XƏBƏR LENTİ

Cümə, 08 Noyabr 2019 10:31

“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala”

Ulu öndər Heydər Əliyevin obrazı Azərbaycan xalqının qəlbində, təsəvvür və xəyallarında əbədi yer tutmuşdur. O cümlədən şairlər, yazıçılar, publisistlər, dramaturqlar, ədiblər xalqın mütəfəkkir rəhbərinin, ümummilli liderinin, xilaskarının, dahi şəxsiyyət və insanın tarixi və bədii obrazını yaratmağa çalışmışlar. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə çapdan çıxmış “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı iki cildlik monoqrafik tədqiqatda (Bakı, “Elm və təhsil”, 2018-2019) ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə təcəssümünü tapan obrazı sistemli tədqiq olunur. Həmin tədqiqatda bədii ədəbiyyatın Heydər Əliyev mövzusuna müxtəlif janrlarda və hər bir janrın öz təbiətindən çıxış edərək yanaşdığı araşdırılır, təsbit olunur.

Kitabda akademik İsa Həbibbəylinin “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz”, “Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik”, “İlham Əliyev erası”, “Azərbaycan Heydər Əliyevşünaslığı: nailiyyətlər və vəzifələr”; AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı”; filologiya elmləri doktoru Elnarə Akimovanın “Poeziyada Heydər Əliyev idealı”, “Ulu öndər yolunun davamı və sabahı - İlham Əliyev”; filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası”, “Heydər Əliyevin ədəbi-filoloji portreti”; filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovanın “Dahiyə layiq bədii-sənədli epopeya”, “Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”; filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu”, “Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda” adlı tədqiqat oçerkləri yer almışdır.

“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabının birinci cildi ulu öndərin 95 illik yubileyinə, ikinci cildi “Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf” olunmuşdur.  Kitabın ideya müəllifi və ümumi redaktoru akademik İsa Həbibbəyli nəşrə “Heydər Əliyev və ədəbiyyat” adlı ön söz yazmışdır. Kitabın məsul redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğludur.

Bu səhifədə oxuculara AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Bədii nəsrdə Heydər Əliyev obrazı” məqaləsi təqdim olunur.

 

“Respublika”.

Read 58 times