XƏBƏR LENTİ

Cümə axşamı, 25 Fevral 2021 11:57

“Sinovac”ın baş meneceri: Sınaqlar “CoronaVac”ın COVİD-19-a qarşı effektli və təhlükəsiz olduğunu göstərib

Müxtəlif qitələr üzrə bir neçə ölkədə aparılmış sınaqların ümumi nəticələri göstərdi ki, “CoronaVac” vaksini müxtəlif əhali qrupundan olan şəxslərdə COVİD-19 infeksiyasına qarşı effektli və təhlükəsizdir.

Bu fikri Çinin peyvənd istehsalı üzrə ixtisaslaşmış “Sinovac Biotech” şirkətinin baş meneceri xanım Quan Yan AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib. O, təmsil etdiyi şirkətin COVİD-19 virusuna qarşı peyvəndin hazırlanması işlərinə ötən ilin yanvarında başlanıldığını və inaktiv vaksin variantını seçdiklərini deyib.

“Bu, etibarlı və ənənəvi vaksin texnologiyasıdır və dünyada müxtəlif xəstəliklərə qarşı vaksinlərin çoxu da məhz bu kateqoriya vaksinlərdir. Bizim qrip, hepatit əleyhinə və digər vaksinlərimiz də inaktiv peyvəndlərdir”, - deyən Quan Yan əlavə edib ki, heyvanlar üzərində sınaqlar uğurla başa çatandan sonra ötən ilin aprelində peyvəndin insanlar üzərində kliniki sınaqlarına icazə verilib. Birinci və ikinci mərhələ kliniki sınaqlar 2 yaş qrupu üzrə (18-59 və 60 yaşdan yuxarı) Çində aparılıb.

“Sinovac”ın rəsmisi bildirib ki, peyvəndin effektivliyinə əmin olmaq üçün 3-cü mərhələ kliniki sınaqların təkcə Çində yox, həm də müxtəlif qitələr üzrə bir neçə ölkədə və regionda aparılmasına qərar verilib. Bununla əlaqədar Braziliyada, Türkiyə, İndoneziya və Çilidəki tərəfdaşlarla danışıqlar aparılıb. İndiyədək Braziliya, Türkiyə və İndoneziyadakı sınaqların ilkin nəticələri əldə edilib.

Quan Yan deyib ki, fevralın əvvəlində Çinin müvafiq qurumu “Sinovac” şirkətinin COVİD-19 peyvəndinin kütləvi marketinqinə icazə verib. Bu zaman peyvəndin həm Çində, həm də xaricdə 3-cü mərhələ kliniki sınaqlarının nəticələri də əsas götürülüb. Xüsusilə Türkiyədəki sınaqların nəticələri diqqətçəkən olub. Türkiyədə “CoronaVac” peyvəndinin effektivliyi 91,25 faiz olub. Bu da çox sevindirici bir nəticədir. Bəzi ölkələrdə vaksinin sınaqlarında iştirak edənlərin sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq effektivlik dərəcəsi dəyişir.

“Sinovac” rəsmisi COVİD-19 pandemiyasına qalib gəlməkdən ötrü peyvəndin mövcudluğunun çox vacib olduğunu vurğulayıb: “Bizim peyvəndin saxlanma və daşınması üçün tələb edilən 2-8 dərəcə Selsi temperatur şəraiti onun daha əlçatan olmasını göstərir. Bu da inaktiv vaksinin bu pandemiyada çox yaxşı işlədiyini deməyə əsas verir. Çünki vaksinin anbarlarda yığılması, daşınması, klinikalarda saxlanması da vacib məsələdir”.

Quan Yan deyib ki, hökumətdən müvafiq razılıq əldə olunduqdan sonra ən qısa zamanda vaksinin ardıcıllığını və uzunmüddətli müşahidəsi üzrə araşdırmalara başlayacaqlarını diqqətə çatdırıb. “Çünki adətən vaksin hazırlanması illər tələb edir, amma COVİD-19 əleyhinə vaksin bir ilin içərisində hazır oldu. Biz vaxt qazanmaq üçün bəzi tədqiqatları paralel aparmalı olduq. Peyvəndin ən qısa zamanda hazır olması üçün bütün qüvvələr səfərbər edildi, çünki bütün dünya vaksinin hazır olmasına ümid edirdi. Hər kəs dünyanın indiki pandemik vəziyyətini dəyişməyin ən səmərəli və yekun yolunun məhz vaksindən istifadə etmək olduğunu dərk edir”, - deyə Quan Yan deyib.

İndiyədək 10-dan çox ölkədə “CoronaVac” peyvəndinin təcili istifadəsinə icazə verildiyini bildirən “Sinovac” rəsmisi, bu peyvəndin Azərbaycanda vaksinasiya prosesində də istifadə olunmasından məmnunluğunu ifadə edib. “Biz ümid edirik ki, şirkətimizin vaksinlərinin effektivliyi və təhlükəsizliyi sayəsində əməkdaşlıq etdiyimiz ölkələrdə pandemiyaya ən qısa zamanda qalib gəlmək və həyatı əvvəlki axarına qaytarmaq mümkün olacaq”, - deyə Quan Yan bildirib.

Qeyd edək ki, “Sinovac Biotech” şirkətinin COVİD-19 virusuna qarşı peyvəndinə dünyada maraq böyükdür. “CoronaVac” peyvəndinin Çin, Türkiyə, İndoneziya, Braziliya, Çili, Kolumbiya, Meksika, Filippin və bir neçə başqa ölkədə tətbiqinə icazə verilib. Ötən ay Azərbaycanda başlayan COVİD-19 virusuna qarşı vaksinasiya prosesində də məhz “Sinovac”ın peyvəndindən istifadə olunur. Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.

AZƏRTAC

Read 61 times