XƏBƏR LENTİ

Cümə axşamı, 22 Dekabr 2016 10:26

“Lead Pakistan” qəzetində “Heydər Əliyev” sərlövhəli məqalə dərc olunub

Pakistanın “Lead Pakistan” qəzetində ekspert Mahmud Ul-Hassan Xanın “Heydər Əliyev” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında məlumat verilir, təhlükəsizlik orqanlarında fəaliyyəti barədə danışılır. 1969-cu ildən keçmiş SSRİ tərkibində olan Azərbaycanına rəhbərlik etdiyi dövrdə gördüyü işlər, korrupsiyaya qarşı apardığı mübarizə və ölkə iqtisadiyyatının canlandırılması istiqamətində fəaliyyətinə nəzər salınır.

Müəllif yazır ki, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinədək yüksəlib və SSRİ-nin rəhbərlərindən biri olub. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra o vaxt Moskvada yaşayan Heydər Əliyev Moskvada bu qanlı qırğına öz etirazını bildirib, sonra isə keçmiş SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsi ilə bağlı ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarından çıxıb.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın çətin və eyni zamanda şərəfli bir dövr keçdiyi, erməni təcavüzü və daxili çəkişmələrin ölkəni acınacaqlı vəziyyətə saldığı və belə çətin bir vaxtda Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə çıxış etməsi də məqalədə öz əksini tapır. Həmçinin Heydər Əliyev 1993-cü ildə Prezident seçildikdən sonra siyasi sabitlik əldə edildiyi, ölkədə dövlətçiliyin və dövlət strukturlarının möhkəmləndirilməsi, iqtisadi inkişaf proseslərinin başlandığı bildirilir, Konstitusiyasının qəbulunun və Ermənistanla atəşkəs sazişinin imzalanmasının ümummilli liderin adı ilə bağlı olduğu diqqətə çatdırılır.

Müəllif yazır ki, Heydər Əliyev Əsrin Müqaviləsinin imzalanmasına nail olub, onun prezidentliyi dövründə Azərbaycanın xarici siyasətində ciddi dəyişikliklər baş verib, bir çox dünya dövlətləri ilə normal münasibətlər qurulub, ölkədə İslam dəyərləri yenidən canlanmağa başlayıb.

Ekspert məqaləsində Azərbaycan-Pakistan münasibətlərinə də toxunur, bu münasibətlərin əsasının Heydər Əliyev və Bənazir Butto tərəfindən qoyulduğunu vurğulayır. Yazıda, habelə ölkə prezidentlərinin qarşılıqlı səfərləri haqqında danışılır, Heydər Əliyevin Pakistanı qardaş dövlət və strateji tərəfdaş saydığı diqqətə çatdırılır. Müəllif tanınmış şəxsiyyətlərin Heydər Əliyev haqqında fikirlərinə də yer verir.

 

AZƏRTAC

 

 

 

Read 16 times