XƏBƏR LENTİ

Bazar, 01 Dekabr 2019 10:44

Su təsərrüfatı və meliorasiya sahəsində həyata keçirilən uğurlu layihələr

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətimiz bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, müasir dövrün tələblərinə tam uyğun olan bir formada davam və inkişaf etdirilir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı ilk dövrlərdən ölkəmizin siyasi-iqtisadi baxımdan inkişaf etməsi naminə respublikamızın bütün sahələrində vaxtaşırı islahatlar aparılır. Ölkə başçısının rəhbərliyi ilə aparılan siyasi-iqtisadi kursun məzmunu həyata keçirilən islahatların ardıcıl və davamlı xarakter daşıdığından xəbər verir.
Məhz düşünülmüş formada aparılan düzgün siyasi-iqtisadi kurs, ardıcıl və davamlı islahatların nəticəsi idi ki, bütün dünyada baş alıb gedən qlobal maliyyə böhranı zamanı ölkəmizin iqtisadiyyatı öz dayanıqlılığını və sabitliyini qoruyub saxlaya bildi. Bu gün respublikamız heç bir kənar maliyyə mənbəyindən asılı olmayan, kifayət qədər güclü rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkələr sırasındadır.
Artıq respublikamız islahatların yeni mərhələsinə qədəm qoymuşdur. Belə ki, son illər, xüsusən də bu ilin əvvəlindən başlayaraq respublikamızda aparılan islahatların sürəti daha da artmış, onun əhatə dairəsi isə daha da genişləndirilmişdir.
Bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-siyasi islahatların ardıcıl aparılması və bu istiqamətdə olduqca vacib, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ölkəmizin davamlı, dinamik inkişafının tam təmin olunmasına, vətəndaşlarımızın sosial rifahının yüksəlməsinə, onların yaşayış səviyyəsinin daha da yaxşılaşmasına xidmət göstərir.
İllərlə həyata keçirilən və bu gün də uğurla davam etdirilən islahatlar, görülən işlər, düzgün aparılan uğurlu siyasi-iqtisadi kurs artıq öz bəhrəsini verməkdədir. Belə ki, bu gün respublikamızda minimum əməkhaqqının artırılaraq ilk dəfə olaraq yaşayış minimumunu üstələməsi, orta aylıq əməkhaqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində qətiyyətli addımların atılması məhz ölkəmizdə aparılan uğurlu islahatlar nəticəsində mümkün olmuşdur.
Ölkə rəhbərliyi bu gün respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsini, ölkəmizin iqtisadi artım yükünün neft sektorundan qeyri-neft sektoruna keçidinə nail olunmasını əsas hədəf kimi götürür. Bu məqsədlə neft sektoru sahəsində əldə olunan gəlirlərdən səmərəli istifadə etməklə bu gəlirlər hesabına qeyri-neft sektoruna iri sərmayələr yatırılır və beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələri inkişaf edtdirilir.
Respublikamızın hərtərəfli inkişafına nail olmaq məqsədilə qarşıya qoyulan məqsədlərə çatmaq üçün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində konkret və qətiyyətli addımlar atılır, vaxtaşırı islahatlar aparılır, müxtəlif proqramlar, layihələr və tədbirlər hazırlanaraq həyata keçirilir. Bu baxımdan ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə ardıcıl olaraq respublikamızın hərtərəfli inkişafı üçün olduqca mühüm əhəmiyyət kəsb edən müxtəlif Dövlət proqramları hazırlanaraq icra olunur ki, bu proqramlara misal olaraq “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı göstərə bilərik.
Respublikamızın iqtisadi baxımdan inkişaf etməsi, ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəlişinə nail olunması ilk növbədə respublikamızda kənd təsərrüfatı sahəsinin və aqrar sənayenin inkişafından asılıdır. Odur ki, kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi hər zaman respublikamızın qarşısında duran ən vacib məsələlərdən biri olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkə rəhbəri kimi fəaliyyətə başladığı ilk günlərdən kənd təsərrüfatı sahəsini və aqrar sektoru respublika iqtisadiyyatının qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmişdir. Ölkə başçısı respublikamızdakı aqrar siyasətdə ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsinin vacibliyini önə çəkmişdir. Möhtərəm Prezidentimiz öz çıxışlarının birində kənd təsərrüfatı sahəsinə və aqrar sektora xüsusi önəm verdiyini vurğulayaraq demişdir: “...Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu məsələyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır”.
Kənd təsərrüfatının və aqrar sənayenin inkişaf etdirilməsi üçün bir çox vacib amillər vardır ki, bu amillərdən ən mühümü mövcud torpaqlardan maksimum dərəcədə səmərəli istifadə edilməsi, onların məhsuldarlığının artırılmasına nail olunmasıdır. Elə möhtərəm Prezidentimiz İlham Əliyev də torpaqlardan səmərəli istifadə olunmasının vacibliyini qeyd edərək “...Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək” demişdir.
Ölkə başçısının torpağa və ondan səmərəli istifadə olunmasına bu qədər önəm verməsi onun aqrar sektorun hərtərəfli, davamlı və dinamik inkişafına xüsusi diqqət yetirməsindən, bu sahənin inkişafının ölkəmiz üçün olduqca vacib saymasından xəbər verir.
Kənd təsərrüfatı sahəsinin davamlı və dinamik inkişaf etməsində meliorasiya və su təsərrüfatı sahəsi xüsusi rol oynayır. Belə ki, respublikamızın ərazisinin böyük hissəsi arid zonada yerləşdiyindən bu ərazilərdəki torpaqları suvarma suyu ilə təmin etmədən, suvarma zamanı müasir texnologiyalarının tətbiqinə nail olmadan, ərazidəki torpaqlarda vaxtaşırı müxtəlif meliorativ tədbirlər aparmadan bu torpaların əkin üçün istifadə olunması, ondan yüksək məhsuldarlıq əldə edilməsi mümkün deyildir. Odur ki, bütün bu qeyd olunan reallıqların məsuliyyətini düzgün qiymətləndirən ölkəmizin melioratorları bütün imkanlarını səfərbər edərək respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, yeni əkin sahələrinin dövriyyəyə verilməsi, su ehtiyatlarından səmərəli istifadə etməklə torpaqların suvarma suyu ilə təmin olunması, suvarılan torpaq sahələrində müasir suvarma üsullarından istifadə edilməsi, bir sözlə, kənd təsərrüfatının və aqrar sektorun müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün qarşıya qoyulan bütün vəzifələri vaxtında və keyfiyyətlə icra etməyə çalışırlar.
Həmişə olduğu kimi, cari ildə də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, başda sədr Əhməd Əhmədzadə olmaqla, ölkə melioratorları yüksək əzmkarlıqla respublikamızın Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq meliorasiya və su təsərrüfatı sahəsində sosial-iqtisadi baxımdan olduqca mühüm və əhəmiyyətli layihələr həyata keçirirlər.
Onu da qeyd edək ki, respublikamız üçün mühüm əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı obyektlərinin əksər layihə-smeta sənədləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyi altında fəaliyyət göstərən Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən işlənib hazırlanır.
Cari ildə institutun kollektivi tərəfindən ölkəmizdə qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatı sahəsinin və aqrar sektorun inkişafında mühüm rol oynayacaq müxtəlif meliorasiya və su təsərrüfatı obyektlərinin layihələri işlənib hazırlanmışdır ki, bunlara da misal olaraq, “Ağstafa rayonunun Muğanlı kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması”, “Biləsuvar rayonunun Çinarlı təsərrüfatının əkin sahələrinin su təminatının yaxşılaşdırılması”, “Masallı rayonunda 3330 ha əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması” işlərini göstərmək olar. “Əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması”, “Yevlax və Goranboy rayonları ərazisində 3120 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi”, “Ağcabədi rayonunda 2500 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi”, “Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi” layihələri də bura aiddir. “Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə magistral və paylayıcı suvarma şəbəkəsinin tikintisi”, “Araz çayının Yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi (I mərhələ ərazisində qrunt sularının aşağı salınması tədbirləri)”, “Xəzər və Pirallahı rayonlarının zeytun və badam bağları salınacaq ərazilərində torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi (III mərhələ)”, “Biləsuvar rayonunda 1090 ha yeni əkin sahəsinin suvarma suyu ilə təmin olunması və kollektor-drenaj sisteminin tikintisi tədbirlərinin layihə-smeta sənədlərinin hazırlanması”, “Ağcabədi və Goranboy rayonlarında əkin sahələrini və əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması” və s. onlarla bu kimi obyektləri də misal göstərə bilərik.
Son illər respublikamızda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, kənd təsərrüfatının və aqrar inkişafı məqsədilə həyata keçirilən çoxşaxəli tədbirlərin bir istiqamətini də ölkəmizin müxtəlif regionlarında aqroparkların yaradılması təşkil edir.
Azərbaycanda aqroparkların yaradılmasına ölkə Prezidentinin 2014-cü il aprelin 16-da imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən başlanılmışdır. Aqroparkların yaradılmasında əsas məqsəd kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılmasından tutmuş, ondan son məhsulun alınmasına qədər gedən bütün istehsal proseslərinin bir ərazidə qurulmasıdır.
Bu aqroparkların yaradılması ölkəmizin ixrac coğrafiyasının daha da genişləndirilməsində, milli brendlərin istehsalında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də respublikamızda kənd təsərrüfatı və aqrar sektorun inkişafına da müsbət təsir göstərərək, əhalinin həm yerli, həm də daha keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsini həyata keçirəcəkdir.
Yaradılması nəzərdə tutulan aqroparkların ərazisini suvarma suyu ilə təmin etmək üçün bu il institutumuz tərəfindən bir sıra obyektlərin, layihələrin, (konkret olaraq “Qobustan rayonunun Qaracüzlü kəndi yaxınlığında yaradılmış Aqroparka məxsus 998 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi”, “Goranboy rayonunun Erkəc kəndi ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi”, “Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi”, “Tovuz rayonunun Düz Qırıqlı kəndində yaradılan aqroparkın əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi”) layihə-smeta sənədləri tərtib olunaraq sifarişçiyə təhvil verilmişdir.
Onu da qeyd edək ki, bütün bu obyektlərin layihə-smeta sənədləri “Azdövsutəslayihə” institutunun kollektivi tərəfindən müasir standartlara cavab verəcək bir formada, elm və texnikanın ən yeni nailiyyətləri tətbiq olunmaqla yüksək keyfiyyətlə işlənib hazırlanmışdır.
Ümid edirik ki, respublikamızda layihə-smeta sənədləri hazırlanan, tikilərək istismara verilən meliorasiya və su təsərrüfatı obyektləri qısa bir zamanda ölkəmizdə kənd təsərrüfatı sahəsinin və aqrar sektorun inkişafına öz müsbət təsirini göstərməklə, respublikamızın davamlı inkişafına, ölkə əhalisinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəlişinə yardım edəcək, ölkəmizdə aparılan hərtərəfli islahatların uğur qazanmasına öz mühüm töhfəsini verəcəkdir.

Elbrus PAŞAYEV,
“Azdövsutəslayihə” İnstitutunun direktoru,
Azərbaycan Respublikasının
əməkdar mühəndisi,
texnika elmləri namizədi, dosent.

Read 42 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər492717

Currently are 149 guests and no members online