XƏBƏR LENTİ

Bazar, 21 Fevral 2021 11:13

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş hərbi cinayətdir

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə azğınlaşmış erməni silahlı qüvvələri keçmiş SSRİ-yə məxsus olan, o dövrdə Xankəndidə yerləşən və tərkibində erməni zabitləri və gizirləri olan 366-cı motoatıcı alayın ağır texnikası ilə 7 min əhalisi olan Xocalı şəhərinə 5 istiqamətdən güclü hücum etdilər və dəhşətli, dünyada analoqu olmayan cinayət aktı törətdilər. İyirminci yüzilliyin ən qəddar və amansız cinayətlərindən biri olan Xocalı soyqırımı - erməni cəlladları tərəfindən törədilən bu qətliam bəşər övladına qarşı, azəri türklərinə qarşı dəhşətli faciələrindən hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakəti və kütləvi insan qırğınları sırasına əlavə olundu. 

 

Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk olan acı bir kədər, dərin bir üzüntüdür. Fevralın 26-da vəhşiləşmiş, faşist xislətli erməni cinayətkarları Xocalını yerlə-yeksan etdilər, yüzlərlə köməksiz və günahsız insanı amansızcasına qətlə yetirdilər, uşaqlara, qocalara, xəstələrə, hamilə qadınlara belə aman vermədilər, dinc mülki əhalini ucdantutma qırdılar, şəhəri yandırdılar. Onlar öz alçaq və yaramaz hərəkətləri və qanlı etnik təmizləmələri ilə bəşər tarixində növbəti hərbi cinayət - Xocalı soyqırımını törətdilər. Cinayətkar erməni hərbi quldurlarının vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 100-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlanlar və qızlar idi.

Törədilmiş bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Bu qeyri-insani əməllər XX əsrin sonunda dünyanın gözü qarşısında özünü dünyaya “mədəni” və “məzlum” xalq kimi tanıtmağa çalışan erməni vandalları tərəfindən törədilmişdir.

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirlərdə çıxışlar etmiş və hansısa bir faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini bildirmişdir. Hələ 1995-ci ildə Xocalı soyqırımının 3-cü ildönümü zamanı Heydər Əliyev demişdir: “...Biz kədər içindəyik, qəm içindəyik, üç ildir ki, qəm-dərd çəkirik. Xocalı faciəsinin nə qədər dəhşətli faciə olduğunu və Azərbaycan xalqına nə qədər böyük zərbə vurduğunu bir daha dərk edirik. Xalqımız çoxəsrlik tarixində belə bəlalardan çox keçibdir. Ancaq heç vaxt başımızı aşağı salmamışıq, gücümüzü toplamalıyıq. Azərbaycan xalqının haqq işi qələbə çalacaq. Azərbaycan xalqı ərazisinin sahibi olacaq, müstəqilliyini bərqərar edəcək”...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, dünya xalqlarının və insanlıq tarixinə kütləvi terror aktı kimi daxil olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı cinayətdir və dünya tarixində qara ləkə kimi qalacaqdır. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Xocalı soyqırımına doğru gedən yolun mürəkkəb siyasi, hərbi və sosial-iqtisadi kökləri həm də səbəbləri vardır.

Aparılan tədqiqatların və mövcud tarixi ədəbiyyatların araşdırılması nəticəsində məlum olmuşdur ki, erməni hərbçiləri müxtəlif yollarla keçmiş sovet ordusunun hərbi texnikasını və silahını ələ keçirmiş, Xocalı qətliamı ərəfəsində xeyli hərbi sursata nail ola bilmişdir. Məlumdur ki, SSRİ-nin süqutundan sonra Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbi texnikası hələ də qalırdı. Bunu da ermənilər bilirdilər. Erməni siyasətçiləri əvvəlcədən hərbi silahların və həm də həmin silahların “dilini” bilən rus hərbçilərini müxtəlif yolla ələ almışdılar.

1991-ci ilin axırlarında Ermənistan ilə Rusiya Federasiyası arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” imzalandı. Müqavilədən sonra ermənilərə çoxlu silahın ötürülməsinə beynəlxalq ictimaiyyət göz yumdu və bundan istifadə edən erməni millətçi-şovinistləri daha da azğınlaşdılar və intensiv hücumlarını gücləndirdilər.

Xocalı şəhəri Dağlıq Qarabağın böyük şəhərlərindən biri, Şuşa şəhərinin strateji məntəqəsi, Xankəndiyə gedən yolun açarı idi. Hərbi və mülki aeroport, Dağlıq Qarabağın hava limanı burada yerləşirdi.

Xocalı soyqırımını ilk dəfə lentə alan cəsur və istedadlı jurnalist Çingiz Mustafayev olmuşdur. O, bu qanlı olayı təfsilatı ilə lentə almışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması Ermənistanın dövlət terroru və faşizmi barədə məqsədyönlü iş aparır.

Vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Leyla xanımın təşəbbüsü ilə dünyanın aparıcı ölkələrinin çoxunda Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir, ermənilərin törətdikləri misli görünməmiş vəhşiliklər qətiyyətlə pislənilir. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımının dünyanın tərəqqipərvər xalqları tərəfindən tanınması üçün təqdirəlayiq işlər görülür.

Müzəffər Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin  qətiyyəti sayəsində 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan tarixi ərazilərimiz- Cəbrayıl, Laçın, Qubadlı, Füzuli, Ağdam, Kəlbəcər, Zəngilan erməni işğalından azad oldu, azğınlaşmış ermənilərə sarsıdıcı zərbələr endirildi. Mədəniyyət beşiyi olan Şuşa da azad edildi, Prezident Ali Baş Komandan, İlham Əliyevin göstərişi ilə Şuşa Mədəniyyət Mərkəzi elan olundu.

Ölkə başçısının Şuşa ilə bağlı belə bir fikrini xatırlamaq yerinə düşərdi: “Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub-yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir”.

Bəli, Xocalı soyqırımı heç vaxt xalqımız tərəfindən unudulmayacaqdır.Ermənilər Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətlərə görə cavab verəcəklər. Ermənilər ikinci Qarabağ savaşında başlarına enən dəmir yumruqdan ibrət dərsi götürməli, terror əməllərindən əl çəkməlidirlər.

Fərid ŞÜKÜROV,

Bakı Hərbi prokuroru,

Ədliyyə polkovniki.

Read 61 times

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər886773

Currently are 139 guests and no members online