XƏBƏR LENTİ

Cümə, 19 May 2017 10:23

“NƏŞRİYYAT İŞİ HAQQINDA” QANUNA GÜNÜN REALLIĞI PRİZMASINDAN BAXIŞ

“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanununa nəşr işinin spesifikası və günün reallığı baxımından aşağıdakı dəyişikliklərin edilməsi zərurətini yaradır:
- “Bu Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən edir, nəşriyyat fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə əlaqədar nəşriyyat işinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini müəyyən edir” yerinə “Bu Qanun nəşr işinin təşkili sahəsində fəaliyyətin ümumi prinsiplərini müəyyən edir, kitab nəşri, yayımı və satışını həyata keçirən subyektlər arasında münasibətləri tənzimləyib, bu subyektlərdən hər birinin nəşr işi sahəsində hüquq və vəzifələrini müəyyən edir” yazılmalıdır. Çünki qanunda söhbət, nəşr işinin təşkilindən gedir;
- qanunun 1-ci fəslinin 1-ci maddəsində - “Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları istifadə edir” yerinə “Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir” yazılması da yerinə düşərdi, çünki anlayışlar mənanı istifadə yox, ifadə edirlər;
- “nəşriyyat - əsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsi” yerinə “- nəşriyyat - əsas fəaliyyət sahəsi müəllifdən qəbul edilən və ya ona sifariş verilən, ya da müəllifin (müəlliflərin) iştirakı ilə yazılan və ya tərtib edilən əsərin nəşrə hazırlanmasını, istehsal və yayımını təşkil edən ixtisaslaşmış müəssisə” kimi yazılmalıdır, çünki nəşriyyatın vəzifəsi əsəri istehsal edib yaymaq yox, nəşrə hazırlamaqdır; nəşrin istehsal və yayımı isə yalnız müəlliflə imzalanan müqavilə əsasında baş tuta bilər;
- “nəşriyyat məhsulları” ifadəsi “nəşr məhsulları” ilə əvəz edilməlidir, çünki söhbət nəşriyyatda hazırlanan hər hansı plakat, qılaf, qutu, əlfəc və s.-dən yox, nəşrdən gedir;
- “dövlət nəşriyyatı - dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri”ndə dövlət strukturu nəzdində özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən nəşriyyatların (məs.: “Azərbaycan” nəşriyyatı) statusu (dövlət nəşriyyatı sayılıb-sayılmaması) ilə bağlı məsələyə aydınlıq gətirilməsi də pis olmazdı;
- “nəşriyyat işi - nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər sahəsi” yerinə “nəşr işi - müəllif mətninin nəşrə hazırlanması ilə məşğul olub onun istehsal və yayımını təşkil edən; hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər sahəsi” yazılması daha məqsədəuyğundur;
- “naşir - nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyələşdirən) nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmayan fiziki və ya hüquqi şəxs” yerinə “naşir - əsərin nəşrə hazırlanmasını, istehsal və yayımını təşkil edən şəxs” yazılması daha düzgündür. Çünki naşir əsəri nəşrə hazırlayan, istehsal və yayımını təşkil edən şəxsdir. Nəşri maliyyələşdirənin əsas fəaliyyəti bu sahə ilə əlaqədar olmaya da bilər, əsas odur ki, nəşrin maliyyə xərclərini qarşılasın;
- “nəşriyyat məhsulu - çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu” yerinə “- nəşr məhsulu - nəşr növündən və çap formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə hazırlanıb oxucu üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşr və digər nəşr məhsulları məcmusu” kimi yazılmalıdır, çünki nəşrin hansı çap üsulu ilə hazırlanmasının bura qətiyyən dəxli yoxdur;
- “çap məhsulu - poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları” yerinə “- çap məhsulu - poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə tirajlanan dövri mətbuat, nəşr və nəşr məhsulları” kimi yazılmalıdır;
- “nəşriyyat məhsulunu istehsal edən - nəşriyyatın (naşirin) sifarişi əsasında nəşriyyat məhsulunun tirajının” yerinə “- nəşr məhsulunu istehsal edən - nəşriyyatın (naşirin) sifarişi əsasında nəşrə hazırlanan məhsulun tirajının” yazılması, daha məntiqli olardı;
- “yayıcı - nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını” yerinə “- yayıcı - nəşriyyat (naşirlə), müəllif (müəlliflər) və ya onun nümayəndəsi ilə bağlanılmış müqavilə əsasında, yaxud digər qanuni əsaslarla nəşrlərin yayılmasını” yazılması, daha məqsədəuyğundur;
- “sifarişçi - maliyyə obyektlərini üzərinə götürməklə nəşriyyat məhsulunun hazırlanmasını, istehsalını və yayımını” yerinə “- sifarişçi - maliyyə xərclərini üzərinə götürməklə çap məhsulunun nəşrə hazırlanmasını, istehsal və yayımını” yazılması daha düzgün olardı;
- “tiraj - nəşr nüsxələrinin miqdarı” yerinə “- tiraj - nəşrin çap olunmuş nüsxələrinin miqdarı”, “- kitabın beynəlxalq standart nömrəsi (İSBN) - hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə” yerinə “- nəşrin beynəlxalq standartda yerini təyin edən nömrə (İSBN) -nəşrin ticarət şəbəkələrində yayılması və tanıdılması üçün zəruri olan nömrə” kimi yazılması daha məqsədəuyğun olardı;
- “nəşr - nəşriyyat prosesindən keçirilərək” yerinə “-nəşr - redaktə (ədəbi, elmi, bədii, texniki) meyarları əsasında təkmilləşdirilib nəşrə hazırlanan” kimi yazılmalıdır;
- “redaktə - nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş əsasında, yaxud müəllifin (müəlliflərin) təqdimatı ilə nəşriyyata daxil olmuş əsərin müəllifin razılığı ilə elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik, əlavə və düzəlişlər etməklə nəşrə hazırlanması” yerinə “- redaktə - nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş əsasında yazılan, müəllif yaxud müəlliflərin təqdimatı ilə nəşriyyata daxil olan əsərlərə texniki və bədii tərtibat verilməsi, elmi, ədəbi cəhətdən təkmilləşdirilib zəruri ixtisar, əlavə və düzəlişlər edilməklə nəşrə hazırlanması” kimi yazılmalıdır. Çünki naşir təqdim olunan əsərin redaktə edilib təkmilləşdirilməsi üçün məsuliyyət daşıyır;
- “nəşriyyat redaksiyası - nəşriyyat məhsullarının hazırlanması ilə məşğul olan, əsərləri çap üçün hazırlayan əsas struktur bölmə” yerinə “- nəşriyyat redaksiyası - əsərləri nəşrə hazırlayıb çapını təşkil edən əsas struktur bölmə”, “- redaktor - nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis” yerinə “- redaktor - nəşriyyatda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, müəllif əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii meyarlar, redaktə prinsipləri əsasında işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis” yazılmalıdır;
- “nəşriyyat proqramı - nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun ola-raq nəşriyyatın (naşirin) tərtib və təsdiq etdiyi” yerinə “- nəşriyyat proqramı - nəşriyyatın nizamnaməsinə və ixtisaslaşdığı sahəyə uyğun olaraq tərtib və təsdiq etdiyi”, “- dünya miqyasında təbliği məqsədilə onların tərcüməsi, nəşri və yayılmasının stimullaşdırılması” yerinə “-dünya miqyasında təbliğinin təşkili məqsədilə onların tərcüməsinin, nəşr və yayımının stimullaşdırılması” yazılmalıdır;
- “nəşriyyat məhsullarına olan tələbatını, ehtiyaclarını və təkliflərini öyrənməklə nəşriyyatların işinin istiqamətləndirilməsi” yerinə “-nəşr məhsullarına tələbatını, ehtiyac və təkliflərini öyrənməklə nəşriyyatların işinə istiqamət verilməsi”, “- Respublikasının qanunvericiliyinə uyğun olaraq nəşriyyatlar arasında dövlət satınalmaları keçirtməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi” yerinə “-Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq nəşriyyatlar və poliqrafiya müəssisələri arasında dövlət satınalmalarının (tenderlərin) keçirilməsi, dövlət tərəfindən sifariş edilib maliyyələşdirilən dərsliklərin nəşrinin və çapının təmin edilməsi” yazılmalıdır;
- “nəşriyyat məhsullarının” yerinə “- nəşr məhsulları”, “- təbliği məqsədilə onların tərcüməsi, nəşri və yayılmasının” yerinə “- təbliğinin təşkili məqsədilə onların tərcüməsinin, nəşr və yayımının”, “- milli universal” yerinə “- universal” yazılması məqsədəuyğundur, çünki ensiklopediyada materiallar milli yox, dünyəvi xarakter daşıyan obyektiv faktlar əsasında yazılır;
- “habelə səhiyyə, elm və əhalinin sosial müdafiəsi ilə bağlı nəşriyyat məhsullarının” yerinə “- elm, habelə səhiyyə və əhalinin sosial müdafiəsi ilə bağlı nəşr məhsulları”, “-xarici dillərdə buraxılan zəruri nəşrlərin” yerinə “-zəruri nəşrlərin xarici dillərə tərcümə edilib nəşrə hazırlanmasının” kimi yazılması, daha məqsədəuyğundur;
- 3-cü maddədə “- nəşriyyat işi sahəsində sərbəstliyin təmin edilməsi” yerinə “- nəşr işi sahəsində təşkilati və hüquqi sərbəstliyin təmin edilməsi” yazılması, daha düzgün olardı. Çünki senzura ləğv olunsa da, redaktə prinsiplərinin (dövlətçilik, xəlqilik və s.) gözlənilməsinə nəzarət edilməlidir;
- “nəşriyyat işinin maddi-texniki bazasının, təşkilati, hüquqi və elmi əsaslarının möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi” yerinə “- nəşriyyatların maddi-texniki bazasının möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi”, “-nəşriyyat işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi” yerinə “- nəşr işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi” yazılmalıdır;
- “əhalini, təhsil müəssisələrini və kitabxanaları latın əlifbası ilə nəşr olunmuş kitablarla təmin etmək məqsədilə xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsi” və “- Azərbaycan xalqının klassik irsi və milli-mənəvi sərvəti sayılan əsərlərin dövlət sifarişi əsasında nəşrinin həyata keçirilməsi, bu məqsədlə güzəştli kreditlər və dövlət tərəfindən qrantların ayrılması” bəndləri artıq təmin olunduğundan, onların qanunda saxlanmasının mənası yoxdur;
- 4-cü maddədə “- Nəşriyyat materiallarının müəllif deyilərsə, dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birliklərin” yerinə “- Nəşr məhsulunun müəllifi olmayan dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birlik və”, “-müəlliflər seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini) müəyyən etməkdə (dövlət proqramları əsasında hazırlanan, maliyyələşdirilən nəşrlərdən başqa), öz aralarında və” yerinə “- müəllifləri seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini) müəyyən etməkdə (dövlət proqramları əsasında hazırlanıb dövlət büdcəsindən maliyyələşdirilən nəşrlər istisna olmaqla), nəşriyyatlararası,”,”-Materialların hazırlanması zamanı tərcümə və müəllif mətnlərində müəlliflik hüququnu qorumaq şərtilə ixtisarlara və redaktəyə yol verilə bilər” yerinə “Materiallar və müəllif mətnləri nəşrə hazırlanarkən mütləq ədəbi, elmi, bədii və texniki redaktədən keçməli, mətnlərdə aparılan düzəlişlər müəlliflə razılaşdırılmalıdır. Tərcümə edilən nəşrlərdə də mətnə, mənasına zərər verməmək şərtilə müdaxilələr etməyə, müəlliflik hüququnun qorunması şərtilə zəruri ixtisarlar aparmağa yol verilir” yazılmalıdır. Çünki naşir nəşrin elmi-ədəbi dəyərinə, bədii-texniki tərtibatına nəzarət etməlidir;
- 5-ci maddədə “- Nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat məhsullarında” yerinə “- “Nəşriyyat subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşrlərdə” yazılmalıdır. Düşünürəm ki, bu maddədə nəşriyyatların ixtisaslaşması tələbi, ictimai rəyin formalaşmasında müstəsna rolu olan bu müəssisələrə kitab nəşri sahəsində mükəmməl təhsil alıb zəngin təcrübə məktəbi keçmiş peşəkarların rəhbərlik etməsinə nəzarət olunması kimi məsələlərin də öz əksini tapması, vacibdir. Xarici dillərdə (ölkəmizdə məskunlaşmış milli azlıqların dillərində nəşr olunan əsərlər də daxil olmaqla) nəşrə hazırlanan əsərlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində yerləşən Tərcümə Mərkəzində gözdən keçirilməsi də, mümkün təxribatların qarşısının alınması, dövlətçiliyimizin qorunması nöqteyi-nəzərindən faydalı olardı;
- 7-ci maddədə “- Nəşriyyat (naşir), çap məhsullarını hazırlayan və yayıcı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınırlar” yerinə “- Müəllif mətnlərini nəşrə və çapa hazırlayan, istehsal edib yayan təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınırlar” yazılması, daha məqsədəuyğun olardı;
(davamı növbəti saylarımızda)

İradə ƏlƏsgƏrova,
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru.

Read 10 times