XƏBƏR LENTİ

Bazar, 01 Dekabr 2019 10:43

Vətənə dönük meşşanlar

Günlərin bir günü bizim kiçik məhəllədə “Namikin Rusiyada böyük qardaşı varmış” xəbərini eşidəndə, bütün qonşular kimi, mən də təəccübləndim: “Gör ha, heç vaxt bu sözü Namik kişidən eşitməmişik”. Balaca küçədə bu xəbər ildırım sürətilə yayıldı. Üstəlik, eşitdik ki, Namikin böyük qardaşı ad gününü doğma Vətəndə qeyd etmək üçün Azərbaycana gəlir.
Bizim küçədə kişilər gündüzlər evdə tapılmaz. Səhər açılanda hərə gedir öz işinin dalınca. Kimisi taksi sürür, kimisi də avtomobil təmiri sexində çilingər işləyir. Şirkətdə mal bölüşdürməklə çörək qazananlar da var, mühüm dövlət obyektlərində “ryadavoy” polis vəzifəsini yerinə yetirənlər də. Göründüyü kimi, məhəlləmiz balaca olduğu qədər də, zəhmətkeşdir, aztəminatlı ailələrdir. Desəm ki, bu kasıb küçədə yeganə ziyalı mənəm, təəccüblənməyin.
Namikin də arvadı gündüz gəlib bizim həyət darvazasını döyüb və yoldaşıma deyib: “Rusiyada yaşayan böyük qaynım 65 yaşını qeyd etmək üçün Vətənə gəlir və tədbir bizim evdə baş tutacaq. Biz də küçədəki 5-6 yaxın qonşu evi qonaqlığa dəvət etməyi məsləhət bildik. Müəllimə də de, bazar günü günorta birlikdə bizə tərəf keçin”.
Deyilən vaxt mən və yoldaşım qonşunun həyətinə keçdik. Bizi Namik kişi özü qarşıladı. Oktyabrın ilk günləri olduğundan hava hələ isti idi, həyətdə uzun stol açılmışdı. Yoldaşım evə - qadınların yanına keçdi. Namik kişi qoluma girib böyük qardaşına tərəf apardı, məni bəlağətli sözlərlə tərifləyə-tərifləyə ona təqdim etdi:
- Nəriman müəllim ölkəmizin tanınmış jurnalistlərindəndir. Məhəlləmizin ziyalısı, ağsaqqalımızdır.
Qonağımız Sadiq müəllim yaşlı olmasına rəğmən, sağlam, hündürboylu, hələ də yaraşıqlı, sütun kimi bir kişi idi. Ona baxan kimi ürəyimdən keçirdim: “İndi gör bu adamın cavanlığı necə olub... Rus qızları belə sağlam və yaraşıqlı, boylu-buxunlu Azərbaycan oğlunu buraxardılarmı?”
Sadiq müəllimin əlini sıxıb “xoş gəlmisən” dedim, sonra da doğum günü münasibətilə onu təbrik etdim. O da məni stolun baş tərəfində - özünün sağında əyləşdirdi. Namikgil böyük, lakin dağınıq qohum-əqrəbadılar. Yubilyarın qardaşları, qardaş və bacı uşaqları da buradaydılar. Qonaqlar ədəblə, “böyük-kiçik” məsələsini nəzərə alaraq əyləşdilər. 25-26 nəfərlik kişi məclisində cavan qonşularımız (30-35 yaşlarında) stolun aşağı başında özlərinə yer seçdilər.
Yuxarıda qeyd etdiyim kimi, bizim kiçik məhəllədə hər hansı xəbər ildırım sürətilə yayılır. Hələ qonaqlıq baş tutmazdan qabaq xəbərdar idik ki, Sadiq müəllim Rusiyadan “hazırlıqlı” gəlib. Növbənöv rus araqları, şampanları, kolbasaları, sosiskaları, smetanları, göbələkləri, “qovyadina”ları (pörtlədilmiş mal əti), Moskva şokaladları, konfetləri. Kişi nələr gətirməmişdi...
Məclisi yubilyarın özü aparırdı. Ömər Xəyyamdan, Məhsətidən rübailəri, Nizami poeziyasından şeir parçalarını, Füzulinin qəzəllərini Azərbaycan dilində əzbərdən söyləyir, sonra da onları rus dilində səsləndirirdi. Kimsə elə başa düşər ki, poeziya nümunələrini rus dilinə tərcümə edirdi. Xeyr, bu şeirlərin rus dilinə çevrilmiş poetik variantlarını əzbərdən söyləyirdi, özü də saatlarca davam edən məclisdə. Kişi əməlli-başlı istedad idi. Hiss olunurdu ki, Azərbaycan ədəbiyyatı və tarixinə olduğu kimi, rus mədəniyyətinə də dərindən bələddir. Təbii, məclisin əvvəllərində mənə də söz verildi, mən də ayağa qalxıb ürək sözlərimi söylədim, yubilyara bundan sonra da uzun ömür, cansağlığı arzuladım.
Məclis yekunlaşıb, qonşular Sadiq müəllimlə bir-bir görüşüb, sağollaşıb gediblər. Hava qaralıb, yubilyarla üzbəüz mən tək oturmuşam. O, 65 illik ömrünün (keçmiş SSRİ, sonra isə Rusiya) dövrlərini mənə vərəqləyir. Öyrənirəm ki, gənclikdə Moskvada iki universitet bitirib. Rusiyanın Fövqəladə Hallar Nazirliyi sistemində podpolkovnik (polkovnik-leytenant) rütbəsinə qədər irəliləyib, sonra bu hərbi rütbədə təqaüdə göndəriblər.
- Qızım bu yaxınlarda ailə qurdu. Rusiyanın elit şadlıq saraylarında qayda belədir ki, musiqi nömrələri ən azı bir həftə - 10 gün əvvəldən sifariş verilərək toyda musiqi proqramına daxil edilir. Toyda gəlini oynatmaq istədilər, o da zalın ortasına gəlib Azərbaycan musiqisi çalınmasını istədi. Orkestr çaş-baş qaldı, çünki əvvəldən belə sifariş yox idi. Yeznə bizim mahnılardan proqrama heç nə saldırmamışdı. Musiqi bir anlıq kəsildi, “biz Azərbaycan musiqisi çala bilmərik, bacarmarıq” dedilər. Amma musiqi kollektivindən 2-3 nəfər tapıldı ki, dedilər, biz çala bilərik. Onlar Azərbaycan musiqisinin “qol-qabırğası”nı qırıb, sındırıb bizim musiqiyə oxşatdılar, mən buna əslində “çalmaq” deyə bilmirəm. Amma qızım Azərbaycan mahnısının sədaları altında bir cuşa gəldi, bir oynadı ki... Gəlinlik ayaqqabılarını çıxarıb havaya atdı ki, mənə oynamağa mane olur...
Sözün bu məqamında rusa ərə getməyə məcbur olan Azərbaycan qızının acı taleyi məni qəhərləndirdi, amma atası hiss etməsin deyə, tez özümü ələ aldım. Azərbaycana bağlı, ürəyində Odlar Yurdu məşəlini yandıran və gəzdirən bu qızla fəxr etməyə başladım. O, qəlbindəki Azərbaycan məşəlini bir rus ailəsində yandıracaq, övladlarını da Azərbaycana sevgi, məhəbbət ruhunda tərbiyə edəcək.
Həm də Rusiya cəmiyyətində belə qızlarımız az deyil. Çünki Sadiq müəllim və onun kimi minlərlə qiymətli Azərbaycan oğullarını keçmiş Sovet imperiyası öz siyasətinin qurbanına çevirib, onların biliyindən, qabiliyyətindən, şəxsi istedadından doya-doya bəhrələnib. O qədər istismar edib ki, quru nəfəsləri qalıb. El dilində desək, meyvələrini yeyib, cecəklərini də tullayıb. İndi tullanmış cecək çox keçməz ki, torpağa düşər. Yerə düşən cecəyi isə qızları Azərbaycandakı qohum-əqrəbaya verməz. Rusiyada dəfn edərlər ki, hərdənbir qəbir üstə gedib şam yandırsınlar. Necə olsa, atalarıdır...
Bizim məqalənin başlığındakı məna Sadiq müəllim və onun kimi talesiz, amma ləyaqətli, qiymətli Azərbaycan oğullarına aid deyil. Çünki onlar Sovet imperiya siyasətinin, “xalqlar dostluğu” şuarlarının qurbanı olublar. Onları qınamaq, tənə etmək ədalətsizlik olar, dövr elə idi. Amma respublikamız müstəqillik əldə etdikdən, tədricən inkişaf edərək dünyanın çiçəklənən bir diyarına çevrildikdən sonra Azərbaycanı tərk edənləri başa düşmək, onlara haqq qazandırmaq olmur.
Belə adamları şərti olaraq iki qrupa bölmək olar. Birinci qrup sayca azlıq təşkil edən aztəminatlı ailələrdir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etməsinə rəğmən, etiraf edək ki, yeni iş yerlərinin yaradılması (zavod, fabrik, müəssisə və s. açılması) hələ də əhalinin artan sayını, tələbatını, işçi qüvvəsini təmin edə bilmir. “İndi mən gedim küçələrə qır salım, ya vaqon boşaldım? Bəlkə hündürmərtəbəli evlərə armatur, sement daşıyım, ya da bazarlarda meyvə satım? Özü də camaatın gözü qabağında, bundan sonra qonşuların içinə necə çıxaram?” - deyə düşünənlər hələ də var. Xaricə üz tutur ki, “Heç tualet də təmizləsəm, orada məni görən olmayacaq. Bir az pul yığıb qayıdaram”. Oxumaq, təhsil almaq, xidməti vəzifə daşımaq (səfirlik, konsulluq işçiləri, jurnalistikada müxbirlik, beynəlxalq təşkilatlarda nümayəndə, iri biznes fəaliyyəti, universitetlərdə müəllim və s.) fəaliyyətini də yüksək qiymətləndiririk. Məqaləmizin başlığının onlara da dəxli yoxdur.
Amma müstəqillik əldə etdiyimiz dövrdə, xüsusilə də son 20-25 ildə Azərbaycanda oxuyaraq, (işləyərək, fəaliyyət göstərərək) biznes quran, böyük pul qazanan, dövlətimizin, xalqımızın dəstəyindən bəhrələnərək var-dövləti başından aşan bəzi insanların doğma Vətənimizi tərk etməsini başa düşə bilmirəm. Sosial şəbəkələrdən oxuyuram ki, respublikamızın populyar müğənnilərdən biri ABŞ-a köçərək “oturum” alıb və bunu üstünlük sayır, “yuxarı təbəqəyə daxil olmaq” kimi qeyd edir, sevinir. Halbuki həmin müğənnini Azərbaycan oxudub, yetişdirib, o, xalqımızın pulu ilə varlanıb. Nə qədər ki, kasıb idi, tanınmamışdı, Azərbaycan ona Vətən idi. Yaxşı, bəs nə oldu? Toylara 8-10 min manata gedirdin, varlandın, Azərbaycan sənə dar gəldi?
Və ya tanınmış bir xanım televiziya aparıcısını götürək. (Bu iki nəfəri siz də tanıyırsınız, mən də. Sadəcə adlarını çəkib şərəfləndirmək istəmirəm). Ay xanım, atan müasir Azərbaycanın tanınmış simalarından olub, Allah rəhmət eləsin. Hökumətimiz də onun adını əbədiləşdirib, ailənizə hər cür qayğı göstərib. Dövlətin bu diqqət və qayğısı olmasaydı, sən varlana və Qərb ölkəsində özünə bahalı mənzil ala bilməzdin. Çünki mən özümdən götürürəm bu müqayisəni. 40 il fasiləsiz olaraq dövlət mətbuatında çalışmağıma və Əməkdar jurnalist olmağıma rəğmən, heç özümə Bakıda mənzil ala bilmərəm, onda qalmış ABŞ ola. Sənin missiyan atanın şərəfli yolunu Azərbaycanda davam və inkişaf etdirmək olmalı idi, xaricdə oturub Azərbaycan iqtidarına şər-böhtan atmaq yox. Siyasətdən və jurnalistikadan az-çox başı çıxanlar bilirlər ki, Azərbaycanı sevməyən, onun əleyhinə işləyən xarici qüvvələrin (kəşfiyyat orqanlarının, qeyri-hökumət təşkilatlarının) maddi-maliyyə dəstəyi olmadan ABŞ-da bahalı evlər alaraq dəbdəbəli həyat tərzi sürmək mümkün deyil.
Dostum Tahirin bu yaxınlarda mənə söylədiyi hadisə isə, düzü, mənim təəccüb və qəzəbimə səbəb oldu. Tahirlə uşaqlıq dostuyam. Ayrı-ayrı sahənin adamlarıyıq, təbii, fərqli idarələrdə çalışırıq. Toyda, yasda rastlaşmaq, telefonla danışmaq öz yerində, ildə vaxt tapıb 2-3 dəfə də məxsusi görüşür, birgə nahar (və ya şam) edir, bir-birimizin əhvalından, ailəsindən daha ətraflı məlumat alır, dərdləşirik. Növbəti görüşümüzdə o mənə dedi:
- Sən mənim xalam oğlu Ziyafəti tanıyırdın da. (Mən başımla “bəli” işarəsini verdim). Köçdü getdi Almaniyaya...
Təəccüb qaldım: - Niyə? Onun ki, imkanı yaxşı idi. Bildiyimə görə, bir neçə iri marketi, xeyir-şər evi, avtomobil təmiri sexi, şəhərin müxtəlif yerlərində maşınyuma sexləri...
- Hə, elədir. Öz ofisində oturub biznesini rahatca idarə edirdi. Amma ailəsi Azərbaycanda yaşamaq istəmədi. Əvvəlcə oğlu, bir neçə aydan sonra isə qızı köçdü. Arvad da ərinə dedi ki, mən yetişmiş qızımı Avropada tək qoya bilmərəm. O da uşaqlarının arxasınca getdi...
- Yəqin bu da sənin xalan oğlunun ürəyindən imiş. O da başladı biznesini yavaş-yavaş əritməyə. Satdığını satdı, sata bilmədiyini də icarəyə verib getdi arvad-uşağının dalınca, eləmi?
- Hə, eynən belə...
- Bəs indi sənin xalan oğlu yetişmiş qızını kimə verəcək, almana? Ya oğluna kimi alacaq, ingilis, yoxsa fransız qızını?
Dostum dinmirdi, mən isə “döşəməkdə” davam edirdim və axırıncı nöqtəni belə qoydum:
- Məni bağışla, Tahir, sənin xalan oğlu qudurub. Mən buna meşşanlıqdan başqa bir ad verə bilmirəm...
Söz Tahiri tutdu, bir az qızardı. Amma aramızdakı hörmət naminə cavab qaytarmadı, handan-hana dilləndi:
- Sən yenə hər məsələni öz arşınınla ölçürsən. Ay qardaş, bu ailə Azərbaycanda yaşamaq istəmədi də, yaşaya bilmədilər...
Amma, “Ziyafət mövzusu” qanımızı çox da qaraltmadı. Çünki belə qudurğan meşşanların sayı ölkədə yüzlərlədir. Onları da gələcəkdə ən yaxşı halda, Sadiq müəllimin acı taleyi gözləyir. O da Sadiq müəllim qədər yaşasalar və qismət olsa.

Nəriman Cavadov,
“Respublika”.

Read 43 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər492532

Currently are 84 guests and no members online