XƏBƏR LENTİ

Çərşənbə axşamı, 10 Yanvar 2017 05:43

DÜNYA BU GÜN

TÜRKIYƏNIN TALEYINI DƏYIŞDIRƏCƏK TARIXI SƏSVERMƏ

Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılıb. “APA”nın məlumatına görə, müzakirələr təxminən 15 gün davam edəcək.

Xəbər verilir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) məqsədi müzakirələri yanvarın 23-dək bitirməkdir. Bu vaxt ərzində hər maddə tək-tək müzakirə olunaraq səsə qoyulacaq. Səsvermə gizli keçiriləcək.

Qanun layihəsi parlamentə dəyişikliklərin təşəbbüskarı olan hakim Ədalət və İnkişaf Partiyası fraksiyası tərəfindən təqdim edilib. Konstitusiyaya əsas dəyişikliklər Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçməsi və baş nazir postunun ləğvi ilə əlaqədardır.

Layihədə həmçinin prezidentə partiya üzvlüyündə qalmaq, qanunverici və icra səlahiyyətlərini genişləndirmək, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüquqları vermək nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, namizədlər üçün minimal yaş həddi 18 yaşa endiriləcək. Həmçinin layihə parlament tərəfindən qəbul edildiyi təqdirdə referenduma çıxarılacaq. Dəyişikliklər paketinin dəstəklənəcəyi halda referendumun 2017-ci ilin yazında keçirilməsi mümkün olacaq.  

Hazırda AKP-ni parlamentdə 316 millət vəkili təmsil edir. Referenduma gedilməsi üçün isə əlavə 14 səsə ehtiyac var. Qanun layihəsinə dəstək verən Milliyyətçi Hərəkat Partiyasının (MHP) məclisdə vəkil sayı 39-dur. Ancaq MHP-dən bir neçə millət vəkili qanun layihəsinin əksinə səs verəcəyini bildirib.

Eyni zamanda, bildirilir ki, ilk səsvermədə 330-dan az səslə dəstəklənən maddələr qüvvədən düşmüş hesab edilməyəcək. Buna səbəb ikinci turun keçirilməsidir. İlk və ikinci tur arasında 48 saatlıq müddət olacaq. Məclisdən müsbət cavab çıxdığı halda, sənəd təsdiqlənmək üçün prezidentə göndəriləcək. Dövlət başçısı isə layihəni 15 gün müddətində referenduma göndərə bilər.

Bununla yanaşı, referendum tarixinin isə aprelin 2-si və 23-ü arasında baş tuta biləcəyi qeyd edilir. Referendumda vətəndaşların ən azı 51 faizi dəyişikliklərin əleyhinə səs verərsə, Konstitusiya dəyişməyəcək.

 

BƏŞƏR ƏSƏD ASTANA GÖRÜŞÜNƏ HAZIR OLDUĞUNU BILDIRIB

Suriya prezidenti Bəşər Əsəd yanvarın 23-də Astanada Suriya böhranının həlli ilə bağlı sülh danışıqlarında bütün mövzuları müzakirə etməyə hazır olduğunu bəyan edib. “APA”nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dəməşqdə fransalı jurnalistlərə müsahibə verən Bəşər Əsəd bildirib ki, qarşıdurmanın başa çatdırılması, yaxud Suriyanın gələcəyindən söhbət gedirsə, hər mövzu müzakirə edilə bilər.

Eyni zamanda, xəbər verilir ki, Bəşər Əsəd prezident postunu tərk etməsi ilə bağlı məsələnin müzakirəsinin də mümkün olduğunu, ancaq prezidentin hansı yollarla dəyişməsinin mezanizminin Suriya Konstitusiyasında əksini tapdığını vurğulayıb.

Qeyd edək ki, Rusiya və Türkiyənin zaminliyi ilə imzalanan atəşkəsdən sonra Astanada keçiriləcək sülh danışıqları bu istiqamətdə ikinci addım sayılır.

Xatırladaq ki, Suriyada atəşkəs rejimi dekabrın 30-da qüvvəyə minib, bəzi pozuntu halları olsa da, silahlar hazırda əsasən susub.

İndiyə qədər ən böyük döyüşlər Dəməşqin su mənbəyi olan Barada vadisində baş verib. Bəşər Əsəd son müsahibəsində müxaliflərin paytaxtın ən önəmli su qaynağını işğal etdiyini bildirib və ordunun həmin vadini geri alacağını vurğulayıb.

 

HILLARI KLINTON SEÇKILƏRDƏ IŞTIRAK ETMƏYƏCƏK

ABŞ prezidentliyinə namizəd Hilları Klinton bir daha seçkilərdə iştirak etməyəcək. “APA”nın xəbərinə görə, bunu sabiq dövlət katibinin nümayəndəsi Nira Tanden “CNN” telekanalına açıqlamasında bildirib.

“Düşünürəm ki o, insanlara, uşaqlara və sadə ailələrə yardım göstərməyə üstünlük verəcək. Hillari Klinton ömrü boyu məhz bununla məşğul olub. Güman etmirəm ki, o bundan sonra hər hansı seçkilərdə iştirak etsin”, - deyə Nira Tanden qeyd edib.

Bundan əvvəl “New York Daily News” qəzeti Hilları Klintonun Nyu-Yorkun meri postuna namizədliyini irəli sürəcəyi barədə məlumat yayıb.

Eyni zamanda, məlumatlı mənbəyə istinad edən qəzetin yazdığına görə, şəxsi söhbət zamanı sabiq dövlət katibi Nyu-Yorkun meri postu uğrunda mübarizəyə qoşulacağını istisna etməyib.

Məlumat üçün qeyd edək ki, Nyu-York merinin seçkiləri noyabrın 7-də baş tutacaq.

 

VENESUELA IQTISADI BÖHRANDAN ÇIXIŞ YOLLARI AXTARIR

Venesuela hökuməti sürətlə artan inflyasiya ilə mübarizə etmək üçün minimum əmək haqqını və pensiyaları 50 faiz artıracağını bəyan edib. Bu barədə “BBC” agentliyi məlumat yayıb.

Xəbər verilir ki, Venesuela prezidenti Nikolas Maduro bu layihənin iş yerlərini və insanların gəlirlərini qoruyacağı qənaətindədir. Tənqidçilər isə bu artımların vəziyyəti daha da pisləşdirə biləcəyini qeyd edirlər.

Eyni zamanda, müxalifət nümayəndələri N.Maduronu neftlə zəngin ölkənin iqtisadiyyatını pis idarə etməkdə günahlandırırlar. Lakin o, siyasi rəqiblərinin və bəzi biznesmenlərin ona qarşı yönəltdiyi iqtisadi müharibə ilə üzləşdiyini vurğulayır.

Beynəlxalq Valyuta Fondu bu il Venesuelada inflyasiyanın 1600 faiz təşkil edəcəyini bəyan edib.

“BBC” agentliyinin məlumatına görə, Nikolas Maduro minimum aylıq əmək haqqını 40 min bolivara qaldırdığını bəyan edib. 40 min bolivarın dəyəri isə rəsmi məzənnə ilə təxminən 60 ABŞ dolları, “qara bazar”da isə 12 dollardır.

Dünyanın ən yüksək inflyasiya dərəcəsinə malik olan Venesuelada bolivarın dəyəri kəskin şəkildə düşüb. Belə ki, ölkənin əsas ixrac malı olan neftin aşağı qiyməti buna böyük təsir göstərib. Venesuela həmçinin qida, dərman və əsas malların çatışmazlığı ilə üzləşib.

 

ANKARA D.TRAMPI F.GÜLƏNI TÜRKIYƏYƏ VERMƏYƏ ÇAĞIRIB

Türkiyə rəhbərliyi yeni seçilmiş ABŞ prezidenti Donald Tramp administrasiyasının  Fəthullah Güləni rəsmi Ankaraya təhvil verəcəyinə ümid edir. “BBC” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Mən Tramp administrasiyasının əvvəlki prezident administrasiyasının səhvlərini təkrarlayacağını düşünmürəm. Biz ABŞ-ın Fəthullah Güləni Türkiyəyə təslim edəcəyini gözləyirik”, - deyə M.Çavuşoğlu bildirib.

Türkiyənin xarici işlər naziri həmçinin əlavə edib ki, rəsmi Ankara Vaşinqtondan Suriyada fəaliyyət göstərən Kürdlərin Xalq Özünümüdafiə Dəstəsini (YPG) dəstəkləməyəcəyini gözləyir. Türkiyə hökuməti bu dəstəni terroçu təşkilat hesab edir.

M.Çavuşoğlu həmçinin bildirib ki, Rusiya Türkiyənin əsas iqtisadi müttəfiqi olaraq qalır. Bununla yanaşı nazir rəsmi Ankaranın Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünü tanımaqdan imtina etmək niyyətində olmadığını da qeyd edib.

Türkiyə rəhbərliyi Fətullah Güləni ölkədə sabitliyi pozmağa cəhddə ittiham edir. F.Gülən xüsusilə ötən ilin iyun ayında ölkədə baş verən dövlət çevrilişinə cəhdə təşkilatçılıq etməkdə günahlandırılır. Türkiyə dəfələrlə ABŞ-dan F.Gülənin onlara təhvil verilməsini tələb edib.

 

YUNAN-TÜRK ICMALARI ARASINDA DANIŞIQLAR BƏRPA OLUNUR

Kiprin yunan və türk icmaları liderləri Nikos Anastasiadis və Mustafa Akıncı Cenevrədə ərazi məsələlərinə dair danışıqları bərpa edirlər. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, iki gün davam edəcək danışıqlarda BMT-nin xüsusi elçisi Espen Bart Eydenin də iştirakı gözlənilir.

Bununla yanaşı, xəbər verilir ki, yanvarın 12-də isə Yunanıstan, Türkiyə, Böyük Britaniya və Avropa Birliyi rəsmilərinin iştirakı ilə beynəlxalq konfransın keçiriləcəyi planlaşdırılır.

Avropa Birliyinin nümayəndə heyətinə Avropa Komissiyasının sədri Jan-Klod Yunker başçılıq edəcək.

Məlumat üçün qeyd edək ki, Kiprin birləşməsinə dair danışıqlar iki illik fasilədən sonra 2014-cü ilin fevralında bərpa edilib.

Xatırladaq ki, 2016-ci ilin noyabrında İsveçərədə keçirilən danışıqlar Nikos Anastasiadisin xahişi ilə dayandırılmışdı.

 

 

 

Read 26 times