XƏBƏR LENTİ

Cümə, 17 Fevral 2017 09:02

Azərbaycan və İran hüquqi sahədə səmərəli əməkdaşlıq edir

Mehriban dostluq və qonşuluq şəraitində Azərbaycan-İran əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir. Zəngin müqavilə bazasına söykənən bu münasibətlərdə hüquq əməkdaşlığı da xüsusi yer tutur. Ölkələrimiz hüquqi yardım, məhkumların verilməsi, təslimetmə üzrə dövlətlərarası müqavilələr əsasında səmərəli qarşılıqlı fəaliyyət həyata keçirir, eyni zamanda, 2004-cü ildə Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

 

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməkdaşlığın davamı olaraq fevralın 16-da İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədi rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Səfər zamanı iranlı nazir Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. 

Qonaq, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və İranın ədliyyə naziri Mustafa Purməhəmmədinin görüşü keçirilib.

 

 

Ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan Azərbaycanın ədliyyə naziri ikitərəfli əlaqələrin möhkəmlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin müstəsna xidmətlərini qeyd edib, dövlət başçılarının müntəzəm qarşılıqlı səfərlərinin bu əlaqələrin genişləndirilməsinə böyük təkan verdiyini bildirib. Həmçinin hüquqi əlaqələrin inkişafından məmnunluq ifadə edilərək, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə aparılan genişmiqyaslı tədbirlər və yeniliklər barədə məlumat verib, dövlətimizin başçısının bu günlərdə imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ilə bu islahatların yeni mərhələyə keçdiyini qeyd edib. Həmçinin Azərbaycan brendi olan və ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi “ASAN xidmət”in vətəndaş məmnunluğunu təmin edən fəaliyyətindən bəhs olunub.

Əvvəllər Azərbaycanda olduğunu, qardaş ölkəyə yenidən səfər etməsindən məmnunluğunu bildirən nazir M.Purməhəmmədi Prezident İlham Əliyev tərəfindən qəbul olunmasından şərəf duyduğunu, ötən dövrdə respublikamızda baş verən böyük dəyişikliklərdən, hərtərəfli inkişafın, sabitliyin və təhlükəsizliyin təmin edilməsindən şad olduğunu vurğulayıb, səmimi qonaqpərvərliyə və səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını ifadə edib.

Qonaq tarixən bir-birinə yaxın olan xalqlarımız arasında əlaqələrin möhkəmləndiyini, siyasi, iqtisadi, hüquqi sahələrdə günbəgün inkişaf etdiyini vurğulayıb, iki ölkənin ədliyyə orqanlarının səmərəli qarşılıqlı fəaliyyətini qeyd edərək bu əlaqələrin genişləndirilməsi ilə bağlı niyyətini bildirib.

Nazir M.Purməhəmmədi Azərbaycanın ədliyyə və məhkəmə sahəsindəki nailiyyətlərinin, bu sahədə müsbət təcrübəsinin maraq doğurduğunu, təqdirəlayiq olduğunu vurğulayıb, öz ölkəsinin ədliyyə və məhkəmə-hüquq sistemi barədə məlumat verərək, təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib.

Söhbət zamanı, həmçinin dünyada terrorizmə qarşı mübarizəyə toxunularaq, Azərbaycanın erməni terrorizmindən əziyyət çəkdiyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb. İran tərəfi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdar olduğunu, ölkəmizin haqlı mövqeyini dəstəklədiyini bildirib.

Sonra Azərbaycan və İran Ədliyyə nazirlikləri arasında hüquqi sahədə əməkdaşlığın genişləndirilməsini, o cümlədən insan hüquqları, hüquqi yardım, məhkumların verilməsi, ədliyyə işçilərinin və hakimlərin tədrisi, müxtəlif sahələr üzrə birgə tədbirlərin təşkili məsələlərini təşviq edən Birgə Bəyanat imzalanıb. Tərəflər sənədin əlaqələrimizin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib, media nümayəndələrinə müsahibə veriblər.

Görüşdə İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə iştirak edib.

Qonaqlar nazirlikdə ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-İran münasibətlərinə həsr edilmiş ekspozisiyalarla tanış olub, nümayəndə heyətinə müasir ədliyyə fəaliyyətini, həmçinin iki ölkə arasında hüquqi əlaqələri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi jurnallar təqdim edilib.

Həmin gün nazir M.Purməhəmmədinin, həmçinin Ali Məhkəmədə görüşü olub. Səfər çərçivəsində İran nümayəndə heyətinin, Milli Məclisdə, Daxili İşlər Nazirliyində rəsmi görüşləri, ölkəmizdə məhkəmə-hüquq islahatlarına maraq göstərərək Yasamal Rayon Məhkəməsinin müasir binası və elektron məhkəmə informasiya sistemi, habelə “ASAN xidmət”in fəaliyyəti, eləcə də Bakının tarixi və mədəni abidələri, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanışlığı nəzərdə tutulur.

AZƏRTAC

 

 

 

Read 10 times