XƏBƏR LENTİ

Cümə, 17 Fevral 2017 08:47

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Bakı Dövlət Universitetinin kafedrasının filialı açılıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma uyğun olaraq Səhmdar Cəmiyyətin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunda BDU-nun Hidrometeorologiya kafedrasının filialı fəaliyyətə başlamışdır.

Bu münasibətlə keçirilən tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə məlumat vermişdir. Səhmdar Cəmiyyətin sədri bildirmişdir ki, ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə su sektoru, o cümlədən, içməli su təchizatı və tullantı sularının idarə edilməsinə xüsusi diqqət yetirilmişdir. Su sektoru üçün strateji hədəf kimi “Yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması” və “Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi” hədəfləri müəyyən olunmuşdur. Sənəddə kadr potensialının təkmilləşdirilməsi də prioritet məsələ kimi qarşıda qoyulmuşdur. Elmi potensialın gücləndirilməsi, kadr hazırlığı və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi ilə “Azərsu” ASC Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti ilə sıx əməkdaşlıq edir.

Hazırda “Azərsu” ASC-də BDU-nun məzunu olan 269 əməkdaşın çalışdığını xatırladan Səhmdar Cəmiyyətin sədri 2014-2016-cı illərdə universitetin Geologiya, Ekologiya və torpaqşünaslıq, Kimya fakültələri üzrə 69 tələbəsinin istehsalat təcrübəsinə, 10 nəfərin isə “Yay məktəbi” proqramına cəlb olunduğunu diqqətə çatdırmışdır.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ölkəmizdə su təsərrüfatı sektoru üçün kadr hazırlığında BDU-nun xüsusi rolu olduğunu bildirmişdir. Abel Məhərrəmov qeyd etmişdir ki, filialın yaradılmasında əsas məqsəd BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsidir. Filialın yaradılması tələbə, magistr və doktorantların praktiki bilik, bacarıq və vərdişlərinin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması baxımından da əhəmiyyətlidir.

Qeyd olunmuşdur ki, “Sukanal” ETLİ-də BDU-nun Hidrometeorologiya kafedrasının filialının açılması ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyur və hər iki tərəf bundan faydalanacaqdır. İlkin mərhələdə filialda 2 ixtisas - “Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi” və “Hidrologiya” üzrə bir sıra fənlər tədris olunacaqdır.

24 yanvar 2014-cü il tarixdə “Azərsu” ASC ilə BDU arasında imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memorandum “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini nəzərdə tutur.

Nurəngiz Adilqızı,

“Respublika”

Read 27 times