XƏBƏR LENTİ

Çərşənbə axşamı, 06 Aprel 2021 09:00

Böyük zəfərin başlanğıcı

Lələtəpə yüksəkliyində dalğalandırılan bayrağımız bunun təsdiqidir

 

2016 -cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatı keçirib, düşməni ağır məğlubiyyətə uğratdığı, Azərbaycan Ordusunun qələbəsi ilə bitən Aprel döyüşlərindən beş il ötür. Aprel döyüşlərini ölkəmizdə qürurla yad edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, bir daha müzəffər ordumuzla fəxr edirik. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev vurğulayır: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”.

Azərbaycan Ordusunun bu böyük tarixi qələbəsi onun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu nümayiş etdirməklə ordu ilə xalqın birliyinin qələbəsi kimi də tarixiləşdi. Dünyaya bəyan etdik ki, xalqımız ordusuna inanır, ona güvənir, ordu da xalqa arxalanır. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi rəyin puç olduğunu da təsdiqlədi. Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Ölkə başçısının qeyd etdiyi kimi, Ermənistan rəhbərliyi Aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etdilər. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Sərsəm bəyanatlar verdilər ki, onlar torpaqları itirməyiblər. Deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Guya onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalan oldu. Axırda məcbur olub Aprel döyüşlərindəki məğlubiyyətlərini etiraf etdilər. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir.

Bu gün o zaman baş vermiş hadisələri yada salmaqla daha aydın təsəvvür yaratmaq mümkündür. Atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini dəfələrlə pozurdular. Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Nəticədə dinc sakinlər arasında ölən və yaralananlar oldu, infrastruktur obyektləri zədələndi, evlər dağıdıldı, əhalinin şəxsi təsərrüfatlarına və əmlaklarına xeyli ziyan dəydi. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmiş, Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edilmişdir. Yüksəklikdə Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etmişdir. Məlumata görə hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilmiş, 320 döyüşçüsü öldürülmüş və 500-dən artıq döyüşçü yaralanmışdır.

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdu. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandı. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu eyni zamanda işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması istiqamətində atılan ilk addım oldu.

Tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi-vətənpərvərlik ruhunu daha da yüksəltdi. 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşməyə hazırdır. Aprel döyüşləri bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Müzəffər Ali Baş Komandan deyir: “Aprel döyüşlərindən sonra mən təmas xəttində yerləşən kəndlərə baş çəkərkən bir daha Azərbaycan xalqının cəsarətini və Vətənə bağlılığını əyani şəkildə gördüm. Aprel döyüşlərində hərbçilərimiz qəhrəmanlıq göstərdilər. Şəhid hərbçilərimizin xatirəsi bizim qəlbimizdə, Azərbaycan xalqının ürəyində daim yaşayacaq. Eyni zamanda, döyüşlərdən sonra hərbi hospitalda yaralı hərbçilərə baş çəkərkən gördüm ki, onlarda nə qədər böyük Vətən sevgisi var. Ağır, yaralı vəziyyətdə olmalarına baxmayaraq deyirdilər ki, bizim arzumuz tezliklə sağalıb yenə də cəbhə bölgəsinə getməkdir. Bax, budur bu gün Azərbaycan gənci, Azərbaycan vətəndaşı, onun düşüncəsi, onun əqidəsi və Vətənə olan sevgisi. Bizim ölkəmizi gücləndirən əsas amillər bunlardır”. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin, möhtəşəm zəfərin yalnız başlanğıc nöqtəsi idi.

Mustafa KAMAL,

“Respublika”.

Read 64 times