XƏBƏR LENTİ

Cümə, 08 Noyabr 2019 10:31

AZAL-ın prezidenti Cahangir Əsgərov uçuş heyəti ilə yığıncaq keçirib

7 noyabr tarixində Azərbaycanın milli aviadaşıyıcısının uçuş heyətinin ənənəvi ümumi yığıncağı keçirilib. AZAL prezidenti Cahangir Əsgərov iclası açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə mülki aviasiyaya göstərdiyi diqqət və qayğıdan bəhs edib.. Bunun sayəsində mülki aviasiyanın Azərbaycan iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrildiyini deyən Cahangir Əsgərov Azərbaycanın milli aviadaşıyıcısının  həyata keçirdiyi etibarlı, səmərəli və rahat sərnişin daşımaları ilə beynəlxalq nüfuz qazandığını, ölkəmizin sonuncu Dünya İqtisadi Forumunun 2019-cu il üçün “Qlobal rəqabət qabiliyyəti” hesabatına görə, Fransa, Almaniya, İngiltərə, Avstriyanı və digər inkişaf etmiş ölkələri qabaqlayaraq Hava Nəqliyyatının Səmərəliliyi İndeksində 141 ölkə arasında 12-ci yeri tutduğunu da qeyd edib.

AZAL-ın prezidenti  eyni zamanda, uçuş heyətinə göstərdikləri yüksək peşəkarlıq və mülki aviasiyanın inkişafına verdikləri töhfə üçün təşəkkürünü bildirərək deyib: “Ümumilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi mülki aviasiyanın ən vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təmin edilməsidir. Pilotlarımız bu tapşırığı yüksək səviyyədə yerinə yetirirlər və bu gün onlar haqlı olaraq dünyanın ən peşəkar pilotlarından hesab edilir”.

Tədbir uçuşların təhlükəsizliyinin artırılması, müasir təyyarələrin istismarı, yeni texnologiyaların tətbiqi, uçuş heyətinin kvalifikasiyasının artırılması və s. kimi mövzuların müzakirəsi ilə davam etdirilib.

AZAL prezidenti fərqlənmiş pilotları mükafatlandırıb və onlara xatirə hədiyyələr təqdim edib.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti.

Read 34 times