XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:28

DÜNYA BU GÜN

V.PUTIN SURIYADA ATƏŞKƏSIN ƏLDƏ EDILDIYINI BƏYAN EDIB

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Suriya hökuməti və qiyamçılar atəşkəs rejimi, eləcə də sülh danışıqlarının başlanması barədə razılığa gəliblər. Bu barədə “BBC” agentliyi məlumat yayıb.
Xəbər verilir ki, Vladimir Putin razılığın əldə edildiyini Rusiyanın xarici işlər və müdafiə nazirləri ilə görüşü zamanı açıqlayıb.
Məlumata görə, 30 dekabr gecə saatlarından etibarən Suriya ərazisində atəşkəs rejimi qüvvəyə minib.
Eyni zamanda, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Türkiyə və Rusiyanın atəşkəs planına əsasən razılığın zəmanətçiləri olduqlarını açıqlayıb.
Agentlik qeyd edir ki, hər iki ölkə 5 ildən artıq davam edən Suriya münaqişəsində əks tərəfləri dəstəkləyir.
Əvvəl “Ən-Nüsrə Cəbhəsi” kimi tanınan “Fəth əl-Şam Cəbhəsi” və özünü “İslam Dövləti” adlandıran terror qruplaşması əldə edilən atəşkəs razılaşmasına daxil deyil.
Bununla yanaşı, xəbərlərə görə, Dəməşq şəhəri yaxlınlığında qiyamçı qüvvələrin nəzarəti altında olan Şərqi Qutada da atəşkəs rejimi tətbiq olunacaq. Bu ərazinin razılaşmaya daxil olub-olmayacağı son anlaradək naməlum qalırdı.
Qeyd edək ki, dekabrın əvvəlində Moskva və Ankara Hələbə dair atəşkəs razılığı əldə ediblər. Nəticədə on minlərlə qiyamçı və dinc əhali hökumət qüvvələrinin mühasirəsi altında qalmış anklavlardan təxliyə edilib.
Xatırladaq ki, il ərzində BMT və ABŞ-ın Rusiya ilə əldə etdikləri Suriyada atəşkəs barədə razılaşmaları qısa müddət ərzində pozulub.

 

BENYAMIN NETANYAHU CON KERRININ TƏNQIDINƏ SƏRT CAVAB VERIB
İsrail münaqişənin həllini fələstinlilərlə birbaşa danışıqlarda görür və xarici liderlərin mühazirələrinə ehtiyac duymur. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Con Kerrinin tənqidinə cavab olaraq bəyan edib.
“İsraillilərin xarici ölkə liderlərinin sülhün əhəmiyyəti barədə mühazirələrinə ehtiyacı yoxdur. İsrail ilk gündən qonşularına sülh təklif edərək əlini uzadıb. Minlərlə İsrail ailəsi sülh naminə qurbanlar verib, o cümlədən mənim ailəm”, - deyə B. Netanyahu bildirib.
İsrailin baş nazirinin sözlərinə görə, heç kəs İsrail xalqı kimi sülhü istəmir. O deyib: “Biz münaqişənin birbaşa danışıqlar yolu ilə həllinə sadiq olaraq qalırıq—Misir və İordaniya ilə olduğu kimi. Bu siyasət daim həm İsrail, həm də ABŞ tərəfindən aparılıb”.
Bir müddət öncə ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Qüds həm İsrail, həm də Fələstinin paytaxtı olmalıdır. O, həmçinin İsraili öz təhlükəsizliyini təmin etmək naminə Fələstin ərazilərinin işğalına son qoymağa çağırıb.
Qeyd edək ki, ötən gün Benyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ administrasiyasını ittiham edib. Qətnamədə İsraildən Fələstin torpaqlarında məskunlaşmaya son qoyması tələb edilir.
BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə şuranın 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu dörd ölkədəki səfirlərini geri çağırıb.

 

ABŞ: PKK SINCARDAN ÇIXMALIDIR
PKK-nın İraqın Sincar bölgəsində mövcudluğu sülh və məcburi köçkünlərin geri qayıtması üçün əsas maneədir. “APA”nın “Anadolu” agentliyinə istinadən yaydığı məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner bəyan edib.
“Hesab edirik ki, ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan PKK Sincarda heç bir rol oynamamalıdır”, - deyə Mark Toner qeyd edib.
ABŞ rəsmisinin açıqlaması İraqın şimalındakı kürd muxtariyyətinin hökumət başçısı Nəçirvan Bərzaninin “PKK Sincarı tərk etmədiyi halda, onları oradan güc tətbiq etməklə çıxaracağıq” bəyanatından sonra verilib.
Qeyd edək ki, ötən il ABŞ-nın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə yerli qüvvələr və kürd silahlıları İŞİD qruplaşmasını bu bölgədən sıxışdırıb çıxarmışdı. PKK isə Nineva vilayətinin şimal-şərgində yerləşən Sincarda öz mövqelərini gücləndirmək istəyir.
Türkiyə PKK-nın Sincarda mövcudluğundan dəfələrlə öz narahatlığını bildirib və bunun qarşısını alacağını qəti şəkildə bəyan edib.

 

DEVID KEMERON NATO-NUN BAŞ KATIBI OLA BILƏR
Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron NATO-nun baş katibi vəzifəsinə ən real namizədlərdən biri hesab edilir. “APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, baş nazir Tereza Mey bu vəzifəyə onun namizədliyini irəli sürərsə, Devid Kemeronun uğur qazanacağı gözlənilir.
NATO-dakı mənbələrin qənaətinə əsasən Böyük Britaniya hərbi-siyasi blokda ABŞ-dan sonra ikinci əhəmiyyətli ölkədir. Mənbələr NATO baş katibi postuna məhz britaniyalının təyin edilməsinin bu ölkə üçün çox əhəmiyyətli olduğu qeyd edirlər. Bununla britaniyalılar “Brexit”dən sonra Avropanın təhlükəsizliyində daha vacib rol oynamaq istədiklərini göstərəcəklər.
Məlumat üçün qeyd edək ki, hazırda NATO-nun baş katibi norveçli Yens Stoltenberqdir. Onun səlahiyyətləri 2019-cu ildə bitəcək. Böyük Britaniya nümayəndələri daha öncə NATO-nun baş katibi vəzifəsini üç dəfə tutublar: 1952-57-ci illərdə Qastinqs İsmey, 1984-88-ci illərdə Piter Kerinqton, 1999-2003-cü illərdə isə Corc Robertson NATO-nun baş katibi olub.

 

KAÇINSKI: PARLAMENTDƏ BAŞ VERƏNLƏR DÖVLƏT ÇEVRILIŞINƏ CƏHDDIR
Polşanın hakim “Qanun və ədalət” partiyasının sədri Yaroslav Kaçinski dekabrın 16-da ölkə parlamentində baş verən hadisələri dövlət çevrilişinə cəhd adlandırıb. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Y.Kaçinski bildirib ki, müxalifətin əsas məqsədi yeni büdcənin qəbulunu əngəlləmək olub.
“Əvvəllər də hakimiyyəti güc yolu ilə ələ keçirmək barədə siqnallar gəlirdi. Müxalifətin əsas məqsədi hakim partiyaya yeni büdcəni qəbul etməyə yol verməməkdir. Lakin biz bu tələyə düşmədik və büdcəni qəbul etdik”, - deyə Kaçinski bildirib.
Bununla yanaşı, Yaroslav Kaçinskinin qənaətinə görə, jurnalistlərin parlament binasına daxil olmalarına dair məhdudiyyətlər barədə məlumatlar vəziyyəti gərginləşdirmək üçün bir bəhanə və “planlaşdırılmış avantüra” olub.
Qeyd edək ki, dekabrın 16-da Polşa Seymində müxalifət nümayəndələri palatanın işini əngəlləyiblər. Nəticədə 2017-ci ilin dövlət büdcəsi üzrə müzakirələr və səsvermə binanın digər zalında keçirilib. Müxalifət dərhal bu səsverməni qanunsuz elan edib.
Eyni zamanda, Seymin iclas salonunun müxalifət tərəfindən zəbt edilməsi fonunda jurnalistlərin binaya buraxılması müvəqqəti olaraq dayandırılıb. Demokratiyanın Müdafiəsi Komitəsi və bir sıra radikal müxalifət partiyaları Seymin binası qarşısında mitinq keçirib. Mitinq insidentsiz başa çatıb.

 

MIKROYOSUNLARDAN SÜNI DƏRI YARADILIB
Çilinin Katolik Universitetinin professoru Tomas Eqan əsasını təmiz suda və dəniz ekosistemlərində rast gəlinən mikroyosunların təşkil etdiyi yeni süni dəri hazırlayıb. Bu barədə “TRT” telekanalı xəbər verib.
Məlumata əsasən, digər süni dəri variantlarından fərqli olaraq yaşıl süni dəri fotosintez vasitəsilə oksigen, eləcə də genetik baxımdan modifikasiya edildikdə təsirli antibiotik və molekullar hasil edə bilir.
Tomas Eqan qeyd edib ki, süni dərinin bədənə necə uyğunlaşacağı və nə qədər ömür sürəcəyi məlum deyil. Professorun kəşf etdiyi mikroyosunlar dəridə on gün yaşayır. Bu müddət ərzində “transplantat” dəriyə yerləşdirilir və rəngini itirir.
Professorun fikrincə, belə dəri vasitəsilə yanıqlardan tutmuş, açıq yaralaradək müxtəlif zədələri müalicə etmək mümkündür. Bu dəri orqanizmə infeksiya düşməsinə imkan vermir.
Belçikalı plastik cərrah Haydi Debels yosunlu dərini olduqca mühüm nailiyyət adlandırıb. O bildirib ki, adətən yaraya örtülən süni dəri zədələnmiş toxumalara oksigen və qidalı maddələri almağa mane olur, lakin professor Eqanın kəşfində bu çatışmazlıqlar aradan qaldırılıb.
Eyni zamanda, xəbər verilir ki, artıq yosunlu dəri heyvanlar üzərində sınaqdan keçirilib və 2017-ci ildə insanların iştirakı ilə sınaqların baş tutacağı gözlənilir.

 

 

 

Read 27 times