XƏBƏR LENTİ

Cümə axşamı, 22 Dekabr 2016 10:10

DÜNYA BU GÜN

RUSIYA TÜRKIYƏ ILƏ VIZASIZ REJIMƏ DAIR DANIŞIQLARI DAYANDIRIR

Rusiya səfiri Ankarada qətlə yetirildikdən sonra Moskva Türkiyə ilə vizasız rejimə dair danışıqları dayandırmağa hazırlaşır. “APA”nın xəbərinə görə, bu barədə “İzvestiya” nəşri Rusiya XİN-dəki mənbələrinə istinadən məlumat yayıb.
Nəşr xatırladır ki, bir neçə ay əvvəl səfir Andrey Karlov Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməyə tələsməməyə çağırmışdı. Onun fikrincə, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün lazım olan tədbirlər kifayət qədər görülməyib.
Eyni zamanda, “İzvestiya” qəzeti vizasız rejimin tətbiqi məsələsinin qeyri-müəyyən müddətə təxirə salındığını qeyd edir. Məlumata görə, Rusiya hökuməti, həmçinin, Türkiyədə olan ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək.
“Türkiyə hökuməti ölkəyə gələn şəxslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi işlər görməkdə davam etməlidir və Rusiyaya səfər etmək niyyətində olanların hamısının əsaslı yoxlanılmasına zəmanət verməlidir”, - deyə mənbə bildirib.
Bununla yanaşı, bildirilir ki, son zamanlar baş vermiş faciəli hadisələr və cari ildə olmuş bir sıra insidentlərə görə Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır deyil.
Nəşr həmçinin qeyd edir ki, XİN Rusiya vətəndaşlarına Türkiyəyə səfər etməməyi də tövsiyə edir.

 

PAN GI MUN PREZIDENTLIYƏ NAMIZƏD OLA BILƏR
BMT-nin səlahiyyət müddəti başa çatmaqda olan baş katibi Pan Gi Mun vətəni Cənubi Koreyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə biləcəyinə işarə vurub. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həm yerli, həm də beynəlxalq KİV-də onun adı potensial namizədlər sırasında hallanır.
Pan Gi Mun deyib: “Əgər 10 il ərzində BMT baş katibi postunda öyrəndiklərim Koreya Respublikasını irəli apara biləcəksə, mən özümü buna həsr etməyə hazıram. Biliklərim ölkənin inkişafına, vətəndaşlarımızın rifahının və gəlirlərin artmasına xidmət edərsə, o zaman özümü əsirgəməyəcəyəm”.
Xəbər verilir ki, Pan Gi Munun Koreya Respublikası prezidentliyinə namizədliyini irəli sürəcəyi barədə fikirlər ölkədəki siyasi böhrandan sonra daha da güclənib.
Xatırladaq ki, parlament hazırkı prezidentin istefaya göndərilməsinə dair qərar qəbul edib. Pan Gi Munun BMT baş katibi postunda səlahiyyətləri bu ilin sonunda yekunlaşacaq.

 

ŞENGEN ZONASININ MƏLUMAT SISTEMI TƏKMILLƏŞDIRILƏCƏK
Avropa Komissiyası Şengen Məlumat Sisteminin əməliyyat səmərəliliyi və effektliliyini gücləndirməyi təklif edib. “APA”nın məlumatına görə, qurumun yaydığı bəyanata bildirilir ki, bu addımın məqsədi terrorizm və transsərhəd cinayətkarlığına qarşı mübarizəni gücləndirməkdir.
Bu təklifi Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin üzv ölkələrin nümayəndələri qarşısında çıxışı zamanı səsləndirdirib. Onun sözlərinə görə, bu, davamlı təhlükəsizlik birliyinin yaradılmasına nail olmaq niyyətinin bir hissəsidir.
Təklif edilən təkmilləşdirmələr terrorçuluq və transsərhəd cinayətkarlığına qarşı mübarizəni, sərhəd və miqrasiya idarəçiliyi və avropalıların təhlükəsizliyini artırmaq üçün üzv ölkələr arasında effektiv informasiya mübadiləsini təmin edəcək.
Eyni zamanda, Avropa Birliyinin komissarı Yulian Kinq deyib: “Şengen Məlumat Sistemi Avropanın daxili təhlükəsizliyinin özəyindədir. Bugünkü tədbirlər mühüm texniki və əməliyyat təkmilləşdirmələrini ortaya qoyacaq. Bu da öz növbəsində bizə zərər vermək istəyənləri tez bir zamanda aşkarlamaq imkanı yaradacaq. Bu, həmçinin üzv ölkələr və müvafiq AB agentlikləri arasında əməkdaşlıq və məlumat mübadiləsini yaxşılaşdıracaq”.
Qeyd edək ki, təkcə 2015-ci ildə 2,9 milyard müraciətin göndərildiyi Şengen Məlumat Sistemi Avropada sərhəd idarəçiliyi və təhlükəsizliyə dair ən geniş istifadə olunan məlumat mübadiləsi sistemidir.

 

ƏRDOĞAN YARDIM ISTƏYƏN 7 YAŞLI HƏLƏBLI QIZLA GÖRÜŞÜB
“Tvitter” mikrobloqunda paylaşdığı mesajlarla məşhurlaşan 7 yaşlı hələbli qız Bana Alabed Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşüb. Bu barədə “BBC” agentliyi məlumat yayıb.
Xəbər verilir ki, Hələbdə gedən qızğın döyüşlər zamanı qızın anası Ərdoğanı onlara kömək etməyə çağırmışdı.
Bana Alabedin prezident iqamətgahından çəkdirdiyi fotoşəkil onun profilində yerləşdirilib. Rəsmlərdən birində Bana və kiçik qardaşı Rəcəb Tayyib Ərdoğanın dizinin üzərində oturduğu, böyüklərin isə prezidentin arxasında dayandıqları əks olunub.
Məlumata görə, Hələbin şərq hissəsindən təxliyə edilən Bana Alabedi və onun ailəsini Türkiyəyə Ərdoğanın xüsusi nümayəndəsi gətirib.
Balaca qızcığaz bu ilin sentyabrından, Bəşər Əsədin ordusu Rusiyanın dəstəyilə Hələbdə qiyamçılara qarşı hücumlara başladıqdan sonra “Tvitter”də məlumatlar paylaşıb. Hələbdə baş verənləri ingiliscə yazan qıza müəllimə anası kömək edib.
Dekabrın 5-də Bana Alabedin profilinin bağlanması onun və ailəsinin taleyi ilə bağlı narahatlıq yaradıb, lakin sonradan onların təhlükədə olmadığı, bu həftə isə təxliyə edilmələri barədə məlumatlar yayılıb.
Onların Hələbdən köçürülməsi qızın anasının Türkiyə prezidentinə müraciət etməsinə şərait yaradıb. “Xahiş edirik sülhün bərqərar olması üçün əlinizdən gələni əsirgəməyin və bizi buradan xilas edin. Biz çox yorulmuşuq”, - deyə qızın anası Ərdoğana müraciətində bildirib.
Xatırladaq ki, Hələbin şərqində qiyamçıların zərərsizləşdirilməsi və dinc sakinlərin təcrid edilməsi istiqamətində əməliyyatlar dekabrın 15-də başlayıb. Bu əməliyyatlar Türkiyə ilə razılaşdırılaraq Rusiya tərəfindən təşkil olunub.
Eyni zamanda, BMT-nin Təhlükəsizlik Şurası Hələbdə insan haqlarının qorunması monitorinqinin təmin edilməsilə bağlı qətnamə qəbul edib. Rusiya da bu qətnaməni dəstəkləyib.

 

RUSIYADA ZƏHƏRLƏNMƏ NƏTICƏSINDƏ ÖLƏNLƏRIN SAYI 62-YƏ ÇATIB
Rusiyanın İrkutsk vilayətində spirt tərkibli kosmetik vasitə olan “Boyarışnik” maddəsindən zəhərlənərək ölənlərin sayı 62 nəfərə çatıb. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.
Hazırda xəstəxanalarda 40 nəfər həkim nəzarəti altındadır, beş nəfər artıq evə buraxılıb. Onun sözlərinə görə, zərərçəkənlərin sayı ümumilikdə 107 nəfər təşkil edib.
Xəbər verilir ki, kütləvi zəhərlənmə ilə bağlı artıq 11 nəfər həbs olunub, 100-dək şəxs şahid qismində dindirilib.
Qeyd edək ki, dekabrın 17-də İrkutskda saxta “Boyarışnik” maddəsindən kütləvi zəhərlənmə hadisəsi baş verib. Yerli səhiyyə xidməti bildirib ki, zəhərlənməyə vanna üçün nəzərdə tutulmuş maddənin tərkibindəki metanol səbəb olub. Halbuki maddənin etiketində tərkibində etil spirti olduğu qeyd edilib. Faktla bağlı cinayət işi başlanılıb.

 

MOSKVADA YENI IL ŞƏNLIK MƏKANLARI YÜK MAŞINLARI ILƏ ƏHATƏYƏ ALINACAQ
Moskva polisi Yeni il bayramı günlərində paytaxtda kütləvi şənliklərin keçirildiyi əraziləri yük maşınları ilə mühasirəyə alacaq. “BBC” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Xidmətinin Moskva İdarəsinin rəisi Viktor Kovalenko məlumat verib.
“Biz dünyada baş verən hadisələri görür və anlayırıq. O cümlədən ağır yüklü nəqliyyatdan da necə istifadə edidiyinin şahidiyik. Ona görə də hər şeyi əvvəlcədən nəzərə almaq lazımdır. Bizim fikrimizcə, təhlükəsizlik tam təmin olunmalıdır “- deyə V.Kovalenko vurğulayıb.
İdarə rəisi həmçinin əlavə edib ki, şəhərə giriş zamanı nəqliyyat vasitələrində silahın və ya qadağan olunmuş əşyaların olub-olmaması istiqamətində ilkin yoxlamalar keçiriləcək.
Xatırladaq ki, dekabrın 19-da Almaniyanın Berlin şəhərində oğurlanmış yük avtomobili Yeni İl yarmarkasına gələn kütləyə çarpılıb. Nəticədə 12 nəfər həlak olub, 48 nəfər isə yaralanıb. Hücuma görə məsuliyyəti “İslam Dövləti” terror qruplaşması öz üzərinə götürüb.
Bu il iyulun 14-də isə yük avtomobilinin Nitsa sahilində toplaşan insan izdihamına çırpılması nəticəsində 86 nəfər həlak olub, 400 nəfər isə yaralanıb. Bu hadisəyə görə də məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.

 

 

 

Read 15 times