XƏBƏR LENTİ

Cümə axşamı, 22 Dekabr 2016 10:16

İtaliyanın Florensiya şəhərində Azərbaycanın müasir memarlığına həsr edilmiş sərgi təşkil olunub

Dekabrın 20-də İtaliyanın Florensiya şəhərində Azərbaycanın müasir memarlığına həsr edilmiş sərgi təşkil olunub.

Sərgi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Romualdo Del Bianko Fondunun təşkilatçılığı ilə keçirilib.

Sərginin açılışında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Romualdo Del Bianko Fondunun direktoru Paolo Del Bianko, AzMİU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

Romualdo Del Bianko Fondunun direktoru Paolo Del Bianko Fond tərəfindən həyata keçirilən tədbirlər arasında Azərbaycan memarlığına həsr edilmiş tədbirlərin xüsusi yerə malik olduğunu bildirib. Rəhbərlik etdiyi Fondun 30-dan çox ölkə ilə əlaqələrinin olduğunu söyləyən direktor Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Fond arasında əməkdaşlığın 13 ildən artıq davam etdiyini, bu əlaqələrin təməlinin məhz Florensiyanın “Auditorium al Duomo” Mərkəzində qoyulduğunu diqqətə çatdırıb. Azərbaycanın zəngin mədəni irsindən, nadir memarlıq nümunələrindən bəhs edən Fondun direktoru bu sərginin Azərbaycan memarlıq irsinin İtaliya ictimaiyyətinə nümayiş etdirilməsində əlavə bir vasitə olduğunu bildirib.

Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Azərbaycanın zəngin mədəniyyəti, tarixi ənənələri, multikulturalizm modeli, sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib. Sərginin əhəmiyyətindən danışan M.Əhmədzadə nümayiş etdirilən məlumat lövhələrinin Azərbaycanda həyata keçirilən layihələrlə bağlı ilkin təsəvvür yaratdığını deyib, həmin layihələrlə canlı tanış olmaq üçün tədbir iştirakçılarını Azərbaycana dəvət edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi universitetlə Romualdo Del Bianko Fondu arasında əməkdaşlığın tarixindən danışıb. Rektor istər Bakıda, istərsə də Florensiyada birgə çoxsaylı tədbirlər təşkil edildiyini bildirib, səmərəli əməkdaşlığa görə Fondun prezidenti Paolo Del Biankoya təşəkkür edib.

Gülçöhrə Məmmədova Azərbaycanda son illərdə memarlığın yüksək inkişaf dövrü yaşadığını bildirib, bu sərgidə təqdim edilən layihələrin bunun göstəricisi olduğunu vurğulayıb.

Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib. O, hər bir layihənin konsepsiyası, texniki tərəfləri, eləcə də Bakının sosial, iqtisadi və mədəni həyatındakı rolu barədə danışıb.

Sərgi iştirakçılarda böyük maraq doğurub.

 

 

AZƏRTAC

Read 92 times