XƏBƏR LENTİ

Çərşənbə axşamı, 23 Fevral 2021 09:40

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar B Ə Y A N A T I

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalı soyqırımı törədilmişdir. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil edilmişdir.

29 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla öldürülüb. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin və əsas insan hüquqlarının kobudcasına pozulmasıdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin növbəti dəhşətli nümunəsidir. Ermənistan tərəfindən yürüdülən bu siyasətin digər təzahürü 1990-cı illərin əvvəllərində Qazax rayonunun Bağanis Ayrım kəndində, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Axullu, Nəbilər, Həsənabad, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərində azərbaycanlı əhaliyə qarşı törədilmiş etnik təmizləmə olmuşdur. Bundan başqa, Xocavənd rayonunun Qaradağlı, Kəlbəcər rayonunun Ağdaban kəndlərinin işğalı zamanı da çoxsaylı mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla mülki şəxs girov götürülüb və itkin düşüb.

Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulub.

Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə və məqsədli şəkildə kütləvi məhvi BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən soyqırımı cinayəti kimi tövsif edilməlidir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmışdır.

Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynamışdır.

Artıq Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentləri tərəfindən qəbul edilən müvafiq sənədlərdə Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktı kimi qəbul edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb.

Sülh prosesini tamamilə pozan və məsələnin danışıqlar yolu ilə həll olunma perspektivlərini əngəlləyən, habelə yeni ərazilər işğal etmək istəyində olduğunu açıq şəkildə bəyan edən Ermənistan 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında atəşkəsi yenidən pozaraq, Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə etməklə atəşə tutmuşdur. Nəticədə 12-si uşaq olmaqla, 94 nəfər mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 414 nəfər yaralanmışdır. Bu hücumlar nəticəsində 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdılmışdır.

Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edilmişdir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, yüz minlərlə insana uzun müddət gözlədikləri öz dədə-baba torpaqlarına qayıtmaq və fundamental hüquqlarını bərpa etmək imkanı yaradılmışdır.

XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Soyqırımın törədilməsindən 29 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayətə münasibətdə biganəlik və ikili standartlar təcavüzkarda cəzasızlıq sindromunu gücləndirərək onu etnik təmizləmə və işğal siyasətini davam etdirməyə sövq edib. Dünya ictimaiyyətinin Xocalı soyqırımına adekvat reaksiya verməməsi mənəviyyatdan kənar olmaqla yanaşı, həm də qəbuledilməzdir, çünki gələcəkdə bu cür cinayətlərin təkrarlanmasına zəmin yaradır.

Bir daha beynəlxalq təşkilatları və dövlətləri Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün onu soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırıram.

 

Səbinə Əliyeva,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman).

 

22 fevral 2021-ci il

Read 29 times

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər885728

Currently are 59 guests and no members online