XƏBƏR LENTİ

Cümə axşamı, 25 Fevral 2021 11:51

Bir ailənin faciəsi

...1988-ci ilin qarlı-çovğunlu bir qış günü idi. Erməni xəyanəti sayəsində Göyçə mahalının sakinləri dolayı, sıldırımlı dağ yolları ilə köç karvanlarında ata-baba yurdlarını tərk edir, qocalar, azyaşlı uşaqlar, xəstə insanlar olmazın əzabını çəkir, sığınacaq tapmaq üçün Azərbaycan torpağına qaçmağa tələsirdilər. Basarkeçər rayonunun Yuxarı Şorca kəndində də insanların xoş növrağı pozulmuşdu. Hamı həyəcanlı idi. İnsanları ancaq bir məsələ narahat edirdi: “Sovetlər ölkəsi hayana baxır, Moskva, ermənipərəst Qorbaçov bu ədalətsizliyə niyə göz yumur, Qərbi azərbaycanlıların günahı nədir?”.
Köçmək üçün kənd sakini Məmməd Məmmədovun ailəsi də azdan-çoxdan yır-yığışını etmişdi. Məmməd kişi köç və qəm maşınına söykənib son dəfə atlas geyimli dağlara, “Abbas bəy yaylağına”, “Tərsə” yaylağına, “Sarı yerə” ötəri nəzər yetirdi, qəhər, göz yaşları onu boğdu, qəlbinin sarı simi dilə gəldi, dodaqları qıfıllandı. Həyat yoldaşı Narxanım və oğlu Mürvətlə yaxınlıqdakı kənd qəbiristanlığına üz tutdu. Doğmalarının məzar daşlarını dönüb-dönüb duz kimi yaladılar, qəlb göynədən bayatılar söyləndi, qəbirlər qürbətdə qaldı...
Məmməd huşunu yaman itirmişdi. Axı, neyləməliydi. Köç günlərində oğlu Sərvər çayda boğulub dünyasını dəyişmişdi. Bu azmış kimi, ellikcə loğman təbiətli kəndlərinə əlvida deyir, hər qarışında ayaq izləri qalan qədim Oğuz ellərindən, aşıqlar yurdu, söz-sənət diyarı ulu Göyçədən ayrılırdılar...
Məmməd kişi çox çətinliklə, ulu Tanrının köməyi ilə 5 oğlu, bir qızı, həyat yoldaşı Narxanımla uzaq bir yola üz tutdular. Qışın sərt havasında ac-susuz, titrəyə-titrəyə köç maşınında. Ata, ana ancaq bu ümidlə yol gedirdi: “Allahın yazığı gəlsin, günahsız balalarımıza. Bircə Azərbaycan torpağına salamat çata bilsəydik”...
Məmməd Məmmədov tərəddüd etmədən köç maşını ilə Xocalıya üz tutdu, o torpağa pənah apardı. Çox keçmədi ki, özlərinə isti bir daldalanacaq düzəltdilər, yerli insanlar bu qaçqın ailəsinə kömək əli uzatdılar. Necə deyərlər, bir qismət çörəklərini bəxtləri daşa dəymiş, Göyçə tək böyük mahalı itirmiş talesiz insanlarla yarı böldülər, yaralarına məlhəm qoydular.
1988-ci ilin yanvarından etibarən erməni millətçiləri tərəfindən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti “Qarabağ” və “Krunk” komitələrinin Ermənistan kilsəsinin nümayəndələri SSRİ rəhbərlərinin himayəsi ilə Qərbi Azərbaycandakı soydaşlarımızın ata-baba torpaqlarından qovulması istiqamətində minlərlə qanlı aksiyalar törətmişlər. 1992-ci ilin fevralında Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində analoqu olmayan, misli görünməmiş daha bir soyqırımı aktı yaşanmışdı. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən isə Xocalı şəhərini yer üzündən birdəfəlik silmək olmuşdur. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərdən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi.
Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının qədim tarixi abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi-mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi-mədəniyyət abidələrinin məhvi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Göyçəli Məmməd Məmmədov 1992-ci ilin fevralınadək Xocalı şəhərində yaşayırdı. Məmməd və onun ailəsi yenə də səksəkə içində idi. Axşam-sabah ermənilərin azğınlaşması, Xocalıda terror aktları törədəcəkləri barədə acı xəbərlər eşidirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək xalqımıza qarşı soyqırımı siyasətini həyata keçirdi.
Xocalı soyqırımı günü Məmməd Məmmədov ailəsi ilə ən narahat günlərini yaşayırdı. Bir neçə saat ərzində digər xocalılılar kimi, zamanın acı küləyi onların da başının üstündə əsdi. Xocalı ermənilər tərəfindən güllə yağışına tutuldu. Elə bil göydə ildırım çaxırdı. Qəflətən Məmmədin məhəlləsində də atəş, güllə səsləri eşidildi, həyət erməni saqqallıları ilə dolu idi.
O dəhşətli gecəni 1992-ci ildən indiyədək Qobustan rayonunun Mərəzə kəndinə məskunlaşan Məmməd Məmmədovun oğlu, başı çox müsibətlər çəkmiş Mürvət Məmmədov belə xatırlayır:
- Biz 1988-ci ildə Göyçə mahalından Xocalıya gələndə çox çətin vəziyyətdə yaşayırdıq. Lakin ümidimizi itirməmişdik. Xocalıda yaşadığımız cəmisi 4 il idi. Lakin qazımız, işığımız son dövrdə yox idi.
Fevralın sonunda ermənilərin qəfil hücumu hamı kimi bizi də sarsıtdı. Atam, qardaşlarım Söhbət və Möhlət ov tüfəngi ilə düşmənin qarşısını xeyli ala bildilər.
Ailəmizin üzvləri erməni xəyanətindən qurtulmaq üçün gecə qaranlığında meşəliklərə qaçmaq qənaətinə gəldi.
Daşnak quldurlar həyətimizə dolarkən qonşumuz Sara xala və 2 övladı da bizim evdə idi. Bu çətin məqamda Saranın həyat yoldaşı Vidadi də bizə gəldi. Evdə qonşumuzdan olan bir yaralıya köməyimiz dəydi. Xocalıda tibb məntəqəsi yox idi. Yaralılara kömək edən tibb çantasını əlində gəzdirən Mamed həkim idi.
Qəflətən evə hücum oldu. Pəncərədən otağımıza ermənilər əl qumbarası atdılar. Anam qolundan, mən isə ayağımdan yaralandım. Hər tərəf qan idi. Kürəyimdən qəlpə yarası da aldım. Bu çətin anda qonşumuz Sara xala və 2 uşağı ermənilər tərəfindən qəddarlıqla qətlə yetirildi.
Atam və qardaşlarım ermənilərə qarşı ov tüfəngi ilə daha müqavimət göstərə bilmirdi. Artıq patron da tükənmişdi. Bu çətin anda tüfəngləri döşəmədə gizlətdik ki, ermənilər ayıq düşüb, daha da azğınlaşmasınlar. Ermənilər bizi əsir götürdülər. Həmin vaxt mən 14 yaşında idim. Əvvəlcə bizi ayırıb bir otağa yığdılar. Benzin töküb yandırmaq istədilər. Bu çətin anda Xankəndidəki 366-cı motoatıcı alayın bir nəfər rus zabiti içəri daxil oldu. O, vəziyyətin nə yerdə olduğunu biləndən sonra imkan vermədi ki, ermənilər əsirləri od vurub yandırsın. Əsirlər üstlərində olan qızıl əşyaları çıxarıb onları müdafiə edən rus zabitinə verdilər.
Əsirlər bayıra çıxanda Saranın həyat yoldaşı Vidadi haradansa öyrəndi ki, ermənilər onun həyat yoldaşını və 2 uşağını güllələyiblər. Vidadi qışqıraraq azğın erməni cəlladlarına atəş açdı. Bir nəfər ermənilər tərəfdə vuruşan zəncini və 2 nəfər daşnak qulduru yaraladı. O, ildırım sürəti ilə qaçıb, gözdən itdi, onu tuta bilmədilər.
Ermənilər bizi və digər əsirləri döyə-dəyə təcili yardım maşını ilə Əsgərana apardılar. Böyük bir anbar əsirlərlə dolu idi. Burada bizə olmazın işgəncə verdilər. Atam Məmmədi, qardaşlarım Möhlət və Söhbəti əsirlərdən ayırıb hara isə apardılar. Yerləri məlum olmadı. Əsirlərdən 80 nəfəri seçilərək bir otağa dolduruldu. Həmin yer intensiv atəşə tutulurdu. Qardaşımla məni bir küncə sıxışdırdılar. Qardaşım Əhmədin əlinə atəş açdılar, o, al qana boyandı. Bu azmış kimi qardaşımın üstünə qaynar çay tökdülər.
Biz 80 nəfər əsirlərlə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun ciddi səyi nəticəsində 1 nəfər zəncinin meyiti ilə dəyişdirildik. Anam, bacım, mən və qardaşlarım əsirlikdən azad olduq.
Xocalı faciəsindən sonra biz ailəlikcə Qobustanın Mərəzə kəndində məskunlaşdıq.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı ilə bağlı sənədli film çəkildi. Filmdə əsirlikdən azad olunmuş insanların verdiyi müsahibədən aydın oldu ki, atam Məmməd və qardaşlarımın başları qəbiristanlıqda ermənilər tərəfindən qəddarlıqla kəsilmişdir.
2 övlad atasıyam. Qürur hissi keçiririk ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizi 44 gündə müzəffər Azərbaycan Ordusu azad etdi.

Qədir ASLAN,
“Respublika”.

Read 55 times