XƏBƏR LENTİ

Bazar, 25 Dekabr 2016 19:04

DÜNYA BU GÜN

F.GÜLƏN H.KLINTONUN SEÇKI KAMPANIYASINA MILYONLAR XƏRCLƏYIB?

Beynəlxalq qeyri-qanuni fəaliyyətləri hüquqi baxımdan araşdıran  “Amsterdam Partners” hüquq firmasından Robert Amsterdam Fətullah Gülənin ABŞ-da prezident seçkiləri yarışında məğlub olan Demokratlar Partiyasının namizədi Hillari Klintonun kampaniyasına milyonlarla dollar ianə verdiyini açıqlayıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

FETÖ ilə əlaqəli ölkə xaricindəki məhkəmələrdə Türkiyəni təmsil edən Robert Amsterdam bildirib ki, Demokratlar seçki sisteminin rusiyalı hakerlər tərəfindən sındırıldığına dair danışmaqdansa, Fətullah Gülənlə olan əlaqələrindən danışsınlar. Robert Amsterdamın sözlərinə görə, Fətullah Gülən Hillari Klintonun prezidentlik kampaniyasına milyonlarla dollar köçürüb.

Gülən hərəkatının ABŞ-ın Pensilvaniya ştatındakı bir vaizlikdən başqa işlər gördüyünü vurğulayan R.Amsterdam qeyd edib ki,  bu, milyardlarla dollarlıq, çox cəhətli bir cinayət şəbəkəsi və eyni zamanda dünyanın nizam-intizamı üçün də ciddi bir təhdiddir.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı sui-qəsdin də detallı şəkildə tədqiq edilməsinin vacibliyinə toxunan vəkil onu da bildirib ki, satqın bir polis işçisinin Hələblə əlaqəli çağırışlar səsləndirməsi, hadisənin daha dərindən araşdırılması üçün bir xəbərdarlıqdır.

Robert Amsterdam həmçinin qeyd edib ki, bu hadisə Rusiya və Türkiyəni daha da yaxınlaşdıracaq. “Hər iki ölkə lideri də bunun təxribat olduğunu çox yaxşı başa düşür. Buna verilə biləcək ən yaxşı cavab isə ölkələr arasındakı münasibətləri daha da genişləndirməyi davam etdirməkdir”, - deyə Robert Amsterdam əlavə edib.

 

LIVIYA TƏYYARƏSINI QAÇIRANLAR TƏSLIM OLDULAR

Liviya təyyarəsini qaçıran şəxslər Malta hökumətinə təslim olublar. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Maltanın baş naziri Cosef Muskat bəyan edib.

“Cinayətkarlar təslim olub, onların üzərində axtarış aparılıb və həbs ediliblər”, - deyə C.Muskat bildirib. Onun sözlərinə görə, son ekipaj üzvləri artıq təyyarəni tərk ediblər. Bundan əvvəl isə təyyarəni qaçıranlar sərnişinləri sərbəst buraxıb.

Malta mətbuatında yer alan xəbərlərdə qeyd edilir ki, təyyarəni qaçıranlar Liviyanın devrilmiş lideri Müəmmar Qəzzafinin tərəfdarlarıdır. Liviya mənbələri bildirir ki, təyyarəni qaçıranlar Qəzzafinin oğlu Seyf əl-İslamın həbsdən azad edilməsini tələb ediblər.

Qeyd edək ki, dekabrın 23-də “Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub.

 

ABŞ NEFTIN QIYMƏTINI BAHALAŞDIRIR, LIVIYA ISƏ UCUZLAŞDIRIR

Dünya birjalarda neftin qiymətinə müsbət təsir göstərən amillər meydana çıxıb. “APA”nın məlumatına görə, 14 illik maksimumu yenilədikdən sonra dolların mövqeyinin yenidən zəifləməsi neftin bahalaşmasına təsir göstərir. Bundan başqa, ABŞ-ın neft ehtiyatlarının ötən həftə 4,16 milyon barrel azalması da birjalarda qiymətlərin artmasına təkan verib. Bu iki amilin təsiri ilə “Brent” markalı neftin bir barreli 55,84 dollardan satılmağa başlayıb. Qərbi Texas nefti də sürətlə dəyər qazanıb. Belə ki, “WTI” neftinin bir barreli 53,73 dollardan təklif olunub.

Lakin bildirilir ki, Liviyadan gələn xəbərlər  nefti yenidən ucuzlaşdırmağa başlayıb. “Röyters” agentliyi Liviyanın üç neft yatağında hasilatın yenidən bərpa olunduğu barədə məlumat yayıb.

Liviyanın Milli Neft Korporasiyası dekabrın 21-də “Şarara” və “Əl-Fil” neft yataqlarından gələn kəmərlərin fəaliyyətini dayandırdığını açıqlamışdı. “Röyters” rəsmi mənbəyə istinadən kəmərlərlə yenidən neft nəqlinin həyata keçirildiyini xəbər verib.

Hazırda Liviyada gündəlik 600 min barrel neft hasil olunur. İlin sonuna kimi bu rəqəmin 900 min barrelə çatdırılması nəzərdə tutulur, gələn il üçün isə gündəlik hasilat 1,1 milyon barrelə qədər yüksələ bilər.

Eyni zamanda, xəbər verilir ki, Liviyada gündəlik hasilat gücü 375 min barrel olan “Əs-Sider” yatağında hasilatın başlaması nəticəsində ölkənin 2017-ci il üçün hədəfinə çata biləcəyi ehtimal olunur. Bu isə bazarda təklifin tələbi üstələməsi deməkdir və qiymətlərə mənfi təsir göstərəcək. 

 

 

 

Read 172 times