XƏBƏR LENTİ

Bazar, 24 Fevral 2019 09:25

Xocalının şəhid Milli Qəhrəmanları

Rüstəmov Füzuli Salah oğlu 25 dekabr 1965-ci ildə Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. O, ata-anasını erkən itirmişdir. 1978-ci ildən Xocalıda babası Kərimin və nənəsi Tamaşanın himayəsində yaşamış, burada da səkkizillik məktəbi bitirmişdir. Ailəsinin ağır şəraitdə yaşaması, onu erkən yaşlarından işləməyə vadar etmişdir. 1983-cü ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. O, əsgərlikdə olarkən dəfələrlə xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən fəxri fərman, döş nişanları ilə təltif edilmiş, evlərinə təşəkkür məktubları göndərilmişdir. Füzuli hərbi xidməti tamamladıqdan sonra Xocalıya qayıdır. O, əvvəlcə Xocalı Üzümçülük Sovxozunda, 1990-cı ildən isə toxuculuq fabrikində işləyir.
1988-ci il. Respublikamız ən ağır günlərini yaşayır. Zaman-zaman qanımızı içməyə məqam gözləyən erməni quldurları torpaqlarımıza basqınlar edir, dinc əhalini vəhşicəsinə qətlə yetirir, yaşayış sahələrimizə od vurub yandırır, yurd yerlərimizi işğala məruz qoyurdular. Füzulidə Dağlıq Qarabağ hadisələri başlayan ilk günlərdən bu azğınlığa qarşı nifrət hissi baş qaldırır. O, 1989-cu ilin iyun ayında kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıdır. Bunun üçün ona 4 ay həbs cəzası verirlər. 1990-cı ildə erməni yaraqlılarının Xankəndinə girişinin qarşısını almaq üçün Xocalı aeroportunu partlatmaq üçün 4 nəfərdən ibarət qrup yaradıldı. Qrupun tərkibində Füzuli də var idi. Əməliyyat uğurla başa çatdırılır.
Füzuli Rüstəmov Xocalı özünümüdafiə dəstəsi yaradılanda əvvəlcə həmin dəstədə, sonra isə hərbi batalyonda xidmətini davam etdirmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Xocalıya tanklarla, BTR-lərlə hücum etdilər. Şaxtalı qış günündə əhali iki çayı keçməli idi. Güllələr yağış kimi yağırdı. İnsanların naləsi göyə yüksəlirdi. Adamlar güllə-borana tutulurdu. Onların axan qanı bir-birinin üstünə fısqırırdı. Füzuli əlində silah xocalılıları Şelli camaatına təhvil verib, geri qayıdırdı.
O, Xocalı faciəsi zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsində və Azərbaycanın Milli Qəhrəmanı A.Quliyevin yaralı vəziyyətdə döyüş meydanından çıxarılmasında çox böyük hünər göstərmişdir. Faciə zamanı o, üç dəfə Xocalıya girib, qadın, uşaq və yaralıları təhlükəsiz zonaya çıxarmışdır. Ölümün pəncəsindən neçə-neçə insanı xilas edən Füzuli Rüstəmov özü düşmən gülləsinə tuş gəldi.
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın Milli Qəhrəmanı “Qızıl ulduz” medalını bacısı Füqurə Rüstəmovaya təqdim edib.
O, Tərtər rayonunun Həsənli kəndində hərbi qaydada dəfn edilib.
Novruzov Ələsgər Xanlar oğlu 1949-cu il avqustun 1-də Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. O, 1966-cı ildə Kürdhacı kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1968-1970-ci illərdə Ermənistanda hərbi xidmətdə olmuşdur. Tərxis olunduqdan sonra 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirib, bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnmişdir. Həmin ildən öz doğma kəndlərindəki orta məktəbdə ixtisası üzrə işləmişdir. Əmək fəaliyyətinə başladığı ilk günlərdən uşaq və gənclərin idmana marağını artırmışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən Xocalı RTŞ-də təsərrüfat üzrə müdir işləyirdi.
Ələsgər Novruzov Qarabağ döyüşlərində özünü qorxmaz döyüşçü, mahir atıcı, qayğıkeş komandir və dostluqda əvəzedilməz bir insan kimi tanıtmışdır. Qarabağ müharibəsinin başlandığı ilk günlərdən yaradılmış Xocalının könüllü müdafiə komitəsinin 5 nəfər üzvündən biri olmuşdur.
Qarabağda ilk dəfə ermənilərin silahlı hücumu 18 sentyabr 1988-ci ildə Xocalıya oldu. Ələsgər müəllim atıcılıq məharətini burada nümayiş etdirdi. O, onlarca yaraqlını məhv etdi və erməni quldurları geri çəkildilər. Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış könüllü müdafiə dəstələrdən birinə o, rəhbərlik etmiş, ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə silahlardan istifadə etmək bacarığını öyrətmişdir. Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində fəal iştirak etmişdir.
1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücum edərkən Ələsgər Novruzov döyüş yoldaşı M.Şükürovla birlikdə ermənilərə arxadan hücüm etmişlər. Ermənilər qəfil hücümdan özlərini itirmiş və onlar 300 nəfərə yaxın əhalini erməni quldurlarının əlindən sağ-salamat qurtarmışdılar.
1990-cı ildə İrəvandan Xankəndiyə uçan təyyarələrin qarşısını almaq üçün Ə.Novruzov döyüş yoldaşlarından R.Həsənovla birlikdə uçuş zolağını partladıb, xeyli müddət təyyarələrin enməsinin qarşısını almışdı. O, 1991-ci ildəki əməliyyatların əsas iştirakçılarından biri olmuş, Xankəndiyə gedən yolun bağlanmasında və 20-yə qədər erməni yaraqlısının məhv edilməsində yaxından iştirak etmişdir.
1992-ci il fevralın 25-dən 26-na kecən gecə Ələsgər həmişəki kimi öz postunda idi. O, bir addım da oradan aralanmadı. Səhərə qədər yorulmadan döyüşdü. Onların tutduğu mövqeyə ermənilər nə qədər mərmi yağdırsa da, postu təslim etmədi və onlarca ermənini qanına qəltan etdi. Ancaq yenə də geri çəkilmədi. Lakin erməni qatillərinin atdığı güllələr onun döyüşkən həyatına son qoydu.
Azərbaycan Resbublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
O, Laçın rayonunda, doğma kəndi Kürdhacı kəndində dəfn edilib. Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı Şəkibə Mustafayeva: - ...Qar-qar çayını keçib meşəyə girdik. Göydən lopa-lopa qar yağırdı. Çox çətinliklə yeriyirdik. Qəflətən ermənilərin açdığı atəş bizi pərən-pərən saldı. Ana balasından, bala anasından aralandı. Ağappaq qar bir anın içində qıpqırmızı qana boyandı. Orada gördüklərim məni dəhşətə gətirdi. Körpələrin, qocaların, uşaqların, qızların, qadınların naləsi ərşə dirənirdi. O gecə həm Xocalıda, həm də meşədə analoqu olmayan bir qətliam oldu.
Artıq səhər açılırdı. Ölənlər ölmüş, donanlar donmuşdu. O gün xocalılıların soyqırımı və müsibəti idi. Biz çox çətinliklə Ağdamın Şelli kəndinə gəlib çatdıq. Təsadüf nəticəsində sağ qalmışdıq. Mən və 3 övladım Bakı şəhərində məskunlaşdıq. Dövlətimizin bizə göstərdiyi qayğı nəticəsində mən övladlarımı böyütdüm və oxutdum.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya ğörə, onlara ailəmiz və xocalılılar adından minnətdarlığımızı bildirir və çox sağ olun deyirik. İnanırıq ki, torpaqlarımız qısa vaxtda düşmən tapdağından azad olacaq və biz öz doğma ata-baba yurdumuza qayıdacağıq.

Kamil İSMAYILOV,
“Respublika”.

Read 7278 times