XƏBƏR LENTİ

Çərşənbə axşamı, 05 Noyabr 2019 08:59

Cəfər Cabbarlının 120 illik yubileyi AzTU-da qeyd olundu

Azərbaycan Texniki Universitetində (AzTU) görkəmli şair, yazıçı-dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük ədibin yubileyi ilə bağlı imzaladığı 17 dekabr 2018-ci il tarixli sərəncamına uyğun keçirilən təntənəli mərasimi açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev dahi yazıçının zəngin yaradıcılığından söz açıb və Texniki Universitetin ədəbi mövzulara diqqətinin önəmini vurğulayıb. Professor V.Vəliyev C.Cabbarlı yaradıcılığının əsas mövzuları olan vətənpərvərlik, qəhrəmanlıq və əbədi sevginin bu gün də gənc nəslin formalaşmasında böyük rolu olduğunu qeyd edib. Rektor bunu da xatırladıb ki, C.Cabbarlı AzTU-nun sələfləri sırasında olan Bakı Politexnikumunun məzunu olub.

Cəfər Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçısı, professor Tahirə xanım Məmməd isə çıxışında böyük sənətkarın həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı maraqlı, az bilinən faktları iştirakçıların diqqətinə çatdırıb. Daha sonra ulu öndər Heydər Əliyevin C.Cabbarlının heykəlinin ucaldılması prosesi ilə bağlı tarixi açıqlaması və fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.

Yubiley tədbiri tələbələrin ifasında şeir və mahnıların səsləndirilməsi ilə davam edib. Onların ifasında “Oqtay Eloğlu” əsərindən bir parça oynanılıb və tələbələr, həmçinin, gənc Cəfərin Nuru Paşa ilə görüş səhnəsini canlandırıblar.

Respublikanın Əməkdar artisti Fehruz Səxavətin ifasında “Azad bir quşdum”, AzTV-nin solisti Nicat Cəfərzadənin ifasında “Tellər oynadı” və tanınmış müğənni Vüsal Hacıyevin ifasında “Gərək Günəş dağları aşıb sönməyəydi” mahnıları alqışlarla qarşılanıb.

Gənc müğənnilər Aydan və Fidan Süleymanzadələrin ifasında sözləri və musiqisi C.Cabbarlıya aid olan “Zalım yar” mahnısı maraqla dinlənilib.

Dahi ədibin nəvəsi, C.Cabbarlı Ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı yubiley tədbirinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq başda rektor Vilayət Vəliyev olmaqla AzTU-nun kollektivinə öz minnətdarlığını bildirib.

Yubiley tədbiri AzTU tələbəsinin ifasında “Çırpınırdı Qara dəniz...” mahnısının sədaları altında yekunlaşıb.

 

Nəriman CAVADOV,

“Respublika”.

Read 50 times