XƏBƏR LENTİ

Bazar, 25 Dekabr 2016 19:12

“Əl-Fəcr” qəzeti: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) geniş oxucu auditoriyasına malik “Əl-Fəcr” qəzetində baş redaktor Şəfir Əl-Bəsilin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərə həsr olunan məqaləsi dərc edilib.

Məqalənin əvvəlində Ş.Əl-Bəsil xalqın rifahının yaxşılaşdırılmasını və ölkədə hərtərəfli tərəqqini hökumətin qarşısında siyasi hədəf kimi müəyyən edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 13 il ərzində ölkəmizin sürətli inkişafa görə dünyaya unikal nümunə təqdim etdiyini oxucuların nəzərinə çatdırır. O, Azərbaycan dövlətinin həmin illər ərzində inkişaf etmiş ölkələr sırasında inamla dayandığını, mötəbər regional və beynəlxalq təşkilatlarda fəal səsə çevrildiyini vurğulayır, ölkəmizin rəhbərinin Qafqazda və Avrasiyada zəngin siyasi təcrübəyə malik şəxsiyyət kimi xalqın yüksək etimadını və beynəlxalq ictimaiyyətin ehtiramını qazandığını qeyd edir.

Baş redaktor Azərbaycan Prezidentinin həyat və fəaliyyəti barədə oxuculara ətraflı məlumat verir.

Ş.Əl-Bəsil 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın 1992-1993-cü illərdə böyük ictimai-siyasi və iqtisadi təhlükələrlə üzləşdiyini vurğulayır. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıtdığını, həmin vaxt İlham Əliyevin demokratik dəyərlər üzərində yeni Azərbaycanın qurulması prosesinə fəal qoşulduğunu qeyd edir. O, İlham Əliyevin, eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işləyərkən Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının həyata keçirilməsində böyük fəallıq nümayiş etdirdiyini diqqətə çatdırır.

Məqalədə İlham Əliyevin Milli Məclisin deputatı kimi fəaliyyətindən, Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkədə idmanın və Olimpiya hərəkatının inkişafına töhfələrindən bəhs edilir, Beynəlxalq Olimpiya Komitəsinin ali ordeninə layiq görüldüyü vurğulanır. Müəllif 2001-2003-cü illərdə İlham Əliyevin Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik etdiyi, 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və büro üzvü seçildiyi barədə məlumat verir.

2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəldiyi qeyd edilən yazıda onun andiçmə mərasimində söylədiyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” fikri öz əksini tapır.

Müəllif 2003-cü ildə olduğu kimi, 2008-ci və 2013-cü illərdə də Azərbaycan xalqının etimadını qazanaraq prezident seçilən İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, əldə edilən nailiyyətlər barədə oxucuları ətraflı məlumatlandırır. Prezidentin uğurlu enerji siyasəti barədə söhbət açılan məqalədə neftdən gələn gəlirlərin ölkənin hərtərəfli inkişafına yönəldildiyi və nəticə etibarilə Azərbaycanın siyasi, iqtisadi, eləcə də hərbi cəhətdən regionun ən qüdrətli dövlətinə çevrildiyi xüsusi qeyd edilir.

Məqalədə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda yoxsulluğun 49 faizdən 5 faizədək enməsindən, eləcə də 1,2 milyondan çox iş yerinin açılmasından, xarici valyuta ehtiyatlarının 50 milyard dollara çatmasından, ümumi daxili məhsulun artmasından bəhs edilir. Bununla yanaşı, hökumətin bir milyondan çox qaçqın və məcburi köçkünü layiqli həyat şəraiti ilə təmin etməyə müvəffəq olduğu vurğulanır. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Strateji Yol Xəritəsi”ndə yoxsulluğun və işsizliyin birdəfəlik aradan qaldırılmasının, o cümlədən milli iqtisadiyyatın turizm, sənaye, kənd təsərrüfatı kimi önəmli sektorlarının daha da inkişaf etdirilməsinin qarşıya məqsəd qoyulduğu bildirilir.       

Azərbaycanın təşəbbüsü və iştirakı ilə böyük enerji və nəqliyyat layihələrinin həyata keçirildiyi barədə məlumat verən Ş.Əl-Bəsil bunun ölkənin geosiyasi və geostrateji əhəmiyyəti ilə yanaşı, qlobal layihələrin reallaşdırılmasında mühüm regional rolunu daha da gücləndirdiyini vurğulayır.

Baş redaktor Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu barədə də məlumat verir. O, ən müasir standartlara cavab verən Azərbaycan Ordusunun bu gün texniki bacarığına və texnoloji məharətinə görə güclü ordular sırasında qərarlaşdığını vurğulayır.

Məqalədə Prezident İlham Əliyevin xarici siyasəti haqqında da ətraflı məlumat verilir. Azərbaycanın dünya dövlətləri ilə və beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurduğu və inkişaf etdirdiyi diqqətə çatdırılır. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi xarici siyasətin uğurunun bariz nümunəsi kimi qiymətləndirilir.

Müəllif, həmçinin Azərbaycanın Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və digər tədbirlər daxil olmaqla, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi barədə yazır.

Baş redaktor Prezident İlham Əliyevin ərəb və müsəlman ölkələri, xüsusən də Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini qeyd edir. O, 2016-cı ilin fevralında dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər etməsi, 2015-ci ildə BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun Azərbaycanda rəsmi səfərdə olması barədə oxucuları məlumatlandırır.

Prezident İlham Əliyevin 2015-ci ilin noyabrından etibarən Azərbaycanın beynəlxalq statuslu hava limanlarında BƏƏ vətəndaşlarına viza rəsmiləşdirilməsi barəsində Nazirlər Kabinetinə göstəriş verdiyini xatırladan baş redaktor 2016-cı ilin dekabrından başlayaraq BƏƏ vətəndaşlarını müşayiət edən rezident viza sahiblərinə də eyni sadələşdirilmiş qaydanın tətbiq olunduğunu qeyd edir. O, dövlət başçısının bu göstərişinin BƏƏ-dən Azərbaycana gedən turistlərin sayında nəzərəçarpan artıma səbəb olduğunu, onların qonaqpərvər Azərbaycan xalqı ilə daha yaxından tanış olmalarına imkan yarandığını oxucuların nəzərinə çatdırır.

Məqalənin sonunda Ş.Əl-Bəsil Prezident İlham Əliyevin ikitərəfli əlaqələrin möhkəmləndirilməsindəki səylərinə görə müxtəlif ölkələrin yüksək səviyyəli orden və mükafatlarına layiq görüldüyünü qeyd edir.

“Bu gün xalqının öz lideri ətrafında sıx birləşdiyi Azərbaycan daha parlaq gələcəyə doğru inkişaf prosesini davam etdirməklə dünyaya bir çox ölkələrin onilliklər boyu nail ola bilmədiyi uğurları qısa müddətdə əldə edən ölkə nümunəsini təqdim edir”, - deyə baş redaktor məqaləsini tamamlayır. 

AZƏRTAC

 

 

 

Read 33 times