriyalılar, romalılar, səlcuqlar, osmanlı türkləri yaşayıblar.
Onlar müxtəlif inanclara sahib olub. Lakin hələlik yeni tapılan məbədin kim tərəfindən inşa edildiyi məlum deyil.
Verilən xəbərə görə, məbəd təxminən11300 il əvvəl tikilib. Bu da xristianlığın yaranmasından 9 min il əvvələ təsadüf edir.
Mütəxəssislər qazıntı zamanı dörd sütun aşkar ediblər. Bunlardan üçü əla vəziyyətdədir. Onların üzərində heç bir yazı və ya rəqəm olmayıb. Elm adamlarının bir aydan sonra məbədin təməlinə çata biləcəyi təxmin edilir.


AVSTRALIYADA NAMƏLUM CANLI AŞKARLANIB
Avstraliyada naməlum varlıq aşkar edilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilir ki, müəmmalı varlığı Bruni adasının sakini Raquel Vilyams adlı qadın aşkarlayıb. Qadın canlının fotosunu sosial şəbəkədə paylaşıb.
Məlumata görə, bu varlıq insan beyininə bənzəyir. Ada sakini bildirib ki, o, canlıya toxunanda əli uyuşub. Qadın əlavə edib ki, bu, onun belə növdən aşkarladığı ilk varlıq deyil.
“Bunun nə olduğunu kimsə mənə deyə bilər? Mən və anam onları çimərlikdə görürük”, - deyə o fotonu “Facebook”a paylaşaraq yazıb.
Tasmaniya muzeyinin Bədii Qalereyasının və Onurğasızların Zoologiyasının kuratoru, doktor Saymon Qrouva hesab edir ki, bu varlıq çox güman ki, xordalılar sinfindəndir. Onun sözlərinə görə, heyvan dünya okeanında məskən salıb. Bu növdən olan heyvanlar nəyəsə yapışaraq yaşayırlar.

Read 43 times