XƏBƏR LENTİ

Cümə axşamı, 08 Aprel 2021 10:47

Yüksək səviyyəli tibbi xidmət təmin olunur

1946-cı ildə 1621 saylı Cərrahi Hospitalın bazasında professor Ağaxan Talışinskinin təşəbbüsü ilə Bakı Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutu yaradıldı. 1956-cı ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu adlanır. İnstituta görkəmli alim, səhiyyə təşkilatçısı və dövlət xadimi, professor, tibb elmləri doktoru Əziz Əliyev rəhbərlik edib. İnstitut Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra da Travmatologiya və Ortopediya üzrə elm ocağı kimi fəaliyyətini davam etdirib. İnstitutun direktoru, tibb elmləri doktoru İlqar Qasımov bu qabaqcıl tibb ocağının fəaliyyətindən danışaraq dedi: “Ölkəmizdə sümük-oynaq xəstəlikləri, bud-çanaq və diz oynaqlarının patologiyaları geniş yayılıb. Bud-çanaq oynağı probleminin koksartrozun səbəbləri arasında genetik meyillilik, artıq çəki, ağır fiziki iş və s. xüsusi yer tutur. Koksartrozlar 100-ə qədər müxtəlif xəstəliklər zəminində də yaranır. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, Azərbaycanda anadangəlmə displastik koksartrozlar birinci yerdə dayanır. Bunun da səbəbi əksər hallarda ölkəmizin cənub və şimal regionlarında anadangəlmə bud-çanaq displaziyası və çıxıqların yüksək faiz olmasıdır. Körpə doğulandan 1 ay ərzində mütəxəssis tərəfindən ultrasəs müayinəsi ilə dəqiq erkən diaqnostika olduqda, onların 80-90 faizində oynağı sadəcə bandajlar vasitəsilə bərpa etmək mümkündür. Əgər ağır patologiyadırsa, 3 ay sonra ultrasəs ilə yanaşı, rentgen müayinəsi də aparılır. Qalıq çıxıqlar olarsa, 2-3 yaşda əməliyyat aparılmalı və ciddi çanaq rekonstruksiyası edilməlidir. Nəzərə almaq lazımdır ki, bud-çanaq oynağının patologiyası kifayət qədər ciddi problemdir və ona diqqətsiz yanaşmaq olmaz. Gecikmiş diaqnostika müalicənin məqsədyönlü olmamasına, xroniki ağrılara və oynağın funksiyalarının əlillik dərəcəsinədək itirilməsinə gətirib çıxara bilər. Terapiya vaxtında başlasa, oynağın məhv olmasının qarşısını almaq, xəstəliyin simptomlarını aradan qaldırmaq, yaxud azaltmaq mümkündür. Ona görə də uşaqlıq illərindən profilaktikaya başlanılmalıdır. Vaxtında aparılmış profilaktika xəstəliyin irəliləməsinin qarşısını alar və sümük sağlamlığını uzun müddət qoruya bilər. Tövsiyələrə riayət edərək müalicənin erkən başlanması simptomların böyük bir hissəsini aradan qaldırır. Gec mərhələdə isə hərəkət qabiliyyətinin bərpası yalnız bud-çanaq oynağının əməliyyatı ilə mümkündür. Burada süni oynaq və ortoplastika şöbəsi fəaliyyət göstərir. Oynaqdakı ağrı gün ərzində hərəkətləri məhdudlaşdıranda, yerimək, əyilmək çətinləşəndə, oynaqdakı ağrı keçmədikdə, axşam və gecə narahatlıq yaratdıqda, oynaq süni protezlə əvəz edilir.

Dünyada il ərzində 1 milyon 250 min süni oynaq qoyulur. Hazırda Avropada bu əməliyyatlar xəstəliyin erkən mərhələsində həyata keçirilir. Bu əməliyyatla insan normal həyata qayıdır, ciddi ağrılardan, hərəkətsizlikdən xilas olur. Mən 20 ildən artıq Rusiyada, hazırda isə Azərbaycanda süni oynaq əməliyyatları həyata keçirirəm. İl ərzində institutda 150-dən artıq əməliyyat aparılır.

Bud-çanaq oynağının ortroplastikası əməliyyatından sonra ciddi ağırlaşmalara az rast gəlinir. Amma ortaya çıxan fəsadlar çoxsaylıdır. Məsələn, ən çox rast gəlinən tromboz, tromboemboliyadır. Əməliyyatdan sonra erkən yeriməyə başlamaqla, hərəkətsiz qalmamaqla bu riski azaltmaq olar. Digər fəsad protezdən sonra infeksiya, iltihablaşma ola bilər. Şəkərli diabet, digər xroniki xəstəliklər və s. bu riski artırır. Ona görə əməliyyat vaxtı profilaktik antibiotik müalicəsi və digər xüsusi tədbirlərlə infeksiya təhlükəsi azaldılır. Total bud-çanaq oynağı protezi infeksiyalaşarsa, təkrar cərrahi əməliyyat - protezin çıxarılıb müəyyən müddətdən sonra təkrar yerləşdirilməsi əməliyyatı icra olunur. Bir çox xəstələrdə süni oynaq əməliyyatları etmişəm. Bud sümüyünün boynunun sınıqları əksər hallarda yaşlı insanlarda təsadüf olunur. Əməliyyat etdiyim xəstələrin əsas yaş həddi 30-dan, 75-ə qədərdir. Bud-çanaq oynağının patologiyalarına daha çox qadınlarda rast gəlinir. İndiyə qədər həyata keçirdiyim artroz əməliyyatlarının 80 faizini qadınlar üzərində aparmışam.

Hərəkət, o cümlədən yerimək sağlamlıq üçün faydalıdır. Ancaq problem artrozdursa, yeriməyə “stop” deyirik. Bu zaman oynağın bərpasına kömək etmək məqsədilə üzmək tövsiyə olunur. Başqa problemlər zamanı isə yumşaq, xüsusi idman ayaqqabısı ilə yerimək faydalıdır. Ancaq qadınlar yüksək dabanlı ayaqqabılara çox meyillidirlər. Bu halda 80 faiz yük pəncənin ön hissəsinə düşür və bu deformasiyaya gətirib çıxarır. Onurğaya mənfi təsir göstərir. Ona görə hündürdaban ayaqqabıda 2-4 saatdan artıq gəzmək düzgün deyil. Sağlam yaşamaq istəyiriksə, artıq çəkidən xilas olmalıyıq. Bu, ciddi problemdir.

Son on ildə ölkəmizdə ultrasəs diaqnostikası yüksək inkişaf edib. İnstitutumuzda müasir metodika ilə hər cür əməliyyatlar həyata keçirilir. Artıq xarici ölkələrdən qonaqlar gələndə onları qürurla qəbul edirik. Rəhbərlik etdiyim dövlət müəssisəsində “Artroplastika və Artroskopiya” şöbəsi açılıb, savadlı gənc mütəxəssislərdən ibarət komanda var. İnstitutda 1200 kvadratmetr müasir əməliyyatxana bloku yaradılıb. Bu, ölkə travmatologiya və ortopediyası üçün böyük addımdır.

2020-ci ildə Vətən müharibəsi ilə əlaqədar olaraq institutun kollektivi xəsarət almış müharibə iştirakçılarının müalicəsi və reabilitasiyası ilə məşğul olaraq bölgələrə ezam olunmuş və orada yaralılara yüksək səviyyədə tibbi xidmət göstərmişlər. İnstitut tərəfindən 5 stasionar klinikaya həkimlərdən ibarət mobil qrup göndərilərək onların müalicə prosesinə nəzarət və köməklik olunur. İnstitutda 3 stasionar baza yaradılıb və burada aparılan cərrahi əməliyyatdan sonra yaralılar həmin stasionarda müalicəsini davam etdirir.

Hazırda institutda qazilərə yaralanma nəticəsində əmələ gələn sümük defektlərinin bərpası üçün osteosintez əməliyyatları və onlarla bağlı müalicələr aparılır.

Çalışırıq ki, müalicə və cərrahiyyə sahəsində bilik və bacarığımızı daha da artıraq və əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərək.

Kamil İSMAYILOV,

“Respublika”.

Read 56 times