XƏBƏR LENTİ

Cümə axşamı, 22 Dekabr 2016 10:31

Həştərxan vilayətinin qubernatoru: Mən regionumuza xüsusi münasibətinə görə Prezident İlham Əliyevə minnətdaram

“Mən şəxsən Azərbaycan Prezidenti İlham Əliyevə və onun bütün komandasına minnətdaram ki, bizim regiona xüsusi diqqət yetirilir. Bizdə çoxlu birgə humanitar layihə həyata keçirilib. Növbəti addım iqtisadi layihə - Azərbaycan Biznes Mərkəzidir. Bu mərkəz  Rusiya və Azərbaycan biznesinin daha səmərəli qarşılıqlı fəaliyyət göstərməsinə imkan verəcək”. Bunu Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Moskva-Həştərxan videokörpüsü çərçivəsində mətbuat konfransında bildirib.

Aleksandr Jilkin AZƏRTAC-ın Rusiya Federasiyasındakı xüsusi müxbiri Fəridə Abdullayevanın “Həştərxan qubernatoru Azərbaycan və Həştərxan vilayəti arasında ikitərəfli münasibətlərin gələcək inkişafını necə görür?” sualına cavabında deyib: “Yalnız bu münasibətlərin səviyyəsini yüksəltmək istiqaməti götürmüşük”. Qubernatorun fikrincə, vilayətin nümayəndə heyətinin bu yaxınlarda Bakıya səfəri zamanı hər iki tərəf buna maraq göstərib. A.Jilkin deyib: “Ümidvaram ki, möhtərəm Azərbaycan Prezidenti və Azərbaycan Hökumətinin rəhbərliyi Həştərxan vilayətinə səfər edəcək. Biz buna çox şad olarıq”.

Xatırladaq ki, dekabrın 16-da Həştərxanda Azərbaycan Biznes Mərkəzinin tikiləcəyi ərazində xatirə kapsulunun qoyulması mərasimi keçirilib. Mərkəzin açılışı gələn il üçün  nəzərdə tutulub.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin mətbuat konfransında “ARB ARAN” Media Şirkəti də iştirak edib. Azərbaycan jurnalistlərini Həştərxan vilayətində multikultural dəyərlərin və tolerantlığın qorunub-saxlanılması istiqamətində görülən tədbirlər maraqlandırıb. Aleksandr Jilkin qeyd edib ki, çoxmillətli Həştərxan regionunda multikultural inkişafa, ahəngdar əməkdaşlığa, bir-birinin mədəniyyətinə ehtiramla yanaşılmasına, qarşılıqlı dəstəyə və konfessiyalararası həmrəyliyə həmişə böyük diqqət yetirilib. Bu məqsədlə vilayətdə xüsusən Etnokonfessional Şura çərçivəsində ardıcıl iş aparılır. Buna görə də mütəxəssislər Həştərxan vilayətini sakit, bu istiqamətdə sabit inkişaf edən region kimi xarakterizə edirlər. Qubernator deyib: “Təsadüfi deyildir ki, bu il RF Prezidenti yanında Millətlərarası Münasibətlər üzrə Şuranın iclası Həştərxanda keçirilmişdi”.

AZƏRTAC

 

 

 

Read 36 times