XƏBƏR LENTİ

Bazar, 26 Yanvar 2014 17:22

KƏNDDƏN BAŞLAYAN ŞƏHƏR TARİXİ

Son vaxtlar ümumazərbaycan tarixini onun bölgələrinin tarix-diyarşünaslıq materialları əsasında tədqiqata cəlb etmək maraqlı araşdırma mövzusuna çevrilmişdir. Təranə Cəbiyevanın “Bakı kəndlərinə səyahətim”, I hissə (“Şəms” nəşriyyatı, 2013) kitabı da bu qənaəti təsdiqləyə bilər. Məsələnin digər əhəmiyyətli tərəfi isə odur ki, “tarix ədəbiyyatı seriyasından” kitab nəşri işi ötəri və kommersiya xarakteri də daşımır, ümummilli məslək anlayışına xidmət edir.

Kitabda ön sözün müəllifi, tarix elmləri namizədi İdris Əliyevin belə bir fikri var: “...böyük dövlətin tarixini yazmaq, kiçik kəndin tarixini yazmaqdan daha asandır. Həmçinin, bu kitabı digər toplulardan şüurlu surətdə fərqləndirən cəhət fəhlə hərəkatının, inqilabi ideologiyanın, neft hasilatının və qərəzli fikirlərin müəllif tərəfindən yazıya alınmaması və müəllifin kitabı tarix-diyarşünaslıq baxımından nəşrə hazırlamasıdır”.

Kitabın ən vacib cəhəti odur ki, bəzən “bakılı” deyilərək süni yolla fərqləndirilən regionçuluğa itaət müəllifin məramına və metodoloji prinsipinə daxil deyildir. Sovet dövrünün saxta beynəlmiləlçiliyindən güc alan, əsasən də ölkəmizin milli-dini dəyərlərinə yad olan bir qrup insanların istifadə etdikləri və dolayısı ilə “azərbaycançılıq” anlayışına rəqib kimi işlədilən bu ifadə və duyğu adı çəkilən kitabda yoxdur. Və bu, sözsüz ki, sağlam müəllif mövqeyi kimi dəyərləndirilməlidir.

“Bakı kəndlərinə səyahətim”in oxunaqlığını ancaq onun mövzusu ilə məhdudlaşdırmaq düzgün olmazdı; onun elmiliyinə publisistik münasibət və elmi jurnalistikanın tələblərilə yanaşmaq da cəlbedici təsir göstərmişdir. Məhz belə bir yaradıcılıq taktikası ilə Bakıətrafı kəndlərin tarixi fonunda regionun mədəniyyətindəki özünəməxsusluqları ümumazərbaycan tarixinə aid faktlar bazasının zənginləşdirilməsinə, koloritlilik qazanılmasına, bir çox məlum faktlara əlavə bir məntiqlilik hopdurulmasına yönəltmək mümkün olmuşdur.

Bakı xanlığının müdafiə məsələlərində ətraf kəndlərin, orada inşa olunmuş qalaların strateji mövqeyinə aid əlavə faktlar da mövzuya müəyyən təravət gətirə bilmişdir.

Təranə Cəbiyevanın elmi-kütləvi üslubda hazırladığı kitabda publisist düşüncə ilə inadkar tədqiqatçının keçmişə məhəbbəti aydın hiss edilir. Mövzuya belə bir mövqedən yanaşma müəllifə faktların oxucuya daha münasib və maraqlı tərzdə çatdırılmasına yardımçı olmuşdur. Pedant tədqiqatçı üçün belə bir müəllif mövqeyi etibarlı mənbə hesab edilməyə bilinər, amma mövzuya həvəs yaradaraq, araşdırıcıya sağlam və obyektiv elmi-tədqiqat yolunu genişləndirməkdə stimullaşdırıcı mənbə təsiri göstərməsi aksiomdur. 

Kitabın əsasını tarix-etnoqrafiya, milli-dini adət-ənənə və regionun ədəbi-mədəni özünəməxsusluqlarını göstərə bilən kiçicik portret oçerklər üzərində qurulmuş “səyahət qeydləri” süjeti təşkil edur. Yəni tarix yüklü faktların sosial-siyasi motivli araşdırma materialları ilə sintezi regiona səyahətin səbəb və nəticəsini açmağa köməklik göstərir. “Kənd və ziyalı” anlayışı isə geniş oxucu auditoriyasına “tanışlıq” verməkdən daha çox oxunaqlığa və faydalılığa, bir də keçmiş insanlarımıza minnətdarlığa xidmət edir.

Kitab Bakının keçmişinə və müasir sosial-siyasi paytaxt həyatına qısa səyahətlə açılır. Bu hissədə nə yaxşı ki digər nəşrlərdən məlum olan “siyasi tarix” motivi o qədər də geniş deyil, əvəzində lokal toponomiyaya etimoloji yanaşma, etnoqrafiyaya aid faktların çoxluğu diqqəti cəlb edir.

Ümumiyyətlə, müəllifin mövzuya yanaşmasında müəyyən təzəlik duyulur. Təranə Cəbiyeva ancaq faktı açıqlamaqla işini bitmiş hesab etmir. Oxucuda konkret fakt, mövzu ətrafında perspektivli fikir oyatmaqla onu müstəqil araşdırmaçı olmağa həvəsləndirir. Bu baxımdan “Abşeron toylarında bakılı aşıqlar oxuyardı” fikri xüsusi maraq doğurur və gələcək ciddi tədqiqata təşviq edir. Məhz belə olduğu üçün kitabda bəzən rast gəlinən tənqidi məqamların özü də əslində xeyirxah iş görməyə səsləyən mövqe kimi qəbul edilir. Bu fikir məşhur mesenat-milyonçular Tağıyev, Nağıyev və onların digər müasirlərinin avtobioqrafiyası və xeyirxahlıqları barədəki oçerklərin bazasında daha çağırışçı səslənir.

Həmçinin kitabda elm və maarif xadimləri, ziyalılar və din adamları, sadə peşə sahibləri barədəki avtobioqrafik materiallar sosial-siyasi həyat fonunda təqdim olunduğundan koloritli maya qazanmışdır.

Buradakı nadir fotolar isə keçən əsrlə müasirliyi müqayisə etməyə, fikir-sözü foto ilə təsdiqləməyə imkan verir.

Müəllif yerli tarixi abidələri, memarlıq nümunələrini öz tarixçəsi ilə anır və bu, mövzunun daxilində ancaq inşaat məsələləri ilə məhdudlaşmır, obyekt barədəki əfsanə, rəvayət, kənd camaatının yaddaşında daşlaşmış xatirələrdən də yeri düşdükcə söhbət açır. Bakının müxtəlif kübar ailələrinin bir-birilə qohumluq əlaqələri ətrafındakı qeydlər də lazımlı materialdır. Bunlar çar Rusiyasının Qafqazı işğalından sonra yenidən formalaşmağa başlayan Azərbaycan kübar ailələrinin ailə şəcərəsini müəyyənləşdirməkdə faydalı qaynaq ola bilər. Kitabda yerli əhalinin ümumi mədəni səviyyəsini göstərmək üçün hamam və qəbiristan mədəniyyətinə aid faktlara diqqət yetirmək kifayət edər. Bu barədə müəllifin əlində xeyli maraqlı faktlar vardır.

Rus çarının dəstəyi ilə Bakıda da məskunlaşmış ermənilərin şəhərin sosial-siyasi mühitində hegemonluq etmək niyyətinə və onlara arxa duran çar məmurlarının haqsızlıqlarına qanunla dava açan azərbaycanlı iş adamlarının əmlak mübahisələrində toparlanması, prinsipiallıq göstərməsi, ermənilərin neft sahəsinə də soxularaq əl-qol açmalarına yol verməməsi incə yolla oxucuya çatdırılır. Məsələn, erməniləri müdafiə edən çar məmurlarının riyakarlığına qarşı suraxanılı Şıx Əlbəndə oğlu Balayevin və dostlarının qətiyyəti buna misal ola bilər.

Ermənilərin Bakıda törətdiyi 1918-ci il Mart soyqırımının vəhşətlərini, millət və din yolunda bolşevik/daşnak birləşmələrinə qarşı könüllü mübarizəyə qalxan yerli qoçaq oğlanların (Qaçaq Qubad, Binəli Aslan Qədir oğlu, Şıx Əlbəndə oğlu Balayev və bir çox başqaları) şücaəti, Vətən darda olarkən “qoçu” ləqəbinin məqsəd və vəzifə məsuliyyətinə sadiq qalmaları, öz vəsaitləri hesabına silah-sursat alaraq ləyaqətlə döyüşmələri barədəki qeydlər qürur hissi oyadır. Bu hissələrdə Nuru paşanın başçılığı altında Türkiyənin Qafqazda, o cümlədən Azərbaycandakı xilaskarlıq missiyası ilə bağlı bu gün də kənd camaatı arasında dolaşan xatirələrin ifadəsi də diqqəti cəlb edir. Fikrin davamı kimi oxucu onu da hiss edir ki, demək olar bütün Bakı kəndlərində türk əsgərinin qəbri vardır və həmin qəbirlər kənd camaatının qayğısı ilə bu gün də xüsusi hörmətlə qorunub saxlanılır, onlara qulluq göstərilir. 

Sovet hökumətinin qurulub-möhkəmlənməsində xüsusi xidmətləri olan məşhur Vasili Çapayevin diviziyasında Polad Əliyev adlı mərdəkanlının da döyüşməsi qəbilindən olan faktlar isə oxucunun o dövr barədəki məlumat bazasını genişləndirə bilir.

Regionun ədəbiyyatı ilə bağlı məsələləri də nəzərə çarpdıran müəllifin “Bakı nefti və neftçilər” mövzusunun yaşarlılığını diqqətə çəkməsi, görkəmli söz-sənət mənsublarının, xüsusilə də yerli muğam ustalarının timsalında ədəbiyyat və incəsənət nümayəndələrinin xatırladılması kitaba əlavə bir dəyər ölçüsü qatmış, onun ensiklopedik mahiyyətini daha da artırmışdır. Bu faktlar, müəllifin fikrincə, həm də o deməkdir ki, Bakı təkcə nefti ilə deyil, ictimai-humanitar məzmunu ilə də maraqlı və şöhrətli şəhərdir.

“Arxiv sənədləri” bölməsində verilmiş sənədlərin faksimilesi, “Bakılı şairlərin söz xəzinəsindən”, “Bakılı alimlər” bölməsində yer alan yazılarda qədimliklə müasirlik müqayisə edilmir, tarixin izinin təqdiminə xidmət göstərir. Kitabda verilən bəzi inşaat planı, xəritə isə təsvirə qədimlik koloriti qatır. “Nuru Paşanın qonaq qaldığı ev”, “IV Dumanın deputatı şağanlı Məmmədyusif Cəfərov”, “Türk əsgərlərinin yerləşdiyi məktəb”, “Türk əsgərlərinin xatirəsi unudulmur” başlıqlı yazılar da keçmişə səyahət baxımından maraqlıdır. Kitabın ümumi mənzərəsində bu faktlar fundamental tarix miqyasından baxarkən kiçik görünə bilər, ancaq regionun tarixi fonunda onlar böyük dəyərə malikdir və informasiyanın bu formada təqdimatı mövzu ilə maraqlananları ciddi tədqiqata həvəsləndirməyi bacarır.

Beləliklə, son illər ölkəmizdə aparılan geniş quruculuq işləri onun qədimliyinin göstəricisi olan maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasına xüsusi qayğı ilə yanaşmağı daha da aktuallaşdırır. Bu fikrin canında “Bakı kəndlərinə səyahətim” tipli kitabların da öz yeri vardır.

Elçin VƏLƏDOĞLU,

“Respublika”.

 

 

 

Read 25479 times