XƏBƏR LENTİ

Bazar, 01 Dekabr 2019 10:40

İran vətəndaşının Azərbaycanda girov saxlanılması barədə məlumatlar əsassızdır

Bəzi kütləvi informasiya vasitələrində İran İslam Respublikası vətəndaşı Atefeh Dehghanızadehin Azərbaycanda guya girov saxlanılması barədə əsassız məlumatlar yayılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, A.Dehghanızadehin əri İran İslam Respublikasının vətəndaşı Farzad Foroozanmehrin tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı 2019-cu il fevralın 1-də Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış istintaqla müəyyən edilib ki, F.Foroozanmehr tanışı Orxan İsmayılova yalan vəd verib sonuncunun anasına məxsus Yasamal rayonu ərazisində 3 otaqlı mənzilini öz tanışına 240 min manata satacağını bildirib. Bu məqsədlə 2018-ci il dekabrın 25-də etibarnamə əsasında 210 min manata sataraq pulunu ələ keçirib Türkiyəyə qaçıb.

Cinayət işi üzrə F.Foroozanmehrin barəsində dövlətlərarası axtarış elan edilib.

Həmçinin, istintaq zamanı A.Dehghanızadehin əri tərəfindən aldadılaraq əmlakı ələ keçirilmiş O.İsmayılovun övladını qaçırmaq istəməsi barədə bilə-bilə yalan xəbərçilik etməsinə və bu barədə bilə-bilə yalan ifadə verməsinə əsaslı şübhələr müəyyən edildiyindən A.Dehghanızadeh barəsində Cinayət Məcəlləsinin 296.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan xəbərçilik etmə) və 297.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan ifadə vermə) maddələri ilə cinayət işinin materiallarından ayrıca icraata ayrılaraq istintaqın aparılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilib.

A.Dehghanızadeh dəfələrlə istintaqa dəvət edilsə də, çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığından barəsində aprelin 22-də axtarış elan edilib, iyulun 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu istintaqa cəlb edilərək müdafiəçinin və tərcüməçinin iştirakı ilə dindirilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət təqibi üzrə zəruri olan bütün hərəkətlərin vaxtında icra edilməsini təmin etmək məqsədilə A.Dehghanızadehin ölkədən çıxışına məhdudiyyət qoyulub.

A.Dehghanızadehin müraciəti əsasında məhkəmənin qərarı ilə sonuncunun ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülüb.

Hazırda F.Foroozanmehrin barəsində olan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

AZƏRTAC

Read 35 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər492702

Currently are 168 guests and no members online