XƏBƏR LENTİ

Cümə, 08 Noyabr 2019 10:29

Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları

Böyük turizm potensialına malik olan Azərbaycan zəngin tarixi, mədəni və təbii irsi ilə dünyanın hər yerindən insanları ölkəmizə cəlb edir. Günəşli təbiəti, mineral su qaynaqları, dünyada yeganə müalicəvi əhəmiyyəti olan Naftalan nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyəti, milli mətbəxi və bir çox digər amillər Azərbaycanda turizmin bir çox növlərinin - işgüzar, idman, müalicəvi, ekzotik, çimərlik və sairlərin inkişafı üçün münbit şərait yaradır. Təsadüfi deyildir ki, dünyada mövcud olan 11 iqlim qurşağından 9-u respublikamızın ərazisində yerləşir.
Eyni zamanda, son vaxtlar gündəmdə olan qədim İpək Yolunun yenidən bərpası və ölkəmizin ərazisindən keçməsi, Qərbdən-Şərqə, Şimaldan-Cənuba uzanan turist marşrutlarında müstəqil dövlətimizin də iştirakı bu sahənin inkişafında əhəmiyyətli rol oynayacaq. Xatırladaq ki, Çin dövlətinin təşəbbüsü ilə irəli sürülən “Bir kəmər, bir yol” layihəsində 6 marşrutdan biri Azərbaycandan keçməklə 65 ölkəni əhatə edir və dünyada qlobal böhranın yaşandığı bir dövrdə böyük maliyyə dividendləri gətirəcəyi danılmazdır.
Son illər turizm sahəsi dünya iqtisadiyyatında mühüm yer tutmaqla əsas gəlir mənbələrindən birinə çevrilib. “Turizm” və “turist” sözləri müasir dövrün ən çox işlədilən terminlərinə çevrilib. Bu sözlərin kökündə latın və yunan mənşəlli “tur” sözü dayanır, ingilis dilinə keçən bu söz XVII əsrdən “səyahət” mənasını ifadə edir. Beləliklə, “tur” sözündən əmələ gələn “turizm” bu prosesi, “turist” isə onun iştirakçısını ifadə edir. Bu sahədəki proseslərin dərindən öyrənilməsi məqsədilə turistika, turizmologiya və ya turizmşünaslıq adlı elm meydana gəlib. Hazırda dünyada turizmin üç yüzdən çox növündən bəhs olunur və onlar artmaqda davam edir.
Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi, turizmin inkişafında da dönüş yaradıldı ki, bu da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məsələn, böyük öndərin təşəbbüsü ilə müstəqil respublikamız 2001-ci ildə Ümumdünya Turizm Təşkilatına tamhüquqlu üzv qəbul olunmuş, normativ-hüquqi sənədlər hazırlanmışdır. Həmin vaxtdan etibarən ölkəmiz Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə qatılmaqla, həm də belə mötəbər tədbirlərə ev sahibliyi etmişdir. Eyni zamanda, 27 avqust 2002-ci il tarixli “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalanmışdır. Turizm sektorunun inkişafı ilə bağlı ulu öndərin başladığı kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev 2003-cü ildən etibarən yeni müstəvidə uğurla davam etdirir. Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının uğurla icrası, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli sərəncam, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi haqqında 2016-cı il 6 dekabr tarixli fərman, Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş Dövlət proqramlarında turizmlə bağlı müddəaların yer alması, 2006-cı ildə fəaliyyətə başlamış Azərbaycan Turizm və Menecment Universiteti və sairlər dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bununla yanaşı, Azərbaycan Turizm Assosiasiyası, Turizm Şurası, Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başlamış, Bakı ilə yanaşı, bölgələrdə də — Şəki, Şamaxı, Gəncə, Zaqatala, Quba, Xaçmaz, Lənkəran, Qusar, Qəbələ, İsmayıllı, Bərdə Naxçıvan və sair yerlərdə Turizm-İnformasiya mərkəzləri yaradılmışdır. Bu istiqamətdə atılan uğurlu addımlardan biri də dövlət başçısının bu sahədə çalışan peşə sahiblərinə diqqət və qayğının artırılması oldu. Belə ki, ölkəmizin rəhbəri Azərbaycan Respublikasında “Turizm işçiləri” gününün təsis edilməsi haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncam imzalamışdır. Bu sərəncama əsasən sentyabrın 27-si ölkəmizdə turizm işçilərinin peşə bayramı kimi qeyd olunur.
Dövlət başçısı tərəfindən imzalanan sərəncamlarda turistlər üçün vizaların verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, eləcə də ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan sərhəd, gömrük və digər sahələrdə çalışan yerli vətəndaşlara dil, ünsiyyət, turistlərlə davranma peşəkarlığı üzrə təlimlərin keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Məsələn, Azərbaycan Turizm və Menecment Universitetinin “Şahdağ” Turizm Kompleksinin bazasında yaratdığı məktəb turist axınının qarşısına yüksəksəviyyəli kadrlar çıxarmaq imkanını yaradır.
Azərbaycan Prezidenti nitqlərinin birində deyib ki, bu gün bütün dünyadan turistlər Azərbayana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaqdır.
Qeyd edək ki, 2018-ci ildə ölkəmizə əvvəlki illərdən daha çox - 2 milyon 850 min turist gəlmişdir. Aparılan hesablamalara görə, bu turistlər ölkəmizdə 2 milyard dollara yaxın pul xərcləmişlər. Bu, 2 milyard dollar ixrac deməkdir və turizmin qeyri-neft sektorundakı əhəmiyyətinin göstəricisidir. Ona görə də turizm sektorundan daha çox iqtisadi səmərə əldə etmək, inkişafını sürətləndirmək və genişləndirmək strateji hədəf kimi qarşıya qoyulub. Məhz bu baxımdan ölkə rəhbərinin “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması xüsusi vurğulanmalıdır. Artıq agentlik turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyasının qurulmasında mühüm rol oynayır.
Turizm sahəsində beynəlxalq əlaqələr diqqət mərkəzində olmaqla ən yüksək səviyyədə qurulmuşdur. Azərbaycan hökuməti ilə Rusiya, Türkiyə, Pakistan, Çin, Özbəkistan, Qırğızıstan, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Belarus, Moldova, Qazaxıstan, Qətər və sair ölkələrlə turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır. Eyni zamanda, ölkəmiz bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB üzv dövlətlərin turizm şuraları ilə əməkdaşlıq edir.
Bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər infrastrukturun qurulmasını, ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasını daha da sürətləndirmişdir. “İçərişəhər” Qoruğunun, “Şirvanşahlar” Sarayının, “Qız qalası”nın, habelə qayaüstü rəsmlər muzeyi “Qobustan”ın YUNESKO-nun dünya mədəni irs siyahısına salınması bu sahədə mühüm rol oynayır. Təbii ki, ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı-Astara dəmir yolunun istifadəyə verilməsi, Şahdağ xizək kurortu, Qəbələdə “Tufandağ” turizm kompleksi həm yerli əhalinin, həm də xarici qonaqların böyük marağına səbəb olub. Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzi həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malikdir.
Son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər - idman yarışları, musiqi festivalları, forumlar ölkəmizin dünya arenasında tanınması ilə yanaşı, respublikamıza gələn turistlərin sayının çoxalmasında da mühüm rol oynayır. Bu sırada “Eurovision” mahnı müsabiqəsini, Bakı-2015 ilk Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, Formula-1 Qran-Pri yarışlarını, Qlobal Forumları, Mədəniyyətlərarası Dialoq Forumlarını, Beynəlxalq Musiqi festivallarını və sairləri göstərmək olar.
Yaradılan müasir infrastruktur, özünəməxsus mətbəximiz, otellər, müasir yollar, yeni nəqliyyat vasitələri, 6 beynəlxalq aeroport və sairlər hər bir əcnəbi qonağın diqqətini cəlb edir və yaxın gələcəkdə ölkəmizin dünya turizm mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 25-də Qəbələ rayonuna səfəri zamanı turizmin bölgələrdə inkişafını belə dəyərləndirib: “Qəbələ Azərbaycanın Bakıdan sonra ikinci turizm mərkəzidir. Turizmin inkişafı sürətlə davam edir, 9 otel, 9 istirahət mərkəzi yaradılıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qəbələdə beynəlxalq aeroport tikilib. Baxmayaraq ki, sovet vaxtında Qəbələdə aeroport yox idi, indi beynəlxalq uçuşlar təşkil edilir. İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir”.
İnanırıq ki, Azərbaycan Dövlət Turizm Agentliyi ölkəmizdə daxili turizmin inkişaf etdirilməsi, mövcud potensialdan səmərəli istifadə imkanlarının genişləndirilməsi, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin artırılması istiqamətində daha uğurlu fəaliyyət göstərəcək, turizm sektorunun ölkə iqtisadiyyatında ən gəlirli bir sahəyə çevrilməsində mühüm rol oynayacaqdır.

Ramiz YUSİFOV,
“Respublika”.

Read 46 times