XƏBƏR LENTİ

Bazar, 03 Noyabr 2019 11:47

Malayziyanın Bernama agentliyi Əli Həsənovun Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü barədə məqaləsini yayıb

Malayziyanın Bernama milli xəbər agentliyi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Qoşulmama Hərəkatının bu günlərdə Bakıda keçirilmiş XVIII Zirvə Görüşünün əhəmiyyəti barədə məqaləsini yayıb. 

AZƏRTAC xəbər verir ki, məqalədə Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşünün mühüm siyasi hadisə olduğu, həm Azərbaycan, həm də region üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır. Yazıda Qoşulmama Hərəkatı haqqında ətraflı məlumat verilir, onun BMT-dən sonra dünyanın ən böyük beynəlxalq qurumu olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açacaq.

Qoşulmama Hərəkatının prinsiplərinin Azərbaycanın xarici siyasət prioritetləri ilə tam üst-üstə düşdüyü vurğulanan məqalədə Hərəkatın dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirdiyi, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış etdiyi diqqətə çatdırılır. Azərbaycanın Hərəkata üzv olduğu ilk gündən onun suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə dəstəkləndiyi bildirilir. Vurğulanır ki, qəbul olunmuş bütün sənədlərdə Hərəkat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb.

Bildirilir ki, Qoşulmama Hərəkatı ilə əlaqədar son illər əldə edilən müsbət nəticələrin əsasında Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2011-ci ildə ölkəmizin Hərəkata üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır. Bu qərar BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın quruma üç il müddətinə sədr seçilməsini dəstəkləməsi də, şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir.

 

 

AZƏRTAC

Read 45 times