XƏBƏR LENTİ

Cümə axşamı, 25 Fevral 2021 12:03

Ulu öndərin arzusunu gerçəkləşdirən Ali Baş Komandan

Artıq tarixə qovuşan 2020-ci il şanlı Qələbəmiz kimi yadda qalacaqdır. Azərbaycan 30 ilə yaxın 20 faiz ərazilərimizi işğal altında saxlayan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını azad etmişdir. Bu Qələbə onilliklər, yüzilliklər ötsə də, xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasında 8 noyabrın Zəfər Günü kimi təsis edilməsi haqqında sərəncam imzalamış, 2020-ci il dekabrın 10-da isə ikinci Qarabağ müharibəsində (Vətən müharibəsi) Azərbaycanın qələbəsi şərəfinə paytaxtın Azadlıq Meydanında Zəfər Paradı keçirilmişdir. Paradda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişlər. Onu da qeyd edək ki, 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusu Dağlıq Qarabağı azad etmək idi. Ulu öndər bu məqsədlə dünya ölkələrinə səfəri zamanı əlində Azərbaycanın xəritəsi, Dağlıq Qarabağdakı vəziyyəti, onun yerləşməsi haqqında bütün məlumatları, arxiv sənədlərini dövlət başçılarına, BMT-yə, ATƏT-ə, digər beynəlxalq təşkilatlara çatdırır, Ermənistanın bizim əzəli torpaqlarımızı işğal etdiyini faktlarla sübut edirdi. Bəli, böyük öndərimizin arzuları nəhayət ki, 2020-ci ildə gerçəyə çevrildi. Müstəqil Azərbaycanın qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin vəsiyyətini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi.

Xalqımız böyük Qələbənin ilk müjdəsini ötən il noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Həmin gün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanında xalqa müraciətində bu barədə məlumat vermişdir:

“Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər Xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin, qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç bir vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq”. Daha sonra Fəxri Xiyabana gələn dövlətimizin başçısı çıxışında demişdir: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir. Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun Azərbaycan!”

Ermənistan 44 günlük müharibədə məğlub olduğunu görüb müqaviməti dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa çarəsi qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat elə düşmən ölkənin kapitulyasiyasının ifadəsi oldu. İmzalanan üçtərəfli bəyanatdan sonra noyabrın 10-dan etibarən Dağlıq Qarabağda atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan oldundu.

28 il yarım işğal altında qalan Şuşanın işğaldan azad olunması, ümummilli lider Heydər Əliyevin “Azərbaycan üzükdür, Şuşa onun qaşı” sözləri yenidən öz dəyərinə qovuşdu. Şanlı Ordumuzun gücü, qüdrəti və qətiyyəti sayəsində bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Şuşada yenə də azan səsi eşidildi, sənətkarlar beşiyi olan bu şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır.

Onu da qeyd edək ki, hərbi güc yolu ilə birinci Cəbrayıl şəhəri, daha sonra Zəngilan, Qubadlı rayonları işğaldan azad edildi, bu ərazilərimizdə üçrəngli bayrağımız dalğalandı. Nəhayət, imzalanmış üçtərəfli bəyanatdakı razılaşmaya əsasən dekabrın 1-nə kimi işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarından Ermənistan öz qoşunlarını çıxardı. Həm də bu rayonlar bir güllə atılmadan belə geri qaytarıldı. On illər boyu Ermənistan ordusunun Azərbaycanın işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması haqqında BMT-nin qəbul etdiyi 4 qətnamənin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) nizamlaya bilmədikləri münaqişəyə son qoyuldu, baza prinsiplərinin hər iki mərhələsi (beynəlxalq hüquq normalarına uyğun əvvəlcə 5 rayonun, daha sonra 2 rayonun qaytarılması) yerinə yetirildi, qondarma “Dağlıq Qarabağ respublikası”nın yaradılması xülyası tarixin arxivinə yuvarlandı.

Ölkəmizin rəhbəri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciətində bu barədə deyib: “Mən hər zaman deyirdim, son 17 il ərzində, demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik.

Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir”. Bütün dünyanın gözü qarşısında xalqımızın tarixində heç vaxt olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirildi, daxildəki həmrəylik milli birlik vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan müstəqil Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz mümkün olmayanın mümkünə çevirdi. Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsinə noyabrın 8-də “Qarabağ Azərbaycandır!” nidası ilə yekun vuruldu. Müzəffər Ali Baş Komandanın müdrik və qətiyyətli siyasəti, məğrur və iradəli Azərbaycan Ordusunun əzmi, qanını, canını qurban verərək əbədiyyata qovuşan şəhidlərimizin ruhu və qazilərimizin sağlamlığı bahasına tariximizə bəxş edilən şanlı Qələbə həm də dünya azərbaycanlılarını dəmir yumruq ətrafında sıx birləşdirdi. İstər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızdan Azərbaycan Prezidentinin ünvanına gələn minlərlə teleqramda məhz bu fikirlər öz əksini tapmışdır. Bütün çıxışlarında və müraciətlərində “Qarabağ Azərbaycandır!” deyən möhtərəm Prezidentimiz onu xəyallarımızdan gerçəkliyə çevirdi.

Azərbaycan Prezidenti yeni il ərəfəsində xalqa müraciətində bildirir ki, son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi - güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək.

Qeyd edək ki, son 17 il ərzində dövlət başçımızın rəhbərliyi altında nəhəng neft, qaz, dəmir yolu layihələri icra edilmiş, Azərbaycan iqtisadi cəhətdən dünyada qabaqcıllar sırasına çıxmışdır. İqtisadi qüdrətimiz digər sahələrlə yanaşı, hərbi gücümüzün dünya standartları səviyyəsində qalxmasına imkan vermişdir. Məhz vətən müharibəsində Ermənistan hərbi texnikamızın nəyə qadir olduğunu gördü. Hətta bir çox dünya ölkələri müharibədən sonra bizim hərbi taktikamızı öyrənməkdə maraqlıdırlar. Dünya təcrübəsi də göstərir ki, güc iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa, nə hərbi, nə də siyasi gücdən söhbət gedə bilməz.

Düzgün planlaşdırılmış və həyata keçirilmiş əməliyyatlar sayəsində qəhrəman zabit və əsgərlərimiz texniki imkanlardan bacarıqla istifadə edib rəşadət göstərərək Ermənistan ordusunu və hərbi texnikasını darmadağın etdi. Ermənistan kapitulyasiya aktına imza atdı, bunu bütün dünya gördü. Bu gün döyüş meydanlarında məhv edilmiş və erməni əsgərlərinin qoyub qaçdıqları zaman ələ keçirilmiş yüzlərlə hərbi texnika və sursat bunun bir sübutudur.

Artıq müharibə arxada qalıb, ölkəmiz üçün yeni dövr - quruculuq və abadlıq dövrü başlayır. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası günləri bizi gözləyir. Çünki düşmən işğal etdiyi və artıq azad edilən torpaqlarda hər şeyi dağıdıb, yerlə-yeksan edib. Bir sözlə, bütün şəhərlərimiz, kəndlərimiz ən yeni üslubda yenidən qurulacaq, bərpa ediləcək, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!

Əlbəttə, işğaldan azad olunmuş ərazilərin bərpasını və keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasının zamana ehtiyacı var. Onu da əminliklə deyə bilərik ki, müharibənin vurduğu yaralar tezliklə aradan qaldırılacaq, ölkəmizdə iqtisadi cəhətdən yeni çiçəklənmə dövrü başlayacaq, gələcək nəsillərimiz Azərbaycan kimi daha parlaq və qüdrətli bir dövlətdə yaşayacaq. Buna heç kəs şübhə etməsin.

Ramiz YUSİFLİ,

“Respublika”.

Read 92 times