XƏBƏR LENTİ

Cümə axşamı, 08 Aprel 2021 10:58

Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hüquqi əlaqələr ən yüksək səviyyədədir

Baş prokuror Kamran Əliyev Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hüquqi əlaqələrin ən yüksək səviyyədə olması məmnunluqla vurğulanıb. Baş prokuror bildirib ki, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələri strateji əməkdaşlıq səviyyəsində olmaqla dünya ölkələrinə nümunədir.

Baş prokuror qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirib.

İkitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən Baş prokuror, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını ifadə edən səfir Erkan Özoral bundan sonrakı fəaliyyətində də ikitərəfli əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

 

AZƏRTAC

Read 44 times