XƏBƏR LENTİ

Cümə, 08 Noyabr 2019 10:32

Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransı keçirib

Noyabrın 7-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Qorxmaz Hüseynov ötən dövr ərzində görülən işlər haqqında geniş məlumat verib.

Ölkəmizin hər yerində abadlıq və quruculuq işlərinin həyata keçirildiyini deyən “Azərsu” ASC-nin sədri bildirib ki, bütün sahələrdə olduğu kimi, su sektoruna da böyük diqqət yetirilir. Onun sözlərinə görə, respublikada bu sahənin inkişafı prioritet istiqamətlərdən biridir.

ASC sədri əhalinin içməli su ilə təminatı məsələsinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayıb.

Q.Hüseynov diqqətə çatdırıb ki, bu istiqamətdə ölkə Prezidenti tərəfindən müvafiq dövlət proqramları təsdiq olunub. Həmin proqramlar regionları, o cümlədən Bakı şəhərini və Abşeron yarımadasını da əhatə edir. Bu proqramlar ardıcıl şəkildə icra olunur və irimiqyasli layihələr həyata keçirilir. Regionlarda bu vaxta qədər 50 rayonda işlər başlanıb və artıq 30 rayonda işlər başa çatıb. 

“Azərsu” ASC-nin rəhbəri qeyd edib ki, Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır. Həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi və sair kimi parametrlər öz əksini tapacaq: “Regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayırıq. Abşeron yarımadasında fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30 faizdən 81,5 faizə çatdırılıb”.

ASC sədri deyib ki, 27 qəsəbədə, 40 ünvanda fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirilib. Bunun üçün isə 270 kilometr uzunluğunda yeni su xətti çəkilib.

Q.Hüseynov onu da diqqətə çatdırıb ki, son vaxtlar yağıntıların az olmasına görə, xüsusilə yay aylarında bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub. Həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanılıb. Gədəbəy və Lerikdə artıq bu işlər yekunlaşıb. Şəki, Şamaxı, Tovuz rayonlarında isə işlər gələn il başa çatacaq.

Regionlarda suyun keyfiyyəti məsələsinə toxunan Q. Hüseynov bildirib ki, strateji yol xəritəsinə uyğun olaraq regionlarda su kanal idarələri və regional laboratoriyalar yaradılıb: “İlkin mərhələdə laboratoriyaları avadanlıq, kadr, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu” ASC-nin balansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanması təmin olunsun. Gələcəkdə hədəfimiz bütün bölgələrdə vətəndaşların istifadə etdiyi suların nəzarətə götürülməsidir”.

“Azərsu” ASC-nin sədri, həmçinin əhalinin keyfiyyətli içməli su təminatı, su-kanalizasiya sisteminin yenidən qurulması istiqamətində gələcəkdə görüləcək işlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

 

 

AZƏRTAC

Read 46 times