XƏBƏR LENTİ

Çərşənbə, 07 Aprel 2021 06:42

Ermənistanın hərbi cinayətləri cəzasız qalmayacaq

Ermənilər tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Ermənilərin bu cinayət əməllərinin miqyasına və nəticələrinə diqqət yetirsək, belə qənaətə gəlmək olar ki, bu soyqırımı və terror aktları həm beynəlxalq hüquq normaları ilə təsbit edilən konvensiyalara əsasən, həm də mənəvi-əxlaqi kodekslərə görə insanlığa qarşı və bəşəriyyət əleyhinə cinayətdir. 1905-1907-ci illərdə soydaşlarımıza qarşı baş verən kütləvi qətliamdan sonra azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması tarixin sonrakı dövrlərində də davam edib.

 

Tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövləti öz havadarlarının dəstəyilə Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasəti yürüdüb. Beləliklə, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini görünməmiş qəddarlıqla həyata keçiriblər. Dünya ictimaiyyəti 2020-ci ilin sentyabr-noyabr aylarındakı 44 günlük müharibədə də Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsinə, mülki şəxsləri hədəfə almasına, beynəlxalq hüquq normalarını kobud surətdə pozmasına şahidlik etdi. Bu faktlar ermənilərin dinc əhaliyə qarşı soyqırımı və terror aktlarının daha bir nümunəsi kimi tarixin səhifələrinə yazıldı.

30 illik işğal dövründə də Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən əlavə, 7 rayonu da viranə qoyub, şəhərlər, qəsəbələr, kəndlər darmadağın edilib, tarixi abidələr məhv olunub, qəbiristanlıqlar şumlanıb, qəbirlər sökülüb, məscidlər və ibadət yerləri dağıdılıb, saysız-hesabsız hərbi cinayətlər törədiblər. Bu, hərbi cinayətlərdən biri də müharibə dövründə Ermənistan tərəfindən Şuşaya Operativ-Taktiki Raket Kompleksindən “İsgəndər-M” raketinin atılmasıdır.

Bu günlərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirib ki, Şuşada minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işləri zamanı martın 15-də qurumun əməkdaşları bu şəhərdə iki partlamamış raketin qalıqlarını aşkar edib. Agentliyin təmsilçisi deyib ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların “İsgəndər” raket sisteminə aid olduğu müəyyən edilib. Bu, Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etdiyini təsdiq edir. Raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Raketin qalıqları aprelin 2-də Bakıda mediaya nümayiş etdirilib.

II Qarabağ müharibəsi zamanı Ermənistan rəsmilərinin və baş nazir Nikol Paşinyanın bəyanatları, açıqlamalarında da “İsgəndər”lərdən istifadə edildiyi bildirilir.

Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda bildirilib ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunmayıb. Lakin qalıqların tapılması bu açıqlamanı şübhə altına qoyur. Sual olunur, əgər Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər -M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İsgəndər-E” raket kompleksi verib. Bununla müqayisədə  “İsgəndər-M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafə qət edə bilir.

44 günlük müharibə dövründə Ermənistanın Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutduğu, Gəncə, Bərdə, Tərtər şəhərlərinin böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurulduğu, çoxlu sayda mülki insanın qətlə yetirildiyi və yaralandığına dair faktlar vardır. Ermənistan ordusu tərəfindən qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə olunub.

Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurub. Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması və onun Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-lərində geniş əks-səda doğurub.

ABŞ-ın “Azadlıq” radiosu və Litvanın “Slaptai” xəbər saytı məlumat yayıb ki, Azərbaycan hərbçiləri Qarabağda ərazilərin minalardan təmizlənməsi zamanı “İsgəndər” raketinin qalıqlarını aşkar ediblər. Materiallarda qeyd olunub ki, raketin qalıqlarının fotoşəkilləri ölkənin internet resurslarında dərc edilib. Raketin qalıqları martın 15-də Şuşa yaxınlığında tapılıb. 2020-ci ilin payızında Azərbaycan ilə Ermənistan arasında Qarabağ uğrunda ay yarımlıq müharibənin son günlərində bu şəhərdə şiddətli döyüşlər gedib. BBC Azərbaycanın Minatəmizləmə Agentliyinin nümayəndəsinə istinadla xəbər verir ki, raketin qalıqları Ermənistan tərəfindən “İsgəndər” kompleksinin tətbiq olunmasını sübut edir. Mərkəzi ofisi Vaşinqtonda yerləşən “Jameston” Qlobal Araşdırma və Analitika Fondunun saytında yayımlanan “İsgəndər” raketləri Qarabağda uğursuzluğa düçar oldu, lakin Ermənistanda böhran yaratdı” sərlövhəli məqalədə 44 günlük müharibənin gedişatı, Ermənistanın məğlubiyyəti, bu səbəbdən ölkədə siyasi elita daxilində çəkişmələr geniş təsvir olunur. Yazıda qeyd edilir ki, Ermənistan “İsgəndər” raket sistemini əldə edən ilk ölkədir və o, Qarabağ müharibəsində bu raketdən istifadə edib. Sayt Ermənistanın baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirlərini sitat gətirərək bu faktın həqiqət olduğunu qeyd edib. Qərb ölkələrinin digər media orqanları, o cümlədən “konflikty.pl”, “eurasiamtimes.com”, “Caucasus watch”, “pl.sputniknews.com” saytları yazırlar ki, 44 günlük müharibə dövründə Ermənistan öz arsenalındakı ən güclü silah sayılan “İsgəndər” raket kompleksindən Azərbaycana qarşı istifadə edib. Xəbərlərdə bildirilir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı fotoşəkillərdə raketin qalıqlarının “İsgəndər” raket kompleksinə aid olduğunu təsdiqləyən seriya nömrələri əksini tapıb. Qardaş Türkiyə Respublikasının mətbuatı da 44 günlük Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raket kompleksindən istifadə etməsi barədə çoxsaylı materiallar yayımlayıb. Anadolu Agentliyi yazır ki, Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketi tətbiq etməsi təsdiq olundu. Agentlik qeyd edir ki, bununla bağlı Rusiya və Ermənistan ziddiyyətli açıqlamalar verir. Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı “İsgəndər”in tətbiq olunmadığını iddia etsə də, bu məsələ raketin qalıqları ilə sübut olunur. Mövzu ilə bağlı Türkiyənin “yenisafak.com”, “sabah.com”, “haber7.com” saytları, “Haber türk” telekanalı, “İstikrar” qəzeti və digər KİV-ləri də ətraflı məlumatlar yayımlayıblar.

İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan ərazilərini bir sıra təhlükəli silahlardan, o cümlədən “İsgəndər” raketi ilə atəşə tutması Gürcüstan mətbuatının da diqqət mərkəzində olub. Gürcüstanın “info9.ge”, “report.ge”, “24news.ge”, “interpress.ge”, “accentnews.ge”, “4news.ge”, “ghn.ge” informasiya portallarında və 1tv.ge ictimai televiziya kanalında gürcü, Azərbaycan, rus və ingilis dillərində yayılan məlumatlarda Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqlarının Şuşa şəhəri istiqamətində aşkarlandığı bildirilir. Məlumatlarda qeyd olunur ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb və məlum olub ki, bu qalıqlar “İsgəndər-M” raketlərinə aiddir.

Ukraynanın “dialog.ua”, “İnterfaks-Ukrayna”, “mil.in.ua” saytları da yazırlar ki, Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib. Məlumatlarda qeyd edilir ki, raketin qalıqlarının Bakıda nümayiş etdirilən fotolarından aydınca görünür ki, Ermənistanın Azərbaycanın Şuşa şəhəri istiqamətində atdığı raketlər “İsgəndər” raketinin qalıqlarıdır. Beləliklə, müharibədə “İsgəndər” raketindən istifadə olunmaması barədə yayılan məlumatların yalan olduğu üzə çıxır. Yaxın Şərqdə geniş oxucu auditoriyasına malik olan “MENAFN” informasiya portalı və İndoneziyanın “intemational.sindones” saytı yazırlar ki, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycan ərazisinə “İsgəndər-M” raketi atılıb. Bu raketin qalıqları aprelin 2-də Bakıda nümayiş etdirilib. Xəbərlərdə qeyd olunur ki, raketin qalıqları martın 15-də Şuşa şəhərinin və ətraf ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi zamanı aşkarlanıb.

Böyük Britaniyanın “BBC News” televiziya kanalı və saytı bəyan edib ki, Qarabağda “İsgəndər” raketlərinin qalıqları aşkar olunub. Aprelin 2-də raketin qalıqları Bakıda nümayiş etdirilib. Azərbaycan Minatəmizləmə Agentliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, “İsgəndər” raketlərinin bu qalıqları martın 15-də Şuşa şəhərinin minalardan təmizlənməsi zamanı aşkar edilib. Məlumat verilib ki, raketin qalıqları bir-birindən 780 metr məsafədə olub. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, Şuşa şəhəri istiqamətində “İsgəndər-M” raketi buraxılıb. Reportajda qeyd olunur ki, noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs barədə Bəyanatın imzalanmasından bir neçə saat əvvəl sosial şəbəkələrdə yayılmış videoda erməni əsgərlərin raketi işəsalma fonunda şəkilləri, həmin qurğudan 41 saniyə fasilə ilə iki raketin uçması görünür. Jurnalistlər vurğulayırlar ki, “İsgəndər-E” Ermənistanın arsenalında bu cür tezliklə raketlər buraxa bilən yeganə sistemdir. Bundan əlavə, hələ noyabr ayında BBC-nin Ermənistan hökumətindəki mənbəyi müharibənin son günlərində “İsgəndər” raketlərindən istifadə olunmasını bildirib.

44 günlük Vətən müharibəsində tarixi missiyamızı şərəflə yerinə yetirdiyimizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdıran dövlət başçısı cənab İlham Əliyev bildirib ki, Azərbaycan erməni faşizmini məhv etdi: “Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir”.

Azərbaycan qəti əmindir ki, Ermənistan törətdiyi bütün hərbi cinayətlərə görə cavab verməli olacaq. Dövlətimiz bu istiqamətdə beynəlxalq təşkilatların müvafiq dəstəyini gözləməkdə tam haqlıdır.

Şükür ƏLİZADƏ,

“Respublika”.

Read 64 times