XƏBƏR LENTİ

Cümə axşamı, 08 Aprel 2021 11:04

Azad edilmiş torpaqların minalardan təmizlənməsi birinci dərəcəli vəzifədir

30 ilə yaxın düşmən nəzarətində olmuş və müzəffər ordumuz tərəfindən işğaldan azad edilən ərazilərdəki mövcud vəziyyət ermənilərin bu ərazilərdə faşist xislətli hərəkətlər həyata keçirdiklərini bütün çılpaqlığı ilə nümayiş etdirir. Bu ərazilərdə, kəndlərdə, şəhərlərdə hər şey yerlə yeksan edilib, bir bina belə qalmayıb, tarixi abidələr dağıdılıb, yandırılıb.

44 gün ərzində düşmənin yerüstü arsenalı məhv edilsə də, yer altındakı gizli arsenalı hələ qalmaqdadır. Torpaqları tərk edərkən, Ermənistan silahlı qüvvələri heç bir qeyd aparmadan və ayırd etmədən, xaotik şəkildə əraziləri minalayıbdır. Bu da ərazilərin şübhəli və təhlükəli olmasına dəlalət edir. Minalar demək olar ki, hər yerə, işıq xətləri, yol kənarları, kənd və qəsəbə daxili cığırlara, çay kənarlarına və digər yerlərə basdırılıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və mina sahələrinin xəritələri yoxdur. Ermənistan tərəfində mövcud olan minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması humanitar minatəmizləmə fəaliyyətinin planlaşdırılmasına və icrasına öz mənfi təsirini göstərir və azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsini, şəhər və kəndlərin bərpasını və növbəti mərhələdə məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə törədir. Ermənistan tərəfinin bu məlumatların təqdim etməməsi, beynəlxalq humanitar normaları məqsədli şəkildə pozması deməkdir.

Həm işğal dövründə, həm də müharibə zamanı ərazini total şəkildə minalayan Ermənistanın həmin ərazilərin xəritələrini təqdim etməməsi, bu ölkənin Azərbaycan tərəfinin daha çox insan itkiləri verməsinə çalışması, müharibəni bu üsulla davam etdirməsi erməni faşizminin növbəti təzahürüdür. Təcavüzkar ölkə minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə yeni formada müharibəni, terror siyasətini davam etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə bildirir ki, azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz.

Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işlər də ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra həyata keçirilir. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. “Əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər”.

İşğaldan azad olunmuş ərazilərdə mina risklərinin aradan qaldırılmasına müəyyən zaman lazımdır. Beynəlxalq təşkilatlar, qurumlar durumun ciddiliyini nəzərə alıb minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq göstərməlidirlər.Təəssüf ki, müharibədən sonra da bu ərazilərdə problemlə bağlı bədbəxt hadisələr baş verir, insanlar həlak olur, yaralanır, xəsarət alırlar. Uzun illər vətən həsrəti ilə yaşayan, keçmiş məcburi köçkünlər tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, minalardan təmizləmə işlərinin başa çatmasını gözləməyə səbirləri çatmır. Onlar azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməyə çalışırlar. Bununla da həyatlarını riskə atırlar.

Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə əlaqədar ADA Universitetində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan hazırda minaların təsirinə məruz qalan və ondan əziyyət çəkən ölkələr sırasındadır. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları minalarla dolu bir məkana çevrilib. Bu amil müharibədən sonra daha çox aktuallıq kəsb edib. İşğaldan azad olunmuş ərazilərimizdə basdırılmış hər bir mina istənilən halda Azərbaycan vətəndaşlarına və mülki əhaliyə qarşı təhlükədir. Bu, Ermənistanın hərbi cinayətlərinin təzahürü olmaqla, eyni zamanda, beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliyə ziddir. Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə iki ölkə arasında etimadın yaranmasına ziyan vurur və regional əməkdaşlığa mane olur: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minalardan təmizləmə əməliyyatına mane olur. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün əsas prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir”. Ərazilərin minalardan təmizlənməsi prosesinin kifayət qədər bahalı və çətin olduğunu söyləyən Hikmət Hacıyev vurğulayıb ki, hazırda Azərbaycan hökuməti üçün prioritet olan bu məsələ müxtəlif qurumların birgə fəaliyyət göstərdiyi istiqamətdir. Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin strukturu dəyişdirilib. İndi texniki baxımdan onun potensialının artırılması prosesi həyata keçirilir. Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də maneçilik törədir.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri Çaru Bist bildirib ki, bununla əlaqədar daha bir fəaliyyət istiqaməti tərəfdaşlığın qurulmasıdır. Biz Azərbaycanla bu cür əməkdaşlığı görürük. Azərbaycan hökuməti, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yaradılması bu məsələlərdə mühüm nailiyyətlər əldə etməyə imkan verir. Əgər hər hansı dövlət minalardan və partlamamış sursatlardan azad olmayıbsa, orada dayanıqlı inkişaf məqsədlərinə çatmaq mümkün olmayacaq. İnsanların həyatını xilas etməklə yanaşı, mina və digər sursatlardan zərərçəkənlərə də dəstək göstərilməlidir. BMT-nin dəstəyi ilə 1999-cu ildən bəri Azərbaycanda ANAMA 6 mindən çox mina təmizləyib və bunun nəticəsində 160 mindən çox köçkünün geri qayıtmasına şərait yaranıb: “Biz ANAMA ilə daha yaxından əməkdaşlıq edirik. İki həftə əvvəl yeni bir sazişə imza atmışıq. Bu məqsədlə BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan 1 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu vəsait həm işçi heyətə təlim keçirilməsinə, həm də avadanlıqların alınmasına yönəldiləcək. Biz Azərbaycanda bu istiqamətə dəstəyimizi artırmışıq. ANAMA-ya mina xəbərdarlığına dair ehtiyacların araşdırılmasında və tədqiqat sahəsində də dəstək olacağıq. Fəaliyyətimiz, həmçinin mina avadanlığının satın alınmasını, minalardan təmizlənən ərazilərin bərpasını və minaları aşkarlayan itlərin təlimləndirilməsi prosesini də əhatə edəcək”.

 

Mustafa KAMAL,

“Respublika”.

Read 47 times