XƏBƏR LENTİ

Cümə axşamı, 14 Noyabr 2019 06:30

Azərbaycan multikulturalizm modeli bəşəriyyətə mühüm nümunədir

Qloballaşan dünyamızda multikulturalizmi inkişaf etdirmədən sülhə, tərəqqiyə nail olmaq mümkünsüzdür. Multikulturalizm ingilis dilindən tərcümədə “çox mədəniyyət” deməkdir.
Müasir dünyamızda multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüququnu tanıyan humanist dünyagörüşü olan siyasət və bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyətdir. Multikulturalizm ölkəmizdə həm də bir humanist dünyagörüşü kimi tolerantlıqla sıx bağlıdır. Tolerant cəmiyyətdə multikulturalizm müxtəlif mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Azərbaycanda multikulturalizmin müasir vəziyyəti dünyanın bir çox inkişaf etmiş ölkələrindən üstündür. Bu, Azərbaycan xalqının milli mentalitetindən irəli gələn adət-ənənələri, qonaqpərvərliyi, dini dözümlülüyü, tolerantlığı azlıqda olan millət, xalqların mədəniyyətlərinin spesifikliyinin qorunması və ifadəsi kimi dəyərlərlə xarakterizə olunur.
Müasir Azərbaycanda multikulturalizmin bir siyasət kimi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər ölkəmizdə yaşayan milli azlıqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə həmişə diqqətlə yanaşmış və qayğı göstərmişdir. Onun sədrliyi ilə komissiya tərəfindən bu istiqamətdə layihə hazırlanmış və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsinə uyğun olaraq dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin etmişdir. Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququ, 45-ci maddəsində isə hər kəsin ana dilindən istifadə hüququ təsbit olunmuşdur. Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışır, bir çox ali və orta məktəblərdə təhsil alır, onların adət-ənənələrinə hörmətlə yanaşılır. Azərbaycanda milli azlıqların kütləvi informasiya vasitələri fəaliyyət göstərir, öz ana dillərində qəzet və kitab vəsaitləri nəşr edilir, televiziya və radio verilişləri hazırlanır. Ümummilli lider Heydər Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıtmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Əsası ulu öndər tərəfindən qoyulmuş Azərbaycan xalqının multikultural adət-ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın, Şərqlə Qərbin qovşağında yerləşməsidir. Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla dünyada öz nüfuzunu gücləndirməkdədir. Azərbaycanda tolerantlıq mühiti ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dillər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, o cümlədən, dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprel ayında məhz Bakı şəhərində keçirilmişdir.
2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. 26 noyabr 2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının Xll sessiyasında çıxış edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev demişdir: “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq”.
Ölkəmizdə multikulturalizm Azərbaycançılıq məfkurəsinə sıx bağlıdır. Ulu öndər tərəfindən əsası qoyulmuş Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, dövlət başçısının 15 may 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış,11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir.
Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin təbliğ edilməsində Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzedilməz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmiş və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunmuşdur.
2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il, aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişdilər. Eləcə də 2019-cu ilin may ayının 1-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, həmin forumda dünyanın 135-dən çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Çox mühüm və nüfuzlu beynəlxalq tədbirlərin BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya birgə yaşayış və sülh töhfələrindən biridir. Bu gün artıq ölkəmiz dünyaya multikulturalizmin Azərbaycan modelini təqdim edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi “Multikulturalizmin alternativi yoxdur”.

Aytac İBRAHİMOVA,
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi.

Read 46 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər506352

Currently are 65 guests and no members online