XƏBƏR LENTİ

Cümə axşamı, 25 Fevral 2021 12:01

Rusiyalı jurnalist: Erməni silahlı qüvvələri tərəfindən torpaqların gen-bol minalanması həmin əraziləri öz nəzarətində saxlamağa kömək etmədi

Qarabağda topların artıq susmasına baxmayaraq, hərbçi və mülki insanların həlak olması davam edir. Buna səbəb bütün Qarabağı bürümüş minalanmış sahələrdir. Nəticədə hər həftə neçə insanın həyatı yarımçıq qalır, neçə insan şikəst olur. Atəşkəs haqqında Bəyanat imzalanandan sonra 50-dən çox insan, o cümlədən bir nəfər rusiyalı sülhməramlı minaya düşüb həlak olub.  

AZƏRTAC xəbər verir ki, bu fikirlər rusiyalı jurnalist Dmitri Vinoqradovun “Svobodnaya pressa” internet-nəşrində dərc edilmiş məqaləsində öz əksini tapıb.

Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasından təqribən 4 ay keçməsini xatırladan müəllif deyir: “Hərbi-texniki baxımdan qat-qat üstünlüyə malik olan Azərbaycan Ordusunun sürətli hücumunu dayandırmağı bacarmayan Ermənistan ondan ötrü ağır şərtlərlə sülh bağlamağa məcbur oldu. O vaxtdan regionda qüvvədə olan atəşkəs rejimi təqribən iki minlik rusiyalı sülhməramlı kontingent tərəfindən təmin edilir”.

Jurnalist qeyd edir ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründə şiddətli döyüşlərin getdiyi ərazilərin demək olar ki, hamısında bu gün minasızlaşdırma üzrə fəal iş aparılır.

Minasızlaşdırma xeyli vaxt və resurs tələb edən bir prosesdir. Ötən il noyabr ayında döyüş əməliyyatları başa çatandan bəri Azərbaycan ərazisinin 27 kvadratkilometrlik hissəsi minalardan təmizlənib. Çox da böyük olmayan bu sahədə 40 minə yaxın döyüş sursatı aşkar edilib. Onların hər biri gələcəkdə ciddi təhlükə mənbəyi ola bilərdi. Söhbət erməni silahlı dəstələri tərəfindən 30 ilə yaxın müddətdə nəzarətdə saxlanan ərazilərdən gedir. Bu illər ərzində ermənilər həmin ərazilərin demək olar ki, hər bir qarışını minalayıblar.

Minalardan təmizlənmiş 27 kvadratkilometrlik sahədə aşkar edilmiş mərmilərin ümumi dəyəri 3 milyon dollara yaxındır. İstehkamçıların fikrincə, onların keçdikləri və ya gələcəkdə işləməyi planlaşdırdıqları ərazilərdə toplam 4,5 milyona qədər mina ola bilər. Mütəxəssislərin hesablamalarına görə, ermənilərin orada basdırdığı minaların ümumi dəyəri 340 milyon dollara çata bilər. Müəllif vurğulayır: “Bu, astronomik məbləğdir. Belə çıxır ki, işğal illəri ərzində Ermənistan Azərbaycan ərazilərini minalamaq məqsədilə Ermənistanın 2020-ci il üçün hərbi büdcəsinin 50 faizi, rəsmi valyuta ehtiyatlarının 15 faizi və ya dövlət büdcəsinin 10 faizi qədər vəsait sərf edib”.

D.Vinoqradovun fikrincə, ötənilki müharibənin nəticələri bu xərclərin mənasız olduğunu nümayiş etdirdi. Məlum oldu ki, erməni silahlı qüvvələri tərəfindən torpaqların gen-bol minalanması həmin əraziləri öz nəzarətində saxlamağa kömək etməyib - havada mütləq üstünlüyə malik olan Azərbaycan Ordusu xüsusi təyinatlıların mobil qruplarının köməyi ilə düşmənin müdafiə xəttini qısa müddətdə dəf etdi. Halbuki, erməni tərəfi həmin müdafiə xəttinin yaradılmasına yüz milyonlarla dollar xərcləmişdi.

Jurnalist təəccübünü gizlətmədən vurğulayır ki, Ermənistanın keçmiş rəhbərləri Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılması məsələsini müzakirə etməyə hazır olduqlarını bildirsələr də, eyni zamanda ölkənin hərbi büdcəsinin xeyli hissəsini məhz həmin ərazilərin minalanmasına sərf etmişdi. O yazır: “Onlardan sonra hakimiyyətə gəlmiş Nikol Paşinyanın komandasının timsalında yeni rəhbərlər rayonların qaytarılması məsələsinin müzakirəsindən ümumiyyətlə imtina etdilər, beləliklə, müharibəyə təhrik etdilər, nəticədə həmin əraziləri tamamilə itirdilər və bunun müqabilində heç nə əldə etmədilər”.

Rusiyalı jurnalist sonda yazır: “Qarabağda sonuncu silahlı münaqişənin yekunlarına əsasən deyə bilərik ki, ötən 30 il ərzində ərazilərin minalanmasına sərf edilmiş yüz milyonlarla dollar məbləğində vəsaiti daha səmərəli şəkildə xərcləmək, elm, təhsil və səhiyyə sahələrinə sərmayə qoymaq olardı. Bu gün isə həmin vəsait sözün hərfi mənasında yerə basdırılıb və adətən müharibəyə heç bir aidiyyəti olmayan insanların həyatına son qoymağa “xidmət edir”.

 

 

AZƏRTAC

Read 73 times