XƏBƏR LENTİ

Bazar, 25 Dekabr 2016 19:11

İsrailin nüfuzlu “Jerusalem Post” qəzetində “Trampın Azərbaycan anı” sərlövhəli məqalə dərc olunub

İsrailin nüfuzlu “Jerusalem Post” qəzetində ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sobhaninin “Trampın Azərbaycan anı” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə ABŞ-Azərbaycan münasibətlərinə nəzər salaraq yazır: “ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp üçün ən etibarlı liderlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. Azərbaycan ABŞ üçün mühüm ölkədir”.

Ölkəmizin nadir mədəni, iqtisadi, geosiyasi xüsusiyyətləri barədə məlumat verən müəllif bildirir ki, Tramp və onun komandası Azərbaycan və onun lideri ilə hərtərəfli əməkdaşlığa başlamalıdır. Rob Sobhani: “Azərbaycan dünyanın ən qədim yəhudi icmasının yığcam yaşadığı ölkədir. Bu ölkədə xristianlar, yəhudilər, bəhailər və müsəlmanlar sülh və əmin-amanlıq içərisində yaşayırlar. Azərbaycan və İsrail arasında münasibətlər bir çox sahələri, eləcə də hərbi və diplomatik əməkdaşlığı əhatə edir. Bu, həqiqətən də müsəlman dünyasında nadir nümunədir. Azərbaycan dini azadlıq modeli ilə müsəlman dünyasının vacib ölkələrindən biridir”.

Azərbaycanın karbohidrogen ehtiyatlarına diqqət çəkən müəllif Xəzər regionundan neft və qazın beynəlxalq bazarlara nəql olunduğunu vurğulayaraq qeyd edir: “Yeni administrasiya Trampın bir çox dünya liderləri ilə görüşəcəyini, lakin onlardan heç birinin Prezident İlham Əliyev kimi Vaşinqtonun etibarlı tərəfdaşı olmayacağını nəzərə almalıdır. Prezident İlham Əliyevin atası, ölkənin keçmiş Prezidenti Heydər Əliyev 11 sentyabr terror aktından sonra ABŞ-ın Azərbaycandakı səfirini öz iş otağına çağıraraq tam dəstək və əməkdaşlığa hazır olduğunu ifadə edib. O zamandan bəri Prezident İlham Əliyev terrora qarşı mübarizədə ABŞ-ın sarsılmaz tərəfdarına çevrilib”.

Məqalədə Rob Sobhani yazır: “Azərbaycan ilə ABŞ-ın özəl-ictimai tərəfdaşlıq modelinə əsaslanan infrastruktur investisiyaları digər fondlar üçün vasitə ola bilər. Bakı və Vaşinqton geosiyasi məqsədləri və dəyərləri paylaşır. Tramp digər müsəlman ölkələrinə inkişafın Azərbaycanın modelini nümunə göstərə bilər. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiqdir. Yeni Prezident Donald Tramp bu münaqişənin həllində mühüm rol oynaya bilər”.

AZƏRTAC

 

 

 

Read 45 times