XƏBƏR LENTİ

Çərşənbə axşamı, 10 Yanvar 2017 05:48

Balakəndə qışa hazırlıq qənaətbəxşdir

Ölkəmizin şimal-qərb qapısı sayılan Balakən özünün relyefi, coğrafi şəraiti, iqlimi ilə digər bölgələrimizdən seçilir. Rayonda son vaxtlarda dövlət qayğısı nəticəsində qazlaşma tədbirlərinin həyata keçirilməsi əhalinin qış qayğılarını xeyli azaltmışdır. Lakin buna baxmayaraq, hələ ötən ilin sentyabr ayında Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında şurada qış mövsümünə hazırlıqla əlaqədar məsələlər geniş müzakirə edilmiş, bir sıra qərarlar qəbul edilmişdir. Həmin vəzifələrin icrası istiqamətində görülmüş işlərə bu gün ciddi nəzarət olunur və qışlamanın mütəşəkkil keçməsi üçün bütün qurumlar səfərbər edilmişdir. Balakən Rayon İcra Hakimiyyəti başçısının şəhər icra nümayəndəsi Telman Bayramov şəhərdə görülən işlərlə bağlı bizimlə söhbətində bildirdi ki, rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində cari ilin qış mövsümünü uğurla başa vurmaq üçün bütün aiddiyyəti qurumların qüvvəsi bu vacib məsələyə yönəldilmişdir.

Daha sonra öyrəndik ki, rayon təhsil şöbəsinin tədbirlər planına əsasən, qış mövsümündə istilik sistemi duru yanacaq və odunla qızdırılacaq müəssisələr müəyyənləşdirilmişdir. Rayonun məktəblərindən 14-ü istilik sistemi qazla, 12 məktəbin dizel yanacağı ilə, digər məktəblərin odun yanacağı ilə qızdırılması nəzərdə tutulmuşdur. İstilik sistemi qazla işləyən məktəblərdən 4-nün qaz sayğaclarının təmiri üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmışdır. 5 məktəbdənkənar uşaq müəssisələrinin qızdırılması üçün duru yanacaq növü təyin edilmişdir. Rayonun 5 məktəbində büdcə vəsaiti hesabına, digər məktəblərdə daxili imkanlar hesabına cari təmir işləri aparılmışdır.

1 saylı Texniki Peşə məktəbində isitmə sistemi tamamilə yeniləri ilə əvəz edilmiş, Kombi tipli qızdırıcı cihaz quraşdırılmışdır.

Mərkəzi rayon xəstəxanası mərkəzləşmiş isitmə sistemi ilə qızdırılır. Qış mövsümü ilə əlaqədar mərkəzi xəstəxanada tibb müəssisələrinin rəhbərləri ilə müşavirələr keçirilmiş, şöbələrin, kabinetlərin yanğın təhlükəsizliyi yoxlanılmış, cavabdeh şəxslər təyin edilmiş və müvafiq tapşırıqlar verilmişdir. Şöbələr 20 ədəd yeni yanğınsöndürmə balonları ilə təmin edilmiş, tez alışan, partlayış təhlükəsi olan dərman vasitələrinin saxlanılma şəraitinə nəzarət artırılmışdır. 14 həkim tibb məntəqəsində və 15 tibb müəssisəsində qışlama ilə əlaqədar duru və odun yanacağı nəzərdə tutulmuşdur. 2016-cı ildə baş vermiş qasırğa zamanı MRX-ya dəymiş zərər rayon icra hakimiyyəti və Səhiyyə Nazirliyinin köməkliyi ilə aradan qaldırılmışdır.

Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan Mədəniyyət Mərkəzi, H.Əliyev Mərkəzi və Tarix-diyarşünaslıq muzeyi, istilik sistemi ilə, şəhər və kənd kitabxanaları, Qabaqçöl qəsəbə musiqi məktəbi dizel yanacağı ilə Mərkəzi kitabxana isə kondisionerlə qızdırılır. Cari ildə MKS-nin dam örtüyü təzələnmiş, binanın daxilində cari təmir işləri aparılmışdır. Binanın isidilməsi üçün kombi quraşdırılmışdır.

Balakən Rayon Qaz İstismar Sahəsi tərəfindən də qış mövsümü ilə əlaqədar müəyyən işlər görülmüşdür. Belə ki, Katex, Cederovtala kəndlərində və 28 May küçəsində qaz paylayıcı məntəqələrdə mövcud olan RUDUK -200 markalı qaz tənzimləyicilər mexaniki qarışıqlardan təmizlənmiş, uyğun rejimdə təzyiqi vermək üçün saz vəziyyətə gətirilmişdir. Xidmət sahəsinin balansında olan 559 ədəd siyirtmə, 101 ədəd TT, 33 ədəd ŞQTM tipli qaz tənzimləyicilər üzrə tərtib olunmuş qrafik əsasında təmir və texniki qulluq işləri aparılmışdır. Şəhərin S.Gözəlov, A.Məmmədov  küçələrində həyətdən keçən təmir-texniki qulluq işlərinin aparılması mümkün olmayan diametri-32, diametri-40 millimetrlik qaz xətləri küçəyə çıxarılmaqla, antipas boya ilə rənglənmişdir. Şəhərin Xanlar küçəsində 35 abonentin təbii qazdan təhlükəsiz istifadəsini təmin etmək üçün köhnə, istismara yararsız  tənzimləyicilərin yerinə yeni fərdi tənzimləyiciləri quraşdırılmışdır. Poştbinə kəndinin meşə ərazisindən keçən d-160 mm-lik orta təzyiqli qaz xəttinin çay hövzəsindən keçən hissəsi 2,5 metr dərinliyə salınaraq qaz təchizatının etibarlılığı təmin edilmişdir. Şəhərin Füzuli küçəsində 207 metr yeni diametri-57 millimetrlik qaz xətti çəkilmişdir. T.Musayev küçəsində 300, İstiqlal küçəsində 200 metr, Niyazi küçəsində 350 metr, R.Behbudov küçəsində 200 metr və R.Cirinqov küçəsində 350 metr qaz xətləri dayaqlar üzərinə qaldırılıb səliqəyə salınmışdır.

Rayon ərazisində mövcud olan 773854 metr yeraltı polietilen, 333881  poqonmetr yerüstü qaz xətlərinə baxış keçirilmiş, mövcud qaz sızmaları aradan qaldırılmışdır. 146 mənzil qazlaşdırılaraq istismara verilmişdir.

Əhali abonentləri üzrə istismar müddəti bitmiş 93 sayğac yenisi ilə əvəz edilmişdir.

Rayon İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən balansında və xidmətində olan 6 qazanxanada işləyən 8 ədəd odluq və 4 ədəd su qızdırıcı kombilər yoxlanılmışdır ki, bu da qazanxanaların mövsüm ərzində fasiləsiz işləməsini təmin edir. Qazanxanalarda olan 600 metr qaz xətləri və 350 metr yüksək və aşağı gərginlikli işıq xətləri yoxlamadan keçirilmişdir. 210 metr müxtəlif ölçülü istilik xətləri təmir edilmişdir. Qazanxanalarda 10 ədəd siyirtmə əsaslı təmir edilmiş və 3 ədəd siyirtmə dəyişdirilərək köhnəsi yenisi ilə əvəz olunmuşdur. Qazanxanalarda olan su yumşaldıcı qurğulara katanit tozu dəyişdirilmiş, 2 konturlu sistemdə 2 ədəd esenjorların yoxlanması təmin olunmuşdur.

Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə, Meşələrın İnkişafı Departamenti tərəfindən bu mövsümdə 1038 kubmetr odun ayrılmış, ondan 200 kubmetr odun hərbi hissələrə, qalan odun isə odun yanacağı ilə qızdırılan idarə, müəssisə və təşkilatları, eyni zamanda məktəblərin tələbatının ödənilməsi məqsədilə bölgü əsasında buraxılmışdır.

15 N-li Yol İstismarı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin xidmət etdiyi avtomobil yollarının və yol qurğularının qış mövsümü ilə əlaqədar texnika saz vəziyyətə gətirilmiş, yol fəhlələri, sürücülər xüsusi geyimlərlə təchiz edilmiş, yollarda sürüşmənin qarşısının alınması üçün 1800 litr yanacaq, 150 kubmetr qum və 15 ton texniki duz ehtiyatı yaradılmışdır.

Balakən Sukanal İdarəsi tərəfindən qış mövsümünə hazırlıqla əlaqədar su anbarları lildən təmizlənmiş, yuyulmuşdur. Su mənbəyi və mənbəyə gedən yollar təmir edilmişdir. Sarıbulaq, Gərəkli, Xalatala, Qullar kəndlərində su xətlərində təmir işləri aparılmış və baş verən qəzalar aradan qaldırılmışdır.

Bundan əlavə, kanalizasiya xətlərində də təmir işləri həyata keçirilmişdir.

Balakən Rayon Mənzil İstismar Müəssisəsi qışa hazırlıqla əlaqədar şəhərin Ə.Ansuxski küçəsi 1 saylı kommunal yaşayış binasına və H.Əliyev küçəsi 41 saylı binanın həyətində mənzilləri qızdırmaq məqsədilə qazanxanalar tikilmiş, mənzillərə istilik sistemləri çəkilmişdir.

Nəzərdə tutulmuş işləri uğurla başa vurmaqdan ötrü rayon icra hakimiyyətində xüsusi qərargah yaradılmışdır.

Bir sözlə, Balakəndə qışa hazırlıqla bağlı həyata keçirilmiş tədbirlər rayonda qış mövsümünü mütəşəkkil başa vurmağa şərait yaratmışdır.

İlham PƏNAHOV,

“Respublika”.

 

 

 

Read 48 times