XƏBƏR LENTİ

Cümə, 19 May 2017 10:29

ÜAK-ın qeydiyyatının ləğv edilməsi siyasi qərardır

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi, əlbəttə, siyasi qərardır. 

Tanınmış publisist, Milli Məclisin deputatı, Azərbaycan-Rusiya Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvü Elmira Axundova bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib. Deputat xatırladıb ki, ÜAK ilə bağlı vəziyyət barədə iki dəfə Azərbaycan Parlamentində - Milli Məclisdə çıxış edib, habelə yerli mətbuatda və Rusiya mətbuatında bu barədə fikirlərini bildirib.

Milli Məclisin deputatı vurğulayır: “Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etmək cəhdinin Azərbaycan cəmiyyəti, Azərbaycan diasporu, Azərbaycanın ictimai və dövlət təşkilatları tərəfindən bu cür yekdilliklə pislənməsi məndə belə bir fikir oyadır ki, bu, baş verməyəcək, Rusiya Azərbaycanın rəyini eşidəcək və bu məsələni məhkəməyə qədər həll etməyə çalışacaq. Yəni, əgər ÜAK-ın sənədlərində hər hansı texniki qüsurlar, hüquqi uyğunsuzluqlar olsa belə, bu cür məsələləri işçi qaydada həll etmək olardı. Mən bu məsələnin  belə ciddiləşəcəyini və Rusiya Ali Məhkəməsi tərəfindən bu təşkilatın qeydiyyatının ləğv ediləcəyini gözləmirdim”.

Elmira Axundova qeyd edir ki, Rusiyada yüzlərlə, o cümlədən ermənilərə aid ictimai təşkilat mövcuddur. Milli Məclisin deputatı deyir: “Mən dəfələrlə demişəm: necə olur ki, Arxangelskə “Böyük Ermənistan” adlı təşkilat fəaliyyət göstərir, Moskvada Erməni Kilsəsinin  Apostol və Naxçıvan Yeparxiyası qeydiyyata alınıb və şəhərin lap mərkəzində fəaliyyət göstərir. Bu qurumların hətta adlarından görünür ki, onlar təhrikçi fəaliyyətlə məşğuldurlar. Bu erməni təşkilatları mifik “Böyük Ermənistan”ı təbliğ etməklə məşğul olur, faktiki olaraq bir sıra ölkələrin, o cümlədən Rusiyanın özünün də ərazi bütövlüyünə qəsb edən ədəbiyyat yayırlar. Bununla belə, Rusiya Ədliyyə Nazirliyi bu cür hüquqi uyğunsuzluqları nədənsə görmür. Bu, çox qəribədir. Amma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Rusiyanın indiki Prezidenti Vladimir Putin tərəfindən yaradılmış, onların xeyir-dua verdikləri və birinci qurultayında iştirak etdikləri təşkilat nədənsə bağlanır. ÜAK sadəcə ictimai təşkilat deyil. O, Rusiyanın dövlət strukturları ilə çox sıx əlaqəli şəkildə işləyir. Rusiyada seçkiqabağı kampaniya dövründə - həm prezident seçkilərində, həm də parlament seçkilərində - ÜAK Vladimir Putinin özünün yaratdığı Ümumrusiya Xalq Cəbhəsi blokuna daxil olur. ÜAK bütün seçkiqabağı mübarizələrdə, kampaniyalarda fəaliyyətdə olan prezidenti dəstəkləyir. Onun uğurla seçilməsində çoxmilyonluq Azərbaycan diasporunun rəyi də rol oynayıb”.

Deputat xatırladır ki, ÜAK ictimai fəaliyyətlə yanaşı, Rusiyanın ən iri xeyriyyə təşkilatlarından biri kimi, xeyriyyəçiliklə də məşğul olur. Elmira Axundova deyir: “ÜAK Rusiya regionları üçün çox iş görür: məktəbləri, xəstəxanaları təmir edir, əhalinin aztəminatlı təbəqələrinə, sahibkarlığın inkişafına kömək edir və s. Demək istəyirəm ki, ÜAK sadəcə ictimai təşkilat deyil, bu, Rusiyanın ictimai-sosial həyatına inteqrasiya etmiş təşkilatdır. O, əslən Azərbaycandan olan və milliyyətcə azərbaycanlı olan yüz minlərlə Rusiya vətəndaşını birləşdirir. Buna görə də hüquqi xarakterli qüsurları bəhanə gətirərək bir qələm çəkməklə bu cür təşkilatı bağlamaq məndə böyük təəccüb və hətta təşviş hissi doğurur”.

Azərbaycan-Rusiya Parlamentlərarası Əlaqələr üzrə işçi qrupun üzvü Elmira Axundova Azərbaycanın hansı addımlar atmalı olduğu barədə öz fikrini bildirərək deyib: “Əlbəttə, Rusiya Ali Məhkəməsinin bu qərarının qəbul edilməsinə Rusiyada fəaliyyət göstərən antiazərbaycan qüvvələr təsir göstərib. Biz həmişə fəxr etmişik ki, qonşu Ermənistanda praktiki olaraq ruslar qalmadığı halda bizdə ən böyük rus diasporu yaşayır. Bizdə 400 rusdilli məktəb, ali məktəblərdə çoxsaylı rusdilli fakültələr, Moskva ali məktəblərinin iki filialı fəaliyyət göstərir, lakin bu, heç kəsi dayandırmayıb. Bu fakt bizi ciddi narahat etməlidir, hesab edirəm ki, ÜAK-ın qeydiyyatının ləğv edilməsi, əlbəttə, siyasi qərardır. Bu, prinsipial məsələdir və biz də bu qərara prinsipial yanaşmalıyıq. Bununla bərabər, mən Azərbaycan ictimaiyyətini, dövlət strukturlarını incikliyin diktə etdiyi hər hansı cavab  tədbirlərindən, cavab addımlarından çəkindirmək istərdim. Hesab edirəm ki, bu vəziyyətdə biz çox təmkinli olmalı, prosesin başa çatmasını gözləməliyik. Hazırda hüquqşünaslar bu məsələ üzərində işləyirlər, onlar tezliklə apellyasiya sənədlərini təqdim etməlidirlər və apellyasiya instansiyalarının  qərarını gözləmək lazımdır. Mən bu vəziyyətin çözülməsinə nikbin baxıram. Hesab edirəm ki, ÜAK hər bir halda bu və ya digər formada mövcud olacaq”.

Elmira Axundova Rusiya strukturlarında, Rusiya mətbuatında bütün dostlarına müraciət edərək vəziyyəti obyektiv araşdırmalarını və bu problemin həllinə kömək göstərmələrini xahiş edir.

Milli Məclisin deputatı sonda deyib: “Bu məsələ Azərbaycan-Rusiya dövlətlərarası, hökumətlərarası və parlamentlərarası münasibətlərinin daha da inkişafına ziyan vurmamalıdır”.

AZƏRTAC

Read 8 times