XƏBƏR LENTİ

Çərşənbə, 07 Aprel 2021 06:33

Aprel döyüşləri: Qarabağa Böyük Qayıdışın başlanğıcı

“Barbarosso” - 1940-cı il dekabrın 18-də Hitlerin imzası ilə vermaxtın Ali komandanlığının 21 nömrəli direktivlə təsdiq etdiyi Qızıl Ordu və SSRİ-nin Avropa hissəsinin dörd-beş ay ərzində işğal edilməsi barədə dağıdıcı planı məhz belə adlanırdı. Hitlerin fikrincə güclü bir zərbə ilə SSRİ çökdürüləcək və əgər Rusiya dağıdılardısa, İngiltərə son ümidlərini də itirəcəkdi. Onda Avropada da, Balkanlarda da Almaniya hökmranlıq edəcəkdi. Onun bu arzusu gözündə qaldı, SSRİ xalqları birlikdə faşizmə son qoydu. Və indi 70 ildir ki, bu tarixi qələbəni də o xalqlar birlikdə qeyd edir: zülmə, insan qırğınına son qoyan bir qələbəni. 70 ildir ki, biz də o dəhşətli müharibədən, xalqımızın bu müharibədəki qəhrəmanlığından deyir, danışır, yazırıq. Qəribəsi, bəlkə də ən acınacaqlısı da bu idi ki,  70 ilin 30 ildən çoxunu erməni faşizminin dəhşətlərini görə-görə, döyüşə-döyüşə yaşamışıq. Deyirlər, ilan ulduz görməsə ölməz, bilmirəm, belədir ya yox, ancaq onu bilirəm ki, erməni yumruq görməsə ölməzdi, gördü. Onun “Böyük Ermənistan” yaratmaq arzusunu da sən gözündə qoydun, igid əsgər!..

 

O yumruğa hər kəs bacardığı qədər güc qatdı: qanı, canı bahasına. Sizə minnətdarıq igid əsgərlərimiz, çiyinlərinə özündən qat-qat artıq yük götürən pilotumuz, topçumuz, tankçımız, sıravi döyüşçümüz. Vətənə etdiyin bu xidmət üçün sağ ol!.. Qələbən mübarək Azərbaycan əsgəri, alnına döyüş qalibiyyəti yazılan 8 noyabr zəfər günün mübarək! Bu zəfərə doğru uzun illər yol gəldin, düşməni dəfələrlə susdurdun, ona dərs olmadı. İlk zərbəsini 2016-cı ilin aprelində aldı. Düşmənlə bu mübarizə “Aprel döyüşləri” kimi tarixiləşdi, acısı-şirini, uğuru-uğursuzluğu, qələbəsi-məğlubiyyəti ilə tarixə yazılan “Çanaqqala”, “Çaldıran”... döyüşləri tək... Bu, bizim böyük zəfərimizin başlanğıcı idi...

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi... İllərlə uzanan bu məsələnin həll yolları olsa da maraqlı dairələr onun çözülməsinə həmişə maneə yaratdılar. Bu maneələrə, təzyiqlərə rəğmən Azərbaycan Prezidenti İlham Əliyev qondarma Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini hər zaman ən yüksək tribunalardan bəyan edirdi. Ədalətin ən böyük meyar olduğunu söyləyən ölkə başçısı dünya birliyini bu məsələyə ədalətlə yanaşmağa səsləyirdi.

Azərbaycan ordusu torpaqlarımızı azad etməyə həmişə hazır və qadir olub. Hələ 1994-cü ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələri Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndini işğaldan azad etdi, lakin ətraf yüksəkliklərdə Ermənistan ordusunun mövqe tutması kəndin ərazisini faktiki olaraq təhlükə altında saxlayırdı. 2016-cı il aprelin 2-də ordumuzun əks-həmləsi ilə Lələtəpə yüksəkliyi azad olundu və bununla da Ermənistan ordusunun kəndə, oradakı mövqelərimizə yaratdığı təhlükə aradan qalxdı.

2016-cı ilin aprel döyüşləri zamanı Lələtəpə istiqamətində Ermənistan ordusu 200-dən çox canlı qüvvə, 15-ə yaxın tank, PDM və zirehli döyüş maşını, çoxlu sayda hərbi texnika itirdi. Çox sayda silah və hərbi texnika qənimət olaraq ələ keçirildi. Aprel ayının 3-də və 4-də düşmənin itirilmiş mövqelərini geri almaq üçün əks-həmlələri nəticəsiz qaldı.

Azərbaycanın diplomatik uğurlarına, eyni zamanda güclü, qüdrətli ordusuna söykənərək fikir bildirən ölkə başçısı bir inamı da həmişə əminliklə söyləyirdi:  “Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

O, 2017-ci il aprel ayının 4-də Azərbaycan ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyirdi: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu fikirləri isə 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı. O, mübariz bir sərkərdə kimi dünyaya göstərdi ki, hər bir məsələnin həll yolu var və Azərbaycan xalqı, Azərbaycan ordusu, ləyaqətlə, dünya hərb tarixinin ən humanist prinsiplərinə söykənərək halal haqqını geri qaytardı, şanlı hərb tariximizin yeni səhifəsini yazdı. Dostu sevindirdi, düşməni məyus etdi.

Mən inanıram ki, Azərbaycan ordusu elə Aprel döyüşlərində bu ali məqsədinə çata bilərdi. O zaman düşmənin növbəti təxribatının qarşısını almaq üçün hərbi əməliyyatlara başlayan şanlı ordumuz məhz humanizmə söykənərək bu döyüşləri davam etdirmədi, düşmənə düşünmək, daşınmaq üçün daha bir şans verdi. Düşmənə yüngül dərs verməklə məsələnin sülh, danışıqlar yolu ilə həlli bir daha gündəmə gətirildi. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu məqamı dəyərləndirə bilmədi, daha doğrusu dəyərləndirmək istəmədi.

Dövlət başçısının da qeyd etdiyi kimi: “Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, Aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və s. Birincisi, biz nəyi etmək istəmişiksə onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər Aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz o hərbi potensialımızdan istifadə edərdik”.

Əslində, dövlət başçısının söylədikləri bizim tarixi qələbəmizə kölgə salmaq istəyənlərə layiqli bir cavabdır. Azərbaycan haqq işi uğrunda savaşa qalxıb məsələni istədiyi yolla həll etdi. “Aprel döyüşləri hərbi kitablara salınmalıdır”. Prezidentin bu fikri isə Aprel döyüşlərinə verilən ən gözəl qiymətdir. İllər keçəcək, bizi böyük zəfərə aparan yolun başlanğıcına dönəcək və bir daha əmin olacağıq ki, Aprel döyüşlərində tökülən qan, verilən qurbanlar hədər getmədi. Qarabağa Böyük Qayıdış elə buradan başlayır!..

 

Zümrüd QURBANQIZI,

“Respublika”.

Read 51 times