XƏBƏR LENTİ

Bazar, 08 Yanvar 2017 08:15

DÜNYA BU GÜN

ABŞ KƏŞFIYYATI: PUTIN TRAMPA KÖMƏK ETMƏYƏ ÇALIŞIB

ABŞ kəşfiyyatının bugünlərdə dərc edilmiş hesabatına görə, Rusiya prezidenti Vladimir Putin Donald Trampın prezident seçkilərində qalib gəlməsi üçün “səy göstərməyə” çalışıb. Bu barədə “BBC” agentliyi məlumat yayıb.

Məxfiliyi açılmış hesabatda bildirilir ki, Rusiya lideri seçkilərə müdaxilə etmək məqsədilə aparılan kampaniyaya “göstəriş” verib.

Donald Tramp kəşfiyyatın hesabatı ilə tanış edildikdən sonra, Rusiyanı müdaxiləyə görə tənqid etməyib, lakin bildirib ki, müdaxilə seçkilərin nəticəsinə təsir göstərməyib.

Eyni zamanda, D.Tramp Demokratlar Partiyasının Milli Komitəsini haker müdaxiləsinə “imkan verdiyinə” görə səhlənkaralıqda günahlandırıb.

Bu hesabatın ardınca ABŞ-ın Daxili Təhlükəszilik Nazirliyi bidlirib ki, bundan sonra seçki mexanizmləri və başqa seçki məlumat bankları “mühüm infrastruktur” kimi təsnif ediləcək və bu avadanlıqlar kiberhücumlardan daha etibarlı qorunacaq.

Məlumata görə, 25 səhifəlik hesabatda bildirilir ki, Kreml “aşkar şəkildə” Donald Trampın qələbəsinə səy göstərib. “Bizim təhlilimizə görə, Rusiya prezidenti Vladimri Putin 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə təsir göstərmək məqsədilə kampaniyanın aparılmasına göstəriş verib” - deyə hesabatda bildirilir.

Bununla yanaşı, xəbər verilir ki, sənədin məxfiliyi açılmış versiyasında Vladimir Putinin iddia edilən rolu barədə təfərrüatlı dəlillər yoxdur. Hesabatda qeyd olunduğuna əsasən Vladimir Putin Donald Trampı ona görə “dəstəkləyir” ki, o Rusiya lideri ilə əməkdaşlıq edəcəyini vəd edib.

Rəsmi Moskva ABŞ kəşfiyyatının son hesabatına hələlik reaksiya verməsə də,  əvvəllər bu iddiaları qəti şəkildə rədd edib.

 

SƏUDIYYƏ ƏRƏBISTANI VƏ BƏƏ NEFT SATIŞINI MƏHDUDLAŞDIRIR

OPEK üzvlərinin neft hasilatını azaltmağa dair razılaşmaya əməl etməsi dünya birjalarında neftin yüksək dəyər qazanmasını təmin edir. Həftənin son hərraclarında “Brent” markalı neftin bir barreli 56,83 dollardan satılıb, gün ərzində ən yüksək qiymət isə 57,44 dollar olub.

Xəbər verilir ki, Qərbi Texas nefti də dəyərini qorumaqda davam edib. Son seansda 53,71 dollardan təklif olunan “WTI” neftinin sutkalıq maksimum qiyməti 54,27 dollara qədər yüksəlib.

Həmçinin bildirilir ki, neftin həftə ərzində dəyərini qorumasının bir neçə səbəbi var. Səudiyyə Ərəbistanı artıq gündəlik hasilatı 486 min barrel azaldaraq 10,058 milyon barrelə salıb.

Bununla yanaşı, “Saudi Aramco” şirkəti müştərilərlə fevralda neft satışını 3-7 faiz azaltmağa dair danışıqlara başlayıb. Birləşmiş Ərəb Əmirliklərinin də bazara neft nəqlini azaltdığına dair xəbərlər var.

Eyni zamanda, bütün OPEK üzvlərinin razılaşmaya əməl edəcəyinə şübhələr hələ də qalmaqdadır. Xüsusilə İraqın razılaşmaya əməl edəcəyinə inam azdır.

Məlumata əsasən, həftə ərzində neftin bahalaşmasına təsir göstərən yeganə amil OPEK üzvlərinin hasilatı azaltması deyil. ABŞ dollarının altı əsas valyutaya nisbətən dəyər itirməsi, ABŞ-da Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmasının zəruriliyinə şübhələr yaranması da neftin yüksək qiymətini dəstəkləyir. Digər tərəfdən, ABŞ-ın xam neft ehtiyatlarının azalması da qiymətlərə müsbət təsir göstərib.

 

FES: DOLLARIN MÖHKƏMLƏNMƏSI ABŞ ÜÇÜN TƏHLÜKƏDIR

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) rəhbərliyi baza uçot dərəcəsinin tədricən artırılmasını proqnozlaşdırır, lakin hesab edir ki, inflyasiyanın sürətlənməsi pul-kredit siyasətinin sərtləşdirilməsi tempini də sürətləndirə bilər. “APA”nın məlumatına görə, bu barədə FES-in 13-14 dekabr tarixlərində baş tutan iclasının protokolunda bildirilir.

Protokola əsasən, yuxarıda qeyd edilən fikirlə FES-in az qala bütün rəhbər şəxsləri razıdır. ÜDM-in və istehlak qiymətlərinin artmasının əsas səbəbi kimi infrastruktur layihələrinə investisiyaların artırılması və vergi yükünün azaldılması ilə bağlı planların olmasıdır. Qeyd edək ki, bu təklif ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən səsləndirilib və Ağ Evin gələcək rəhbəri təklifin reallaşdırılmasında israrlıdır. D.Trampın inauqurasiyası yanvarın 20-də olduğu üçün hələlik təklifin detalları açıqlanmır.

Protokolun mətninə əsasən, FES-in son iclasının iştirakçılarının bir çoxu işsizliyin səviyyəsi ilə bağlı proqnozlarında tərəddüd edir. İştirakçıların çoxu hesab edir ki, “işsizliyin səviyyəsi azalmaqda davam edəcək”, lakin bu azalma uzunmüddətli perspektiv üçün normadan cüzi aşağı olacaq.

Qeyd edək ki, noyabr ayında ABŞ-da işsizliyin səviyyəsi gözlənilmədən 4,6 faizədək enib. Bu isə 2007-ci ilin may ayından etibarən ən aşağı göstəricidir.

FES-in rəhbər şəxsləri son iclasda qeyd ediblər ki, möhkəmlənən dollar ABŞ iqtisadiyyatının əsas təhlükələrindən biridir. D.Tramp prezident seçilən gündən FES-in dekabr iclasınadək dolların indeksi 5,2 faiz, sonradan isə 1,1 faiz möhkəmlənib. Dolların bahalaşması ABŞ-da istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinə mənfi təsir edir. Bununla yanaşı, idxalın ucuzlaşması inflyasiyaya təzyiq göstərir.

Noyabrda ABŞ-da baza inflyasiya 1,6 faiz olub. FES-in proqnozuna əsasən, bu göstərici 2017-ci ildə 2 faizədək artacaq.

Xatırladaq ki, dekabr iclasında FES baza uçot dərəcəsini 0,25 faiz artıraraq 0,75 faizə çatdırıb. İclasdan sonra FES-in açıqladığı bəyanatda deyilir ki, 2017-ci ildə uçot dərəcəsi üç dəfə artırıla bilər.

Məlumat üçün qeyd edək ki, FES-in növbəti iclası 31 yanvar-1 fevral tarixlərində baş tutacaq. Bu iclasda uçot dərəcəsinin artırılması ehtimalı 12 faizdir.

 

SƏRNIŞIN DAŞIYAN DRONLAR 2020-CI İLDƏN ISTIFADƏYƏ VERILƏ BILƏR

İlk uçuşunu aşağı yüksəklikdə noyabr ayında həyata keçirən sərnişin dronu 2020-ci ildən xidmət göstərə bilər. Bu barədə “BBC” agentliyi cihazı hazırlayan İsrailin “Urban Aeronautics” şirkətinə istinadən məlumat yayıb.

Xəbər verilir ki, 500 kiloqram ağırlıqda yükü saatda 185 kilometr sürətlə daşıya bilən və dəyəri 14 milyon ABŞ dolları olan “Comorant” dronunun xilasetmə və hərbi xidmətlərdə istfiadə edilməsi nəzərdə tutulub.

Eyni zamanda, “Urban Aeronautics” şirkəti dronun pərlərinin qapalı olması səbəbindən cihazı vertolyotdan daha təhlükəsiz hesab edir. Şaquli qalxıb və enməkdən başqa, bu dron həmçinin binaların arasından və elektrik xəttlərin altından uça bilir.

Dronlar üzrə ekspert Ravi Vaidyanatan İsrail dronunun ilk uçuşunun aşağı yüksəklikdə naviqasiya üçün “dönüş nöqtəsi” ola biləcəyini və aparatın humanitar xilasetmə və hərbi xidmətdə istifadə edilə biləcəyinə ümidvardır.

 

YARALI ƏSGƏRLƏR ÜÇÜN “AĞILLI SAAT” TEXNOLOĞIYASI

İsrail ordusu cəbhədə yaralanan əsgərlər üçün “ağıllı saat” texnologiyasından istifadə edəcək. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Xəbər verilir ki, İsrail ordusunun sözçüsü Ovijaa Adraei İsrail Müdafiə Qüvvələrinin cəbhə xəttində və döyüşlərdə yaralanan əsgərlərinin sağlamlıq vəziyyətləri haqqında məlumat ötürəcək “ağıllı saat” texnologiyasının inkişaf etdirməsi işlərinin aparıldığını bildirib.

“Ağıllı saat” sensorlar vasitəsilə yaralı əsgərin qızdırmasını, nəbzini və qandakı oksigen səviyyəsini ölçmə və sağlamlıq mərkəzlərinə köçürmə kimi funksiyalara sahib olacaq.

Məlumata görə, İsrail ordusu bu texnologiyayla döyüş sahələrindəki yaralı əsgərlərə daha sürətli və uyğun müalicə xidməti çatdırmağı planlaşdırır.

İsrail mətbuatındakı xəbərlərə görə, ağıllı saat texnologiyasının orduda istifadəsinə üç il ərzində başlanacaq.

 

 

 

Read 22 times