XƏBƏR LENTİ

Çərşənbə, 11 Yanvar 2017 07:42

Azərbaycan Tibb Universitetində görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illiyi qeyd edilib

Prezident İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanda görkəmli dövlət xadimi və alim Əziz Məmmədkərim oğlu Əliyevin 120 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri yanvarın 10-da Azərbaycan Tibb  Universitetində (ATU) keçirilib.

Tədbirdə çıxış edənlər  - ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov, akademiklər Böyükkişi Ağayev və Adilə Namazova və başqaları görkəmli dövlət və elm xadiminin tarixi xidmətləri barədə məlumat veriblər. Qeyd edilib ki, istedadlı təşkilatçı Əziz Əliyev elm, təhsil və səhiyyə sahələrində böyük uğurlar qazanıb. Görkəmli alim səhiyyənin maddi-texniki bazasının təkmilləşdirilməsi, peşəkar kadrların hazırlanması məsələlərinə böyük əhəmiyyət verirdi. Buna görə də Azərbaycan səhiyyəsinin bütöv bir dövrü onun adı ilə bağlıdır. Əziz Əliyevin tibbə aid, ana dilində nəşr edilmiş əsərləri milli səhiyyə tarixində mühüm yer tutur. Bundan əlavə, Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışarkən özünü təcrübəli dövlət xadimi və səhiyyə sahəsinin bacarıqlı təşkilatçısı kimi göstərib. Belə ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi 1942-1948-ci illərdə ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Dağıstan Vilayət Komitəsinin birinci katibi vəzifəsində çalışan bu görkəmli alimin adı ilə sıx bağlıdır.

1944-cü ildə Şimali Qafqaz xalqlarının çoxu kimi, Dağıstan sakinləri də Stalin dövrünün deportasiya qurbanlarına çevrilmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi Əziz Əliyev buna yol verməmək üçün çox səy göstərib. Əziz Əliyev müharibədən sonrakı dövrdə Dağıstanda xalq təsərrüfatının bərpasına və inkişafına, bu diyarın iqtisadiyyatının və mədəniyyətinin tərəqqisinə çox qiymətli töhfələr verib.

Əziz Əliyevin Vətən və xalq qarşısında dəyərli xidmətləri yüksək qiymətə layiq görülüb, Azərbaycanda və Rusiyada onun xatirəsi əbədiləşdirilib. Mahaçqalanın mərkəzində ona abidə ucaldılması, habelə 2016-cı il dekabrın 23-də Dağıstanın paytaxtında bu görkəmli dövlət xadiminin 120 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilməsi buna əyani sübutdur.

Natiqlər onu da qeyd ediblər ki, Əziz Əliyev 1935-1938-ci illərdə Azərbaycan Tibb İnstitutuna rəhbərlik edib, Azərbaycan SSR xalq səhiyyə komissarı, 1951-1959-cu illərdə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub. Böyük Vətən Müharibəsi iştirakçılarının istər Bakıda, istərsə də regionlarda yardıma ehtiyacı olduğu dövrdə Əziz Əliyev müharibə əlillərinin müalicəsi və tibbi bərpası məsələlərinə həsr edilmiş səyyar elmi konfranslar keçirirdi. 1952-ci ildə  Bakıda Zaqafqaziya və Şimali Qafqaz respublikalarının travmatoloq və ortopedlərinin elmi-praktik konfransının təşkil edilməsində Əziz Əliyevin böyük xidmətləri olub.

Natiqlər daha sonra qeyd ediblər ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tarixinin ən şanlı səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. 1962-ci ildə Əziz Məmmədkərim oğlu Əliyevin xatirəsinə ehtiram və onun xidmətlərinə dərin minnətdarlıq əlaməti olaraq bu instituta onun adı verilib. 

Tədbirdə Əziz Əliyevin mənalı ömür yolu və çoxşaxəli siyasi fəaliyyəti barədə fotoslayd nümayiş etdirilib.

Alimin nəvəsi Tamfira Əliyeva babasının xatirəsinə göstərilən diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

 

AZƏRTAC

Read 22 times