XƏBƏR LENTİ

Cümə axşamı, 18 May 2017 07:03

Azərbaycan urologiyasında Cavadzadə fenomeni

“Xəstəni həyata qaytaran həkim onun üçün ən doğma adamdır”. Bu sözlərin müəllifi, şəxsiyyəti və xatirəsi onun əllərindən şəfa tapmış yüzlərlə insan üçün əziz olan məşhur cərrah akademik Mirməmməd Cavadzadə Azərbaycan tibb elminin korifeyləri sırasında özünəməxsus yer tutur.

O, 1927-ci il mayın 18-də Azərbaycanın cənub bölgəsinin mədəniyyət mərkəzi Lənkəranda anadan olmuş, burada orta məktəbi bitirmiş, sonra Azərbaycan Dövlət Tibb İnstitutunda və İkinci Moskva Dövlət Tibb İnstitutunun urologiya kafedrasında təhsil almışdı. Hələ gənc yaşlarında həkimlik istedadı ilə həmkarları arasında seçilirdi və çox keçmədən uroloq-alim kimi şöhrət qazandı.

AZƏRTAC bu görkəmli alimin həyat yolundan və elmi fəaliyyətindən, Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərindən bəhs edən məqaləni oxuculara təqdim edir.

 

Uroloji cərrahiyyədə

bir çox yeniliklər Cavadzadənin adı ilə bağlıdır

Təsadüfi deyil ki, Azərbaycan səhiyyəsində böyrək xəstəliklərinin profilaktikası problemlərinin həllindən, urologiyanın inkişafından söz düşəndə, ilk növbədə, mərhum akademik Mirməmməd Cavadzadə xatırlanır. Təbabətin bu sahəsində institut və elmi mərkəz yaradılması, kafedra və şöbələrin açılması, hemodializ, mürəkkəb  böyrək əməliyyatlarının aparılması məhz onun elmi axtarışlarının və misilsiz zəhmətinin bəhrəsidir.

Ötən əsrin 50-ci illərindən urologiyanın qlobal və təxirəsalınmaz problemlərinin həlli yollarının axtarışına çıxan gənc alim bu sahənin inkişafını anesteziologiya-reanimotologiya ilə əlaqələndirirdi. O, urologiya təcrübəsində ilk dəfə olaraq prostat vəzi və sidik kisəsində cərrahi əməliyyat zamanı çanaq sümükdaxili anesteziya tətbiq edib. Gərgin  axtarışlar nəticəsində belə bır qənaətə gəlib ki, uroloji əməliyyatların geniş spektrinə yalnız birdəfəlik seçilmiş anestezioloji təminat vermək mümkün deyil. Xəstələrin vəziyyətindən və cərrahi müdaxilənin spesifik xüsusiyyətlərindən asılı olaraq, ağrısızlaşdırmanın daha əlverişli üsullarından istifadə edilə bilər.

1958-ci ildə keçmiş Sovet İttifaqında hemodializ əməliyyatının ilk seansında iştirak edən həkimlərdən biri olan Mirməmməd Cavadzadə sonralar Azərbaycanda həmin əməliyyatın əsasını qoyub. 1965-ci ildə ilk dəfə xəstənin aydın olmayan diaqnozunun aortoqrafiyasını aparıb. Bundan bir il sonra isə onun təşəbbüsü və rəhbərliyi ilə keçmiş SSRİ-də ilk dəfə məhz Bakıda ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi - Respublika Kliniki Uroloji Xəstəxanası yaradılıb.

Cənubi Qafqazda ilk böyrək

köçürməsini Cavadzadə aparıb

1971-ci ildə Mirməmməd Cavadzadənin rəhbərliyi ilə Cənubi Qafqazda ilk dəfə terminal böyrək çatışmazlığı zamanı böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. Ölmüş insandan götürülmüş böyrəyin xəstəyə köçürülməsi urologiyada yeni bir mərhələ kimi qiymətləndirilib. O, 1971-1984-cü illərdə 30 böyrək köçürülməsi əməliyyatı aparıb...

Dünya şöhrətli cərrah-uroloq, keçmiş SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Mirməmməd Cavadzadə həkimlik fəaliyyətində çox belə yeniliklərə imza atıb. Onun müəllimi məşhur uroloq A.Y.Pitel Cavadzadənin işlədiyi xəstəxananı “uroloji fikirlər ocağı” adlandırmışdı.

Görkəmli böyrək cərrahının şöhrəti keçmiş Sovet İttifaqının hər yerinə yayılır və yüzlərlə xəstə şəfa tapmaq ümidi ilə ona üz tuturdu. Cavadzadə onların hər birinə diqqətlə, son dərəcə həssaslıqla yanaşırdı. Onun zəngin təcrübəsi və hərtərəfli dərin biliyi xəstəyə operativ diaqnoz qoymağa, vəziyyətin ağırlaşmasının əsas amillərini düzgün təyin etməyə imkan verirdi. Professorla ünsiyyətdən sonra ən ağır vəziyyətdə olan xəstələrin də qəlbində ümid qığılcımları parlayırdı.

Dərin elmi intuisiyaya, analitik təfəkkürə, fenomenal yaddaşa, heyrətamiz əməksevərliyə və xüsusi təşkilatçılıq bacarığına malik olan Mirməmməd Cavadzadə ölkəmizdə böyrək xəstəliklərinin geniş yayılmasının səbəbləri haqqında danışarkən deyirdi ki, buna bir çox amillər - ekologiya, qidalanma, suyun tərkibi, iqlim, xüsusən milli mətbəx və digər amillər təsir göstərir. İrsi xəstəliklər, qohum nikahlardan dünyaya gələn uşaqlarda da xəstəliyə daha tez-tez təsadüf edilir.

1974-cü ilin dekabrında ümummilli lider Heydər Əliyev onu Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin etdi. M.Cavadzadənin rəhbərliyi dövründə institutun maddi-texniki bazası möhkəmləndirildi, tədris-pedaqoji hazırlığın səviyyəsi yüksəldildi, kadr potensialı əsaslı şəkildə gücləndirildi. Məhz onun təşəbbüsü ilə ixtisasdəyişmə və yenidən hazırlıq kursları dövrün tələblərinə uyğunlaşdırıldı, tədris proqramları təkmilləşdirldi, müdavimlərin praktik vərdişlərə yiyələnməsinə diqqət artırıldı. Tədris prosesini daim nəzarətdə saxlayan rektor müdavimlərlə görüşərək onların problemləri ilə maraqlanır, dəyərli məsləhətlər verirdi. Eyni zamanda, institutda aparılan elmi-tədqiqat işlərinin miqyası ilbəil genişləndirilirdi. Bütün bunların nəticəsində tibb ocağı istər kadrların ixtisaslarını artırılması, istərsə də elmi axtarışlar baxımından öncül mövqeyə çıxdı.

Cavadzadənin rəhbərliyi ilə

50-dən çox elmlər doktoru yetişib

Akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə institutda nefrologiya, anesteziologiya və reanimatologiya kafedrası yaradıldı. Həmin dövrdə 51 nəfər elmlər doktoru və 152 nəfər isə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdi, bir çox monoqrafiya, dərslik, metodiki tövsiyə və 700-dən artıq elmi məqalə dərc olundu.

Respublika Uroloji Klinikasının bazasında 1972-ci ildə Uroloqların I Ümumittifaq qurultayı, 1976-cı ildə Ümumittifaq Nefroloqlar Cəmiyyətinin İdarə Heyətinin III plenumu, 1979-cu ildə orqan və toxumaların transplantasiyası üzrə VIII Ümumittifaq qurultay-konfransı, 1980-ci ildə nefroloqların VIII Ümumittifaq qurultayı, 1984-cü ildə hemodializ üzrə Sovet - Yapon Simpoziumu, 1987-ci ildə isə gənc alim uroloqların Ümumittifaq məktəb-seminarı keçirildi.

Onun xalqımızın ümummilli lideri Heydər Əliyevlə münasibətləri ötən əsrin 60-cı illərindən başlayıb. Heydər Əliyev respublika rəhbəri seçiləndən sonra daha tez-tez ünsiyyət saxlayıblar və Ulu Öndər onun təşəbbüs və fikirlərini həyata keçirməsi üçün hərtərəfli şərait yaradıb. Müxtəlif vaxtlarda Azərbaycanda keçirilən uroloji qurultay, konfrans və tədbirlər məhz Heydər Əliyevin xeyir-duası ilə baş tutub. Uroloqların Bakıda keçirilən I qurultayından sonra respublika rəhbərinin qurultay iştirakçılarından bir qrupunu qəbul etməsini Mirməmməd müəllim həmişə xatırlayırdı:

- Qurultaydan sonra Heydər Əliyev bizi qəbul etdi. O, uroloq deyildi, nefroloq da deyildi. Mən isə onun üçün heç bir çıxış hazırlamamışdım. Ancaq o, bizi dinləyəndən sonra keçmiş SSRİ-də və dünyada urologiyanın vəziyyətini elə təhlil etdi ki, hamımız heyran qaldıq. Heydər Əliyevin kabinetindən çıxandan sonra müxtəlif ölkədən olan akademik dostlarım məni qucaqlayıb dedilər: sənin bəxtin gətirib ki, belə bir katiblə işləyirsən. Mən onda bir daha yəqin etdim ki, Heydər Əliyev doğrudan da fenomen şəxsiyyətdir.

Sonralar böyük liderlə böyük alimin əməkdaşlığı nəticəsində ölkə səhiyyəsi üçün çox gərəkli və vacib işlər görüldü. 1980-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutunun 450 yerlik mehmanxana tipli müasir çoxmərtəbəli yataqxanasının tikilməsi, həmin il Bakıda nefroloqların VIII Ümumittifaq qurultayının keçirilməsi, 1998-ci ildə institutda tibb fakültəsinin açılması - bunların hamısı Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib.

SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Avropa və  Beynəlxalq  uroloqlar cəmiyyətinin üzvü, Çexiyanın Tibb və Bolqarıstanın Uroloqlar cəmiyyətlərinin fəxri üzvü seçilən Miməmməd Cavadzadənin şəxsi rəhbərliyi ilə 17 elmlər doktoru, 71 elmlər namizədi yetişib.

Cavadzadə 15 min xəstəni

ölümün astanasından qaytarıb

Urologiya və operativ nefrologiyanın müxtəlif sahələrində aparılmış elmi işlərə görə ona SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları verilib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə  tibb elminin inkişafındakı böyük xidmətlərinə görə Mirməmməd Cavad oğlu Cavadzadə “İstiqlal” ordeni ilə təltif edilib, Respublika Klinik Uroloji Xəstəxanasına onun adı verilib, yaşadığı binaya (Tərlan Əliyarbəyov küçəsi, 2) xatirə lövhəsi vurulub.

Urologiya elminə bir sıra yeniliklər gətirmiş Mirməmməd Cavadzadənin övladları ata yolunun layiqli davamçılarıdır. Samir tibb elmləri doktoru, professordur, Mirriyad isə dəri-zöhrəvi xəstəlikləri sahəsini seçib, tibb elmləri doktorudur. Böyük nəvəsi Mirməmməd İngiltərədə tibbi təhsil alır.

Akademik Mirməmməd Cavadzadə, öz sözləri ilə desək, 15 min xəstə üçün “doğma adama” çevrilmişdi. Onun yoxluğundan 9 il ötür. Amma şəfa verdiyi yüzlərlə, minlərlə insanın ömründə yaşayır. Əsl insan ömrünün mənası, xüsusən həkim xoşbəxtliyi də elə budur.

AZƏRTAC

Read 23 times