XƏBƏR LENTİ

Cümə, 17 Fevral 2017 08:45

Namiq Əsgərov: Prezidentin Sərəncamı dövlətimizin humanist siyasətinin növbəti təzahürüdür

Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə bağlı AZƏRTAC-a müsahibə verib. Azərbaycan Prezidentinin müvafiq Sərəncamının əhəmiyyətini və onunla bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələri şərh edən Namiq Əsgərov deyib:

 

-Dünyada və regionda ölkələrin inkişafına neqativ təsirə malik faktorların mövcudluğuna baxmayaraq, respublikamızın dayanıqlı tərəqqisi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik dövlət siyasətinin, hərtərəfli və genişmiqyaslı mühüm islahatların nəticəsində mümkün olub. Təsadüfi deyil ki, bu islahatlar ölkə həyatının bütün sahələrini, dövlət idarəetməsini, hüquq sistemini, normativ tənzimetməni və sair məsələləri əhatə etməklə daha intensiv şəkildə həyata keçirilir. Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı vaxtında qəbul edilmiş, mühüm məsələləri əhatə etməklə onların həlli yollarını müəyyənləşdirən proqram xarakterli çox aktual bir sənəd olmaqla, ölkədə ardıcıl həyata keçirilən sistemli hüquqi islahatların növbəti mərhələsinin əsasını qoyub. Sərəncamın məzmunundan və mahiyyətindən də göründüyü kimi bu mühüm sənədin əhəmiyyəti qeyd olunanlarla məhdudlaşmır. 

Sərəncam ölkənin hüquq sisteminin müasir dövrün ən yüksək tələbləri səviyyəsində yenilənməsinin və təkmilləşdirilməsinin strateji istiqamətlərini müəyyən edən, bu sahədə yol xəritəsi əhəmiyyətinə malik dövlət sənədidir. Burada dövlətimizin həyata keçirdiyi sosialyönümlü siyasətə tam uyğun olaraq insan və vətəndaşın əmin-amanlığına və mənafeyinə xüsusi önəm verilir. Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması, yəni cinayət hesab edilməyərək həmin əməlləri törədən şəxslər barədə daha yüngül məsuliyyət növlərinin tətbiqi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olan bu Sərəncamın əsas tələbi ondan ibarətdir ki, cinayət təqibi və cəzaların icrası prosesində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan vasitələrindən daha çox istifadə edilməklə həbslə bağlı tədbirlərin tətbiqi məhdudlaşdırılsın.

Sərəncamda nəzərdə tutulan bir sıra mühüm məsələlər prokurorluq orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olduğundan qarşımızda çox ciddi vəzifələr müəyyən edilib. Belə ki, Sərəncamın 10-cu bəndində prokurorluq orqanlarına digər müvafiq dövlət orqanları ilə yanaşı, cinayətlərin, xüsusi ilə iqtisadi cinayətlərin dekriminallaşması, cinayətlərin törədilməsinə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların tətbiqi əsaslarının genişləndirilməsi, cinayət zamanı vurulmuş ziyan tam ödənilirsə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, habelə həbsə alternativ qətimkan tədbirlərinin tətbiq edilməsi əsaslarının genişləndirilməsi, cinayətlərin ağır olmayan növlərinə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmasına, digər məsələlərə dair qısa müddət ərzində qanun layihələrinin hazırlanıb təqdim olunması tapşırılıb.

Azərbaycan Respublikası Ali Məhkəməsi və Ədliyyə Nazirliyi ilə birlikdə üzərimizə düşən, Sərəncamdan irəli gələn bu vəzifələrin icrası ilə bağlı Baş prokurorun və həmin orqanların rəhbərlərinin imzaladığı birgə əmrlə geniş tərkibdə birgə işçi qrupu yaradılaraq fəaliyyətə başlayıb.

Sərəncamın 12-ci bəndində həbs qətimkan tədbirinin seçilməsi hallarının məhdudlaşdırılması ilə bağlı prokurorluq orqanlarına xüsusi tövsiyə edilib ki, onlardan irəli gələn mühüm vəzifələrin icrası istiqamətində səmərəli tədbirlər həyata keçirilməklə Baş Prokurorluq üzrə müvafiq əmrlərə bir sıra dəyişikliklər və əlavələr hazırlansın.

Bu vəzifələrin icrasının təmin edilməsi üçün Baş prokuror Zakir Qaralovun 2017-ci il 10 fevral tarixli müvafiq Sərəncamı ilə mənim rəhbərliyimlə işçi qrupu yaradılaraq konkret tapşırıqlar verilməklə 20 gün ərzində müvafiq qanun layihələrinin hazırlanması həvalə edilib.

Bununla yanaşı, Prezidentin qeyd olunan Sərəncamından irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi yollarının və mexanizminin müəyyən edilməsi ilə bağlı prokurorluqda müvafiq vəzifəli şəxslərin iştirakı ilə bir neçə əməliyyat müşavirələri keçirilib. Həmçinin fevralın 16-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, digər hüquq-mühafizə orqanlarının, onların istintaq qurumlarının nümayəndələrinin iştirakı ilə geniş iclas olub. İclasda Baş prokuror tərəfindən istintaq qurumlarına cinayət işlərinin istintaqı zamanı, ilk növbədə, digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün nəzərdən keçirilməsi və yalnız bu, mümkün olmadıqda və qanuni əsaslar olduqda həbs qətimkan tədbirinin seçilməsinə, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə dair konkret göstərişlər verilib.

Sərəncamın icrası ilə bağlı görülən işləri qısa şəkildə qeyd etməklə demək istərdim ki, bu mühüm əhəmiyyətə malik dövlət sənədinin bütün tələblərinin tam və dəqiq icrasının təmin olunması istiqamətində intensiv tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

AZƏRTAC

 

 

 

Read 28 times