XƏBƏR LENTİ

Cümə, 17 Fevral 2017 09:09

Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun birgə icra etdiyi layihələrin mövcud vəziyyəti müzakirə olunub

Fevralın 16-da kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakla görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin müvafiq şöbələri və qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə FAO ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə icra etdiyi layihələrin mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir Heydər Əsədov FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib və gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verildiyini bildirib. Hazırda aqrar sahədə FAO ilə birgə reallaşdırılan layihələrin səmərəliliyini qeyd edən nazir əməkdaşlığın bundan sonra da davam etdirilməsinin labüdlüyünü vurğulayıb.

Heydər Əsədov bu əməkdaşlığın davamı kimi qoyunçuluğun, baramaçılığın inkişafı istiqamətlərində, həmçinin arıçılıq və süni mayalandırma sahələrində layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.  

“Fermer və sahibkarlarımız FAO ilə birgə həyata keçirilən layihələrin nəticələrindən bəhrələnirlər. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanda kənd təsərrüfatının ümumi inkişafına da öz töhfəsini verir”, - deyə nazir əlavə edib.

Həyata keçirilən layihələrin səmərəsindən danışan FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak yeni layihələrin reallaşdırılması üçün səylərini əsirgəməyəcəyini bildirib.

AZƏRTAC

 

 

 

Read 11 times