XƏBƏR LENTİ

Cümə axşamı, 25 Fevral 2021 11:49

Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə sanki məğlubiyyətin acığını çıxmağa çalışır

Mənfur düşmən terror siyasətini təkcə işğal dövründə deyil, məğlubiyyətdən sonra da davam etdirir. Belə ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə hərbi cinayət törətməkdə davam edir. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına əsasən, 350 milyon kvadratmetr 830 milyon kvadratmetrədək ərazidə 50 mindən 100 minədək minanın yerləşdirildiyi hesablanıb. Məlumata görə, minalar müharibə təsirinə məruz qalan atəşkəs xətti boyunca sərhədyanı bölgələrdə və Ermənistanla sərhəd rayonlarda yerləşdirilib.

Bu fikirləri politoloq Şəbnəm Həsənova AZƏRTAC-a açıqlamasında bildirib.

Politoloq deyib: “Məlum məsələdir ki, ərazilərə minalar yerləşdirilərkən təlimə uyğun olaraq, xəritələr tərtib edilir və bir nüsxəsi də həmin dövlətin Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılır. Ermənistanın isə bu reallığı inkar etməsi absurd məsələdir. Ermənistan xəritələri Rusiya sülhməramlılarına da verə bilər. Lakin rəsmi İrəvan yenə də qeyri-konstruktiv siyasət yürüdərək xəritənin mövcud olmadığını iddia edir, beləliklə də sanki məğlubiyyətin acığını çıxmağa çalışır”.

İşğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin mərhələli şəkildə həyata keçirildiyini vurğulayan ekspert diqqətə çatdırıb ki, bu istiqamətdə ilkin iş ərazilərin minalardan təmizlənməsidir. Lakin müvafiq xəritələrin Azərbaycana verilməməsi təmizləmə prosesində çətinlik yaradır, hərbi və mülki şəxslər arasında itkiyə səbəb olur. Ermənistanın niyyəti bərpa-quruculuq işlərinə mane olmaq, insanlarımızın öz dədə-baba yurdlarına qayıtmasını ləngitməkdir. İlk iş minalardan təmizlənmə prosesidirsə, həmin xəritələri Azərbaycana vermək də əsas məsələ olmalıdır. Kapitulyasiyadan üç aydan artıq vaxt keçib. Bu müddətdə biz eşitməmişik ki, Ermənistanın hər hansı bir hərbçisi və ya vətəndaşı minaya düşərək həlak olub. Bu, özlüyündə onu göstərir ki, minalanmış ərazilərin koordinatları onlarda var. Bu xəritələrin üzə çıxmaması üçün isə Ermənistan müxtəlif bəhanələr irəli sürür. Birincisi, nəzərə alınsa ki, təkcə həlak olanlar yox, ciddi xəsarət alanlar da var. İkincisi, bu, həm də Azərbaycan hərbçilərinin və mülki vətəndaşlarının deyil, eyni zamanda, Türkiyə və Rusiya sülhməramlılarının da həyatı üçün ciddi təhdiddir, o zaman minalanmış ərazilərin xəritəsini tələb edən tərəf təkcə Azərbaycan deyil, beynəlxalq ictimaiyyət də olmalıdır. Xəritələrin verilməsi ərazilərin daha asan və tez bir zamanda təmizlənməsi üçün vacibdir. Çünki bu, uzunmüddətli qüvvə və vəsait tələb edən prosesdir.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər, görülən tədbirlər və atılan addımlar Qarabağın cənnətə çevrilməsinə hədəflənib. Ermənistan isə hər vəchlə buna mane olmaq istəyir, hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Əsas məqsəd, əlbəttə ki, mümkün qədər çoxlu sayda mülki şəxsin həlak olmasıdır. Məlum məsələdir ki, 30 ildir torpaq həsrəti ilə yaşayan azərbaycanlılar oraya qayıtmaq üçün səbirsizlənirlər. Ermənistan isə bundan da istifadə edir, insanlarımızın o ərazilərə qayıdışını çətinləşdirməyə çalışır. Qeyd etdiyimiz kimi, bərpa prosesi mərhələli şəkildə həyata keçirilir. İlk iş minalanmış ərazilərin təmizlənməsidir. Bu istiqamətdə də dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycanda minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlanmaqdadır. Xəritələrin mövcud olmamasını iddia edən Ermənistan unutmamalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev işğal siyasətinə son qoymaq üçün illərlə qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdiyi kimi, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlətimizin başçısının rəhbərliyi ilə bu missiyanın da öhdəsindən gələcəyik və ərazilərimiz minalardan təmizlənəcək, vətəndaşlarımız doğma el-obalarına qayıdacaqlar”, - deyə politoloq Şəbnəm Həsənova deyib.

 

 

AZƏRTAC

Read 63 times