XƏBƏR LENTİ

Cümə axşamı, 18 May 2017 07:03

Bir yazının izi ilə, yaxud ziyalı nəslin başlanğıcı

Mən İslam müəllimi 40 ildən artıqdır ki, tanıyıram. Özünün savadı, mədəniyyəti, qabiliyyəti ilə seçilən bu insan 1975-76-cı illərdə bu gün həsrətlə xatırladığımız İrəvan yaxınlığındakı Zəngibasar mahalının Dəmirçi kənd orta məktəbində mən müəllim işləyərkən o, həmin məktəbin direktoru idi. Sonralar tale elə gətirdi ki, biz qohum olduq.

Həyat qəribədir. İslam müəllim dünyaya göz açandan sonra iki ay tamam olmamış atası vəfat edir. Təəssüflər olsun ki, atasının şəkli də qalmır. Ancaq anasından, kəndin yaşlı nəslindən eşidir ki, onun atası Mahmud Hacı Abbas oğlu Qasımov uzun illər Şöllü Mehmandar (sonralar Dəmirçi adlanmışdı - Ə.Z.) Kənd Şurasının (sonralar Kənd Soveti adlanırdı - Ə.Z.) sədri vəzifəsində çalışmışdır. İslam müəllim eşitmişdi ki, onun atasının haqqında nə zamansa “Zəngi”, yaxud “Rəncbər” və ya “Qızıl Şəfəq”mi qəzetində məqalə dərs olunmuşdu. O, 40 ildən artıq axtarış apardı. İrəvan, Tiflis, Bakı, Sankt-Peterburq, Moskva arxivləri ilə əlaqə saxladı, məktublaşdı. Müsbət cavab ala bilməsə də, axtarışlarını davam etdirdi. Hətta ən yaxınları, övladları da onun bu işdən əl çəkməsini məsləhət bilsə də, o, öz inadından dönmədi. İslam müəllimin bir söhbətini xatırlamaq istərdik: “Bir dəfə təxminən 1980-ci illərin ortalarında tanınmış ziyalı, lüğətşünas, şair, publisist İbrahim Xəlilovla Bakıya ədəbiyyatşünas alim Teymur Əhmədovun yanına gəldik, məsələni ona danışdım. O, həmin saat bir məktub hazırlayıb Leninqrad arxiv idarəsinə göndərdi. Müsbət cavab alınmadı.”

Nəhayət, neçə onillik axtarışından sonra o, M.F.Axundov adına kitabxananın arxivindən “Rəncbər” qəzetinin 1928-ci ilin yanvar nömrəsindən atasının şəklini və onun haqqında yazılmış məqaləni əldə etmişdir. Həmin məqaləni oxuculara təqdim edirik.

Məqalə bu rubrika altında dərc olunmuşdur: “Müvəffəqiyyət və nöqsanlarımız”. Çalışqan Kənd Şura sədri Zəngibasar rayonunun Şöllü Mehmandar kəndinin Şura sədri yoldaş Mahmud Qasımov eyni zamanda Şorlu Dəmirçi kəndinin pambıq şirkətinin sədridir. O, sədrlik etdiyi üç kənddə dövləti sığortanın gəlirlərini hələ noyabr ayında yüz faizlə toplayıb başa çatdırmışdı.

Kənddə saxlanılan heyvanların səksən faizi könüllü olaraq sığorta edilmişdi. Kəndlilərə onların təsərrüfatlarını yüksəltmək məqsədilə dövləti sığortanın əhəmiyyətini izah etmişdi. Bütün nöqsanlar aradan qaldırılıb, dövləti sığortanın əsasları möhkəm təməllər üzərində qurulmuşdur.

Yoldaş Mahmudovun gördüyü işlər diqqətə layiqdir. Digər əməkçilər həmin şura sədrindən ibrət götürüb çalışmalıdırlar.

Eçmiadzin (Üçkilsə) qəzasının dövləti sığorta agenti. Məqaləni ərəb əlifbasından latın qrafikasına çevirən: Azərbaycan Əlyazmalar İnstitutunun əməkdaşı: “Ramazanov Arif. Məqalə ilə yanaşı qəzetdə kənd sovetinin sədri Mahmud Qasımovun şəkli də öz əksini tapmışdı.

Xatırladaq ki, “Sovet Ermənistanı” qəzeti 1921-ci ildən 1939-cu ilə kimi “Zəngi”, “Rəncbər”, “Kommunist, “Qızıl Şəfəq” adı ilə nəşr olunmuşdur.

Mahmud Hacı Abbas oğlu Qasımov 1885-ci ildə İrəvan yaxınlığındakı Zəngibasar rayonunun Şöllü Mehmandar kəndində (sonrakı Dəmirçi) anadan olmuş, Şöllü Mehmandar kəndində Şura sədri işləmiş, 1935-ci ildə dünyasını dəyişmişdi. Onun üç qızı, bir oğlu olmuşdur. Zəngibasar, Amasiya rayonlarının birinci katibi, Vedibasar rayonunun İcraiyyə komitəsinin sədri vəzifəsində çalışmış, dəfələrlə Ermənistanın Ali Sovetinin deputatı olmuş Hüseyn Məmmədov Hacı Mahmudun Böyük qızı Cülüs xanımla ailə qurmuş, bu izdivacdan üç qız, bir oğul olmuşdur. Bu qızlardan biri—tibb elmləri namizədi Asiya Məmmədova uzun illər akad. M.Mirqasımov adına Respublika Xəstəxanasının homotologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Qızı Gülçöhrə xanım memarlıq elmləri doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur. Dəfələrlə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir.

Hacı Mahmud Qasımovun qızı Qəmər uzun illər Zəngibasar rayonunun maarif şöbəsində mühasib işləmiş Əhməd Mustafayevlə ailə qurmuşdur

Qızı Xədicə isə Zəngibasar rayonunda təhsilin inkişafında xüsusi xidmətləri olan, rayon maarif şöbəsinin inspektoru vəzifəsində çalışmış Mirabbas Heydərovla ailə qurmuşdur.  Onların altı övladı olmuşdur.

M.Qasımovun oğlu İslam Abbasov Gəncə Pedaqoji İnstitutunu bitirmiş, 20 ilə qədər məktəb direktoru vəzifəsində çalışmışdır.  Övladlarının hamısı yüksək təhsilə malikdir.

Mən İslam müəllimin direktor olduğu vaxt Dəmirçi kənd orta məktəbində fransız dili müəllimi işləmişəm. Mən də onun atası Mahmudun necə xeyirxah insan olduğu barədə söhbətləri eşitmişəm. Kəndin o zamankı yaşlı sakinlərindən ailəlikcə yaxın olduğumuz Ənnağı Məmmədovun M.Qasımovun xeyirxahlığından, imkansız adamlara necə əl tutmasının söhbətlərinin canlı şahidiyəm. M.Qasımov erkən dünyasını dəyişəndən sonra onun həyat yoldaşı Həcər xanım bu səxavəti davam etdirmişdir. Uluxanlıda rus dili müəllimim işləmiş Məmməd Nəsirov söhbət edirdi ki, aclığın içində idik. Gəlib Həcər xalaya dedim ki, bir az taxıl, ya un versin - təxminən yarım kisə. Dedim ki, bir şkafımız var. Əvəzində onu verirəm. Həcər xala nə qədər lazım idi, artıqlaması ilə taxılı verdi. Dedi taxılı apar, sonra şkafı gətirərsən. Biz taxılı istifadə etdik və bir gün gəlib dedim ki, bəs şkafı nə vaxt gətirim? Cavab verdi ki, şkaf qoy evinizdə qalsın, onu sizə bağışlayıram. Əgər mən əvvəldən şkafdan imtina etsəydim, bəlkə də sən o taxılı aparmayacaqdın. Özüm elə demişdim.

Dəmirçi məktəbində işləyəndə mən bu xeyirxahlığı dəfələrlə İslam müəllimdən də görmüşəm. Bu ocağın övladları öz davranışları ilə həmişə nümunə olmuşlar.

Əsgər ZEYNALOV,

professor.

Read 21 times