XƏBƏR LENTİ

Bazar, 03 Noyabr 2019 11:43

DÜNYA BU GÜN

ƏRDOĞAN QƏTI ADDIMLAR ATMAQ NIYYƏTINDƏDIR
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) narazı üzvlərinin yeni qurulacaq partiyalara keçməməsi üçün bir sıra addımlar atmağa çalışır. “Sputnik” informasiya agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, AKP rəhbərliyi Türkiyənin sabiq xarici işlər naziri Əli Babacan və sabiq baş nazir Əhməd Davudoğlunun bu ilin sonunadək quracaqları partiyalara narazı üzvlərinin keçməməsi üçün müxtəlif yollar axtarır.
Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyanın böyük qurultayının 2020-ci ilin sonlarında keçiriləcəyini açıqlayıb. Ərdoğanın qurultaylarda təşkilat rəhbərliyinin təxminən yarısını dəyişdirəcəyi gözlənilir.
Bununla yanaşı, qurultayda AKP-nin bölgə təşkilatlarının keçmiş sədrlərinə vəzifə veriləcəyi bildirilir. Bu addım narazıların partiyadan çıxmasının qarşısının alınması məqsədi daşıyır.
Növbəti böyük qurultayda təxminən 400 keçmiş təşkilat sədrlərinin bəzilərinin 1450 nümayəndə arasında olacağı gözlənilir. Nümayəndə ola bilməyənlərə isə təşkilat rəhbərliyində vəzifə verilməsi gözlənilir.
Qeyd edək ki, AKP-dən ilk səs-küyə səbəb olan istefa iyulun 8-də baş verib. Belə ki, Türkiyənin sabiq baş nazirinin müavini və xarici işlər naziri olmuş Əli Babacan qurucusu olduğu partiya sıralarını 18 il sonra tərk etdiyini bəyan edib.
Sentyabrın 13-də Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyasından istefa verməsi isə Türkiyədə yeni bir partiyanın qurulacağına dair iddiaları daha da gücləndirib. Əhməd Davudoğlu isə iddiaları bu sözlərilə təsdiqləyib: “AKP-də hədəflərimizi gerçəkləşdirmək imkanımız qalmayıb, yeni bir siyasi hərəkat inşa edəcəyik”.


BƏŞƏR ƏSƏD: RAZILAŞMA MÜVƏQQƏTI XARAKTER DAŞIYIR
Rusiya bugünkü reallıqlar əsasında Suriyanın şimal-şərqindəki vəziyyətə dair Türkiyə ilə razılaşma əldə edib. “Sputnik” informasiya agentliyinin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd dövlət telekanallarına müsahibəsində bildirib.
“Rusiya Suriyanın suverenliyi və ərazi bütövlüyü mövqeyindən çıxış edir və bu siyasət dəyişməyib. Lakin Rusiyanın siyasəti həm də müasir reallıqlarla bağlıdır. Rusiya-Türkiyə razılaşması daimi yox, müvəqqətidir. Biz taktikanı yekun və strateji məqsədlərdən ayırmalıyıq”, - deyə Bəşər Əsəd vurğulayıb.
Suriya prezidenti qeyd edib ki, Rusiya Ankara və Vaşinqton arasında əldə olunan razılaşmanın bir hissəsi olmayıb. O deyib: “Rusiya razılaşmalarını həmişə açıqlayır və Rusiya siyasətində gizli heç nə yoxdur. Bu isə bizim üçün müsbət haldır”.
İdlibdəki silahlı döyüşçülər barədə danışan Bəşər Əsəd vurğulayıb ki, onların yalnız iki yolu qalır: “Birinci yol - silahı yerə qoymaq və barışdırma proqramı üzrə reabilitasiya prosesini keçmək. İkinci variant - müharibə. Nə onlarda, nə də bizdə digər seçim yoxdur. Bu yeganə iki variantdır”.


GÜRCÜSTANDA QUMAR OYUNLARI ƏLEYHINƏ AKSIYA KEÇIRILIB
Gürcüstan hökumətinin binası qarşısına etiraz aksiyası keçirmək üçün toplaşan onlarca insan ölkədə qumar oyunlarının reklamının qadağan olunmasını tələb edib. “Sputnik” informasiya agentliyi xəbər verir ki, aksiya iştirakçıları əllərində “Qumar oyunları öldürür”, “Hər bir kazino - Vətəndaş reyestridir” və “Uşaqlarınızı qoruyun” sözləri yazılmış plakatlar tutublar.
Aksiyanın təşəbbüskarı Gürcüstan Ali Ədliyyə Şurasının üzvü Anna Dolidze bununla bağlı petisiyaya başlayıb. Aksiya iştiakçılarının əsas tələbləri bunlar olub: 25 yaşınadək Gürcüstan vətəndaşlarının qumar müəssisələrinə buraxılışını qadağan etmək; qumar asılılığından əziyyət çəkən insanların müalicəsini maliyyələşdirmək; qumar oyunlarının reklamlarını qadağan etmək; internet vasitəsilə qumar məsələsini tənzimləmək; bütün kazinoları xüsusi turizm bölgələrinə köçürmək və 1 noyabr tarixini qumar oyunları ilə mübarizə günü elan etmək.
Gürcüstanda qumar oyunları mövzusu “Birinci” kanalın operatoru Sandro Beradzenin ölümündən sonra aktuallaşıb. Atasının sözlərinə görə, gənc oğlan qumar oyunlarına aludə olmuşdu və buna görə çoxlu borcu vardı. Sandro Beradzenin beş günlük axtarışdan sonra oktyabrın 29-da Tsxvariçamiya kəndi yaxınlığında ölüsü tapılıb. Bundan bir qədər sonra “Birinci” kanal gələn ildən etibarən qumar oyunlarını reklam etməyəcəyini elan edib.
Məlumata görə, qumar oyunları Gürcüstanda aparıcı sənaye sahələrindən biri sayılır. Bu sektordan gələn gəlirlər hətta banklardan gələn gəlirləri üstələyib.
“Analar qumar oyunlarına qarşı” QHT-nin rəhbəri Tamara Caparidzenin sözlərinə görə, Gürcüstanda 700 min qumar asılılığı olan şəxs var. Ölkənin hər beş sakinindən biri oyun alüdəçisidir.
Rəsmi statistika olmasa da, QHT-nin araşdırmalarının nəticələrinə inansaq, ölkənin 14 yaşlı sakinlərinin 28, 16 yaşlı sakinlərinin 58, 17 yaşlı sakinlərinin isə 90 faizi qumar oynayır.
Bu yaşda olan gənclərin kazinolara və qumar maşınlarının olduğu salonlara baş çəkmələrinin qadağan edildiyini nəzərə alsaq, onda belə çıxır ki, onların hamısı onlayn-kazino istifadəçiləridir.


MAYK POMPEO İRAQLA BAĞLI AÇIQLAMA VERIB
ABŞ-ın dövlət katibi Mayk Pompeo İraq hökumətinin ölkə daxilindəki problemlərin həll edilməsi üçün göstərdiyi səyləri alqışladıqlarını bəyan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Verilən xəbərə görə, Mayk Pompeo İraq hökumətinin ölkədə davam edən etiraz aksiyalarının dayandırılması üçün atdığı addımlarla əlaqədar yazılı açıqlama verib.
“İraq hökuməti küçələrə axışan xalqın qanuni tələblərini yerinə yetirməlidir’’, - deyə ABŞ-ın dövlət katibi vurğulayıb.
İraqdakı vəziyyəti yaxından izlədiklərini bildirən Mayk Pompeo deyib: “Prezident Bərham Salehin elan etdiyi səylər çərçivəsində mətbuat və söz azadlığına qoyulan ciddi məhdudiyyətlər aradan qaldırılmalıdır. Amerika Birləşmiş Ştatları İraq xalqını, qurumlarını, təhlükəsizlik, sabitlik və suverenliyini dəstəkləməyə davam edəcək”.
Oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc aksiyalar sonradan iğtişaşlara çevrilib, ölkənin bir sıra rayonlarında komendant saatı rejimi tətbiq edilib.
Qarşıdurmalar nəticəsində ölənlərin sayı 250 nəfəri ötüb, 11 mindən çox insan isə yaralanıb.


TÜRKIYƏYƏ QARŞI YENI “BEŞLƏR” ITTIFAQI QURULDU
Türkiyənin Aralıq dənizindəki fəaliyyətlərinə qarşı bir çox sanksiya tətbiq edən Qərb dövlətləri yeni bir ittifaq yaradıblar. “Sputnik” informasiya agentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İsrailin ev sahibliyi ilə reallaşacaq “Mavi bayraq” təlimləri Türkiyənin bölgədəki fəaliyyətlərinə mane olmaq xüsusiyyəti də daşıyır.
Verilən xəbərə görə, ABŞ, İtaliya, Almaniya və Yunanıstan İsrailin ev sahibliyi edəcəyi təlimlərdə iştirak edəcək. 6 ölkənin birgə təlimləri bazar günü başlayacaq və 5 gün davam edəcək.
Aralıq dənizində Türkiyəyə qarşı yaradılan bir sıra ittifaqlara əlavə edilən “Mavi bayraq” ittifaqı bölgədə İsrailin söz haqqını artırma məqsədi daşıyır.
Eyni zamanda, bildirilir ki, sözügedən təlimlərdə “F-35” qırıcıları və təxminən 1000 İsrail əsgəri iştirak edəcək. İsrail Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, qabaqcıl texnologiya ilə müxtəlif təhdidlərə qarşı uçuşlar sınaqdan keçiriləcək.
İki ildən bir keçirilən “Mavi bayraq” təlimləri ilk dəfə 2017-ci ildə keçirilib. 2017-ci ildə təlimlərə qatılan Hindistan və Polşa 2019-cu ildəki təlimlərdə iştirak etməyəcək.
Qeyd edək ki, enerji ehtiyatları ilə zəngin olan və strateji baxımından mühüm yerdə yerləşən Aralıq dənizində söz sahibi olmaq üçün bölgə ölkələri yarışa giriblər.

Read 42 times