XƏBƏR LENTİ

Cümə axşamı, 25 Fevral 2021 11:51

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi “Unutmayaq ki, unudulmayaq” layihəsi çərçivəsində Respublika Veteranlar Təşkilatı ilə birgə “Xocalı qanlı tariximiz” adlı tədbir keçirib

Bu günlərdə Respublika Veteranlar Təşkilatında keçirilən “Xocalı qanlı tariximiz” adlı tədbirdə şəhidlərimizin və erməni faşizminin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə tarixən mənfur faşizm ideologiyası ilə xalqımıza qarşı amansız düşmənçilik həyata keçirən ermənilərin törətdikləri faciələrdən söz açıldı.

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının şöbə müldiri, professor Bəhram Zahidov 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qətlə yetirdiyini, soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atdığını, Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini dağıtdıqlarından bəhs edərək dedi: “Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verib. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır”.

Çıxış edən İSBAM sədri Samir Adgözəlli 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbənin erməni faşizmin məğlubiyyəti olduğunu bildirdi. Mart, Xocalı soyqırımı kimi faciələr ermənilərin məkrinin göstəricisi olduğunu, düşmənə dəmir yumruğumuz və həmrəyliyimizlə lazımi cavab verməyə daim hazır olmağımızı vurğuladı.

Çıxış edənlərdən - polkovnik Həmid Cəfərov, Natiq Bədəlov Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsinin yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunduğunu və Xocalı faciəsinin təsadüfi hadisə olmadığını, bu faciəni törətməklə ermənilərin xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımıza sahib çıxmaq niyyətində olduqlarını, lakin hiyləgər, mənfur düşmənin məqsədinə çata bilmədiyindən danışdılar.

Xalqımızın öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdiyi, qəhrəmanlıq və dəyanət nümayiş etdirərək ədaləti bərpa etdiyi vurğulandı.

Respublika Veteranlar

Təşkilatının mətbuat xidməti.

Read 68 times