XƏBƏR LENTİ

Çərşənbə, 28 Dekabr 2016 16:38

Amerikalı ekspert ABŞ dövlət katibinin Azərbaycana münasibətdə passivliyindən yazır

Amerikada çıxan “Foreign Policy News” adlı analitik jurnalda beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Qafqazda və Avropada Vaşinqtonun rolu cüzidir” sərlövhəli məqaləsi dərc edilib. Materialda bildirilir ki, Birləşmiş Ştatlar Avrasiyada fəallığını azaldıb, ABŞ həm özünün, həm də müttəfiqlərinin bu regionda maraqlarına etinasızlıq göstərir. Müəllif yazır ki, son illərdə Cənubi Amerikada, Cənubi Avropada və Qafqazda Vaşinqtonun xarici siyasətinin fəallığı nəzərəçarpacaq dərəcədə azalmaqdadır.

Dövlət katibi Con Kerri Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə bu münaqişənin həllində maraqlı olmadığını nümayiş etdirib. C.Kerri çıxışlarının birində qeyd edib ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davamlı nizamlanmasına “hazır deyildir”. Müəllifin fikrincə, ABŞ dövlət katibi bütün dünyaya səfərlər edir, əhəmiyyətsiz görüşlər üçün vaxt ayırır, amma Prezident İlham Əliyevlə görüşmək və Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını onunla müzakirə etmək üçün vaxt tapa bilmir.

P.Teyz daha sonra Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək yazır ki, bu silahlı münaqişə iyirmi ildən çox bundan əvvəl erməni təcavüzü nəticəsində başlanıb. Ekspert vurğulayır ki, Azərbaycan rəsmiləri uzun müddət bu münaqişənin müzakirə edilməsi üçün Vaşinqtona səfərlər ediblər, ABŞ-ın ali rütbəli diplomatı isə Dövlət Departamentində işlədiyi müddətdə ən azı ABŞ-ın bu münaqişəni tənzimləməyə hazır olduğunu və buna kömək etmək istəyini nümayiş etdirmək üçün Bakıya rəsmi səfər üçün vaxt tapa bilməyib.

P.Teyz ABŞ-ın xarici siyasətinin perspektivləri barədə mühakimə yürüdərək yazır ki, Donald Trampın prezidentliyi dövründə Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə xüsusi diqqət ayırmalıdır, çünki Azərbaycan ABŞ-ın və Avropa İttifaqının mühüm iqtisadi tərəfdaşı, habelə bütün regionda maliyyə sabitliyinə və iqtisadi artıma şərait yaradan İpək Yolunun bərpasında etibarlı tərəfdaşdır.

 

AZƏRTAC

 

 

 

Read 17 times